Məhkəmə qərarları › İş №2(002)-350/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-350/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-350/2021 10.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı MMC-nin qanuni təmsilçisi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1100 (min yüz) ABŞ dolları pulun (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 1100 (min yüz) ABŞ dolları əsas borcun, 165 (yüz altmış beş) ABŞ dolları Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% ilə hesablanmış faiz borcunun (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı MMC-nin qanuni təmsilçisi X6 izahat verərək bildirdi ki, cavabdeh tərəfindən İddiaçı MMC-dən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədi ilə aviabilətlər sifariş verilmiş, nəticədə cavabdehin 1100 (min yüz) ABŞ dolları məbləğində borcu yaranmışdır. Belə ki, İddiaçı MMC sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş, sifariş edilən istiqamətlərdə və tarixlərdə elektron aviabiletləri vaxtında təqdim etmiş, cavabdeh tərəf də həmin aviabilətlər üzrə uçuşlarını həyata keçirmişdir. Lakin İddiaçı MMC-nin cavabdehin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəf bugünə qədər istifadə etdiyi xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərinə düşən öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh tərəfindən sifariş edilən və vaxtında icra edilən xidmətlərin dəyərinin ödənilməməsi, iddiaçı təşkilatın qanunla qorunun hüquqlarının pozulmasına və ona maddi ziyanın dəyməsinə səbəb olur. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Əlavə olaraq bildirir ki, bundan əvvəl 2019-cu ildə eyni tələblə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsində eyni cavabdehə və digərlərinə qarşı iddia tələbinə baxılarkən, cavabdeh tərəf xidmətdən istifadə etdiyini etiraf etmiş, lakin nə həmin mülki iş üzrə, nə də hazırki mülki iş üzrə göstərilən xidmətin dəyərinin ödənilməsi barədə hər hansı sübut təqdim etməmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5, 188.3-cü maddələrinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli, 103 saylı hesab vərəqinin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə Bakı-İstanbul-Adana istiqaməti üzrə və xx.xx.2017-ci il tarixdə Adana-İstanbul-Bakı istiqaməti üzrə aviabiletlərə görə göstərilmiş xidmətlərin dəyəri 1100 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli elektron bilet məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə Bakı-İstanbul-Adana istiqaməti üzrə və xx.xx.2017ci il tarixdə Adana-İstanbul-Bakı istiqaməti üzrə uçuş vaxtları qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixində İstanbul-Bakı istiqaməti üzrə aviabiletdən istifadə etmişdir. İş materiallarında olan “X10” Şirkətinin Azərbaycan Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh adlı sərnişin xx.xx.2017-ci il tarixində Adana- İstanbul marşrutu üzrə səyahət etmişdir. Sərnişin biletinin nömrəsi **********950-dir. İş materiallarında olan İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubunun və xəbərnamənin surətindən görünür ki, ödəniş barədə xəbərdarlıq məktubu xx.xx.2019-cu il tarixdə cavabdehə təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 836/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, cavabdehlər X1 1485 ABŞ dolları, X3 1605 ABŞ dolları, Cavabdeh 1100 ABŞ dolları, X2 5085 ABŞ dolları pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən həmçinin görünür ki, cavabdehin nümayəndəsi onun iddiaçının xidmətlərindən istifadə etdiyini təsdiq etmiş, lakin həmin xidmətlərin dəyərinin ödənildiyini bildirmiş, məhkəmə tərəfindən biletlərin pulunun ödənilməsi barədə hər hansı sübutun təqdim olunmadığı qeyd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5580/2020 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-836/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmış, iddiaçıya hər bir cavabdehə qarşı qanunla müəyyən edilmiş məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2017-ci il tarixdə Bakı-İstanbul-Adana istiqaməti üzrə və xx.xx.2017ci il tarixdə Adana-İstanbul-Bakı istiqaməti üzrə elektron aviabiletlər təmin edilmiş, cavabdeh tərəf həmin aviabiletlərdən istifadə etməklə müvafiq istiqamətlər üzrə səfərlərini həyata keçirmiş, lakin iddiaçı tərəfindən təqdim olunan həmin aviabiletlərin dəyərini (1100 ABŞ dolları) halhazıradək ödəməmişdir. Əvvəlki məhkəmə aktlarında tərəflərin izahatlarında qeyd olunanları da nəzərə almaqla məhkəmə həmçinin müəyyən edir ki, tərəflər arasında qeyd olunan sifariş üzrə xidmətin göstərildiyi mübahisə doğurmur, buna baxmayaraq cavabdeh tərəf həmin xidmətin ödənildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddia tələbi elektron aviabiletlərin təqdim olunması üzrə xidmətin dəyəri olan 1100 (min yüz) ABŞ dolları hissəsində əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 862.1-ci maddəsinə əsasən, turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 862.2-ci maddəsinə əsasən, turist xidmətlərinin məzmununa turist səfərinin əhatə etdiyi bir və ya bir neçə yerə aparma, habelə geriyə, səfərin başlandığı yerə gətirmə daxil ola bilər. Həmin Məcəllənin 862.3-cü maddəsinə əsasən, turist səfərinin təşkilatçısı turist xidmətlərinin göstərilməsinə dair müqavilə bağlayan hər hansı şəxsdir. Turist səfərinin təşkilatçısı özü daşıyıcı ola bilər və ya başqa turist xidmətləri göstərə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 94 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi” Qaydasının İİ hissəsinə görə, adi bilet (sərnişin bileti və baqaj qəbzi) - vərəqdə hazırlanaraq daşıyıcı tərəfindən təsdiq edilən, müqavilənin bağlanmasını və sərnişinin və onun baqajının hava ilə daşınması şərtlərini təsdiq edən, müəyyən edilmiş nümunədə daşıma sənədidir. Elektron bilet - daşıyıcının kompüter məlumat bazasında yerləşdirilən və hava daşıması haqqında müqavilə hesab edilən, adi aviabiletin elektron analoqudur. Bu bilet vərəqdə çap edilən adi aviabiletdəki məlumata analoji tam məlumatı əks etdirir və elektron ticarət haqqında qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada hava daşımalarının elektron satışı prosesində tətbiq edilir. Buna baxmayaraq, məhkəmə hesab edir ki, gecikməyə görə faiz məbləğinin tutulması hissəsində iddia əsassız hesab olunmalıdır. Belə ki, cavabdehin öhdəliyinin icrası müddəti dəqiq müəyyən edilməmiş, iddiaçının xəbərdarlıq məktubu isə cavabdehə yalnız 2019-cu ildə təqdim edilmiş, elə həmin ildə də tərəflər arasında məhkəmə mübahisəsi başlamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən - ödənilmiş tələblərin məbləğinə münasib olaraq təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1-ci madəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1100 (min yüz) ABŞ dolları məbləğində pul (icra gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) və 26 (iyirmi altı) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar