Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-351/2022 21.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.795 manat məbləğində dəymiş zərərin və ödənilmiş 57 manat 95 qəpik dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə dəymiş 3.795 manat məbləğində zərər, avtomobildə olan mallara dəymiş 3.666 manat məbləğində zərər olmaqla, cəmi 7.461 manat pul vəsaiti və ödənilmiş 114 manat 61 qəpik dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 06 noyabr 2021-ci il tarixdə saat 15:00 radələrində Cavabdeh ona verilmiş 18 may 2021-ci il tarixli etibarnaməyə əsasən idarə etdiyi «İveco Magirus» yük markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədərək iddiaçının mülkiyyətində olan «Mitsubishi Canter» yük markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Bundan sonra yol-nəqliyyat hadisəsi yerinə YPX əməkdaşları gəlmiş və Cavabdeh barəsində xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, onu İXM-nin 327.1-ci maddəsinə əsasən cərimələşmişlər. Bundan əlavə, Cavabdeh idarə etdiyi və hadisə törətdiyi avtomobilin hadisənin baş verdiyi tarixə icbari sığortası olmamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «Mitsubishi Canter» yük markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin hesablanması məqsədi ilə «Avtoservis 333»-ə müraciət edilmiş və tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən 3.795 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. Hal-hazırda cavabdeh tərəfindən vurulmuş zərərin aradan qaldırılması istiqamətində heç bir tədbir görülməmişdir. Bundan başqa, avtomobilin özünə dəymiş zərərlə bərabər həmin avtomobildə olan 5 ədəd kombi, 1 ədəd duş vannası, 2 ədəd təmizləyici vasitə və 1 ədəd kollektor qurğusu olmaqla (marka və modelləri, qiyməti iddia ərizəsinə əlavədə qeyd olunmuş) əşyalara 3.666 manat zərər dəymişdir. Avtomobilə və avtomobildə olan əşyalara cəmi 7.461 manat zərər vurulmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 06 noyabr 2021-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh tərəfindən idarə etdiyi «İveco Magirus» yük markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədilmişdir. Həmin YNH-ya dair xx.xx.2021-ci il tarixli İXP seriyalı, ******* saylı protokol tərtib olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 40 manat cərimə edilmişdir. Cavabdeh tərəfindən törədilmiş YNH nəticəsində İddiaçı mülkiyyətində olan «Mitsubishi Canter» yük markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuş, o cümlədən avtomobilin yük yerində olan 1 ədədinin qiyməti 700 manat olan 5 ədəd kombi, 1 ədədinin qiyməti 112 manat olan 1 ədəd duş vannası, 1 ədədinin qiyməti 2 manat 55 qəpik olan 2 ədəd təmizləyici vasitə, 1 ədədinin qiyməti 49 manat 30 qəpik olan 1 ədəd kollektor qutusu istifadəyə yararsız hala düşmüşdür. xx.xx.2021-ci il tarixli qüsur aktında (Avtoservis 333 tərəfindən tərtib olunmuşdur) qeyd edilmişdir ki, «Mitsubishi Canter» yük markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün ehtiyat hissələrinin alınmasına və ustaların zəhmət haqqı olmaqla, cəmi 3.795 manat pul vəsaiti tələb olunur. Hazırda cavabdeh nəqliyyat vasitəsinə vurduğu və nəqliyyat vasitəsinin yük yerində istifadəyə yararsız hala düşmüş əşyalara görə vurduğu ümumi zərərin əvəzini iddiaçıya ödəməkdən boyun qaçırır. Məhkəmə mülki işə obyektiv, hərtərəfli və tam şəkildə baxılması üçün müvafiq məhkəmə ekspertizası təyin edərək, ekspert qarşısında avtomobilə vurulmuş ziyanın məbləği ilə bağlı zəruri suallar qoymuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2022-ci il tarixli, 9/1629 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, «Avtoservis 333» şirkətinin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2004-cü buraxılışlı «Mitsubishi Canter» markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 3.495 manat müəyyən edilir (ekspert qarşısında qoyulmuş birinci sual üzrə). İddia ərizəsində göstərilən əşyaların nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3.666 manat müəyyən edilir (ekspert qarşısında qoyulmuş ikinci sual üzrə). Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Cavabdeh qeyd olunan avtomobilin təmir-bərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü, həmçinin avtomobilin yük yerində yararsız hala düşmüş əşyaların dəyərinin daha ucuz olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 114 manat 61 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 3.495 manat, avtomobilin yük yerində olan yararsız hala düşmüş əşyalara görə 3.666 manat və ödənilmiş 114 manat 61 qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Çünki, ekspert rəyinə əsasən avtomobilə dəymiş ziyanın məbləği 3.795 manat deyil, obyektiv qiymətləndirməyə görə 3.495 manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 3.495 manat, avtomobilin yük yerində olan yararsız hala düşmüş əşyalara görə 3.666 manat və ödənilmiş 114 manat 61 qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-351/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-351/2022
21.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver