Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-36/2023 05.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı Mehdiqulu oğlunun, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Mehdiqulu oğlunun Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mehdiqulu oğlu Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.267 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mehdiqulu oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş qayınanasıdır. Belə ki, o, cavabdehin qızı X9 ilə 19 oktyabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin tarixdə rəsmi qaydada nikahları qeydə alınsa da, toyları xx.xx.2019-cu il tarixdə olmuşdur. Qeyd edir ki, ailə qurduqları vaxtdan etibarən üç ay kirayədə yaşadıqdan sonra Cavabdeh və qayınatası Zehralı Hüseynov ona bildirmişlər ki, 2018-ci ildə "xxxx" Firması tərəfindən Sahil qəsəbəsində Ə.Gülbabayev küçəsində inşa edilmiş binanın 3-cü blokunda 14-cü mərtəbədə yerləşən, 54 m2 sahəsi olan 124 saylı mənzili almışlar. Həmin mənzil Cavabdeh adına alınsa da, əslində arvadı Vəfa üçün alınmışdır. Kirayədə qalmaqdansa həmin mənzil təmir etsin və ailəsi ilə birlikdə daimi olaraq həmin mənzildə yaşasınlar. Belə olan halda maddi imkanı yaxın gələcəkdə mənzil almağa imkan vermədiyindən, eləcə də işləmədiyi üçün mənzili təmir etməyə maddi imkanı olmadığından Cavabdeh və qayınatası Zehralı Hüseynovun həmin təklifini dayısı Allahverdi ilə və böyük qardaşı Samirlə məsləhətləşərək sonuncuların ona verəcəyi borc pul hesabına mənzilin onun hesabına təmir edilməsinə razılıq vermişdir. Bundan sonra dayısı və qardaşının verdiyi borc hesabına 2019-cu ilin sentyabr ayında həmin mənzilin təmirinə başlanılmış, təmir işləri həmin ilin dekabr ayının sonlarında başa çatmış və yeni il bayramını həmin mənzildə qeyd etmişlər. Tərəfindən həmin mənzilin təmirinə ümumilikdə 10.818 manat (həmin məbləğin 4.400 manatı ustaya verilmiş, 6.418 manat hissəsi isə təmir üçün mal-materialların alınmasına xərclənmişdir) pul vəsaiti sərf olunmuşdur. Həmçinin qeyd edir ki, tərəfindən həmin mənzilə dəyəri 779 manata kondisioner, hər birinin dəyəri 400 manat və 150 manat olmaqla, iki ədəd xalça və dəyəri 120 manata radiator qızdırıcı soba (ümumilikdə 1.449 manat) alınmışdır. Həmin mənzildə 2020-ci ilin avqust ayının son gününə kimi yaşamış və avqust ayının 31-də keçmiş arvadı X9 onu həmin mənzilə buraxmayaraq, ər-arvad kimi birgə yaşamayacaqlarını ona bildirmişdir. Daha sonra Cavabdeh da bir daha bu evdə yaşamayacağını ona bildirmişdir. Həmin gündən etibarən də bir daha həmin mənzildə yaşamamışdır. Bundan sonra, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə X9 ilə aralarında bağlanmış nikah pozulmuşdur. Qeyd edir ki, Cavabdeh yuxarıda qeyd olunan təklifini qəbul edərək, aldığı borc hesabına mənzili təmir etməkdə məqsədi ailəsi ilə birlikdə daimi olaraq həmin mənzildə yaşamaq olmuşdur. Buna baxmayaraq, həmin mənzil onun tərəfindən təmir edildikdən və qısa müddətdə ailəsi ilə birlikdə həmin mənzildə yaşadıqdan sonra mənzildə yaşamasına imkan verilməmiş, bunun da nəticəsində ona zərər vurulmuşdur. Belə ki, yuxarıda qeyd etdiyi kimi həmin mənzil borc aldığı vəsait hesabına təmir etmişdir və hal-hazırda da həmin borc məbləğini qaytarmaqda davam edir. Cavabdeh ilə aralarında mənzilin təmir edilməsindən sonra daimi olaraq həmin mənzildə yaşamasına dair razılaşma olmasa idi, borc alaraq mənzili təmir etməzdi və nəticə etibarı ilə də ona zərər dəyməzdi. Sadalanan xüsusatlara əsasən hesab edir ki, "xxxx" firması tərəfindən Sahil qəsəbəsində Ə.Gülbabayev küçəsində inşa edilmiş binanın 3-cü blokunda 14-cü mərtəbədə yerləşən, 54 m2 sahəsi olan 124 saylı mənzilin təmirinə çəkilmiş 10.818 manat xərc və həmin mənzilə alınmış əşyaların (kondisioner, iki ədəd xalça və qızdırıcı soba) alınmasına çəkilmiş 1.449 manat xərc, cəmi 12.267 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq ona ödənilməlidir. İddiaçı Mehdiqulu oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddiaya etiraz göndərərək etirazda göstərmişdir ki, iddianı qəbul etmir. Hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Çünki iddiaçının iddiası yalanlara əsaslanır. Doğrudan da adına Bakı şəhəri Sahil qəsəbəsində bir otaqlı mənzil vardır. İddiaçı kirayəşin yaşadığından xahişinə əsasən təmənnasız ailəsi ilə birlikdə mənzilində yaşamasına icazə vermişdir. Bir müddət mənzilində yaşadıqdan sonra ailəsini atıb getmiş, sonra da nikahlarının pozulması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-345/2021 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı ərizəsində qeyd edir ki, imkansız adam olduğundan qohumlarından borc alıb mənzili təmir etmişdir. Qeyd edir ki, mənzilinin normal təmiri olmuşdur. O, iddiaçıdan mənzilinin təmir edilməsini xahiş etməmişdir. Əgər yaşadığı mənzildə öz zövqünə uyğun öz istəyinə əsasən nəsə xırda-para işlər görübsə, həmin vəsaiti ondan tələb etməyə haqqı yoxdur. Çünki, iddiaçıdan mənzilində yaşaması ilə bağlı hər hansı bir haqq almamışdır. Bu səbəbdən, iddiaçının qeyd etdikləri tamam yalandır. İddiaçı uşağına görə aliment ödəmədiyindən qızı Vəfa məhkəməyə müraciət etmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1913/2021 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Məhkəmə zamanı müəyyən edilmişdir ki, 950 manat əmək haqqı alır. Göründüyü kimi, iddiaçı səmimi deyildir, onlara qarşı qərəzlidir, ona görə də, məhkəməyə müraciət etməklə hər vasitə ilə onlara zərər vurmağa çalışır. Bu səbəbdən, iddianın rədd edilməsi xahiş olunmuşdur. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, şahid X5 məhkəmə iclasında ifadəsinə bildirdi ki, ustadır. Sahilin xalasigilə qonşudur. Evin təmir işlərini görmüşdür. Evdə iki nəfər usta, yəni özü və Qafarov Nizami işləmişlər. Mənzil yeni tikililərdən idi, onlar təmirə başlayanda mənzil təmirsiz idi. Tikinti materiallarını Sahil və Sahilin qardaşı Samir gətirmişlər. Xidmət haqqını onlara Sahil vermişdir. İki nəfərə 4.400 manat. Sahilin qayınanası, qayınatası da arada mənzilə gəlmişlər. İki il əvvəl işləmişlər həmin mənzildə, təmir iki ay davam etmişdir. X2 məhkəmə iclasında ifadəsinə bildirdi ki, ustadır. Sahili mənzilin təmiri ilə əlaqədar tanımışdır. Mənzil Sahil qəsəbəsində yerləşir. Təmir 2-3 ay davam etmişdir. Mənzilin təmirini 2 il əvvəl etmişlər. İki nəfərə xidmət haqqı kimi 4.400 manat pul almışlar. Mənzildə rəngsazlıq, alçipan, kafel-metlax vurmaq kimi işlər görmüşlər. Təmir gedən zaman mənzilə Sahil, Sahilin qardaşı, qayınatası, qayınanası gəlib-getmişlər. Pulu onlara Sahilin qardaşı Samir vermişdir. Təmir başlayanda mənzil tam təmirsiz idi. Tikinti materiallarını Sahil, Samir alıb gətirmişlər. Həmin tikinti materialları binanın aşağısına boşaldılmış və onlar mənzilə qaldırmışlar. Onlar mənzilin sahibi kimi Sahili və Samiri tanımışlar. X1 məhkəmə iclasında ifadəsinə bildirdi ki, Sahilin qardaşıdır. Mənzil yeni tikili idi, alınarkən tam təmirsiz idi. Demək olar ki, mənzilin təmirinin bütün xərclərinə kömək etmişdir. Mənzilin təmirinə 10.818 manat xərc çəkmişdir, bundan əlavə kondisioner, xalçalar, radiator və s. almışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-345/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı X7 qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında xx.xx.2017-ci il tarixdə 3 saylı Bakı «ASAN xidmət» Mərkəzi Qeydiyyat şöbəsində 3601 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1913/2021 saylı qətnaməsindən görünür ki, X3 İddiaçı qarşı «aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, 03 aprel 2021-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, cavabdeh İddiaçı hər ay bir uşağa görə – qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarda, 03 aprel 2021-ci il təvəllüdlü X8 3 yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 60 manat sabit pul məbləğinin X3 xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş tikinti materiallarının alğı-satqısına dair sənədlər (qaimə fakturalar), hesabat aparılan əlyazmalar, "xxxx" MMC-nin 05 iyul 2021-ci il tarixli 2077 saylı məktubundan, tərəflərin izahatlarından və şahid ifadələrindən göründüyü kimi, İddiaçı Mehdiqulu oğlu tərəfindən cavabdehə məxsus olan mənzil təmir edilərək, həmin mənzilə bəzi məişət əşyaları alınmışdır. Məhkəmə tərəfindən işə tam, hərtərəfli, obyektiv baxılması üçün ekspertiza təyin edilsə də, mənzil başqa şəxsə satılması səbəbi göstərilərək, ekspert mənzilə buraxılmamış, ekspert qarşısında qoyulmuş suala cavab verilməsi mümkün olmamışdır. Göründüyü kimi, iddiaçı cavabdehin qızı ilə ailə həyatı qurmuş, cavabdeh tərəfin dəvəti ilə həmin mənzildə ailəsi ilə yaşamaq üçün mənzili təmir etdirməyə başlamış və həmin mənzilə bəzi məişət əşyaları almışdır. Mənzilin təmiri başa çatdıqdan sonra çox az bir müddətdə mənzildə yaşamış, lakin cavabdehin qızı ilə münasibətləri pozulmuş, mənzildən çıxmağa məcbur olmuşdur. Nəticə etibarı ilə, Cavabdeh iddiaçının onun mənzilini təmir etməsi və məişət əşyalarını alması ilə bağlı əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı ümumilikdə 12.267 manat xərc çəkildiyini bildirərək, həmin məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı qaimələr üzrə alınmış tikinti materiallarına görə 4.369 manat 50 qəpik pul vəsaiti ödəmişdir. Bundan başqa, mənzildə quraşdırılmış kondisionerə görə 779 manat xərc çəkilmişdir. Mənzildə təmir işləri görmüş ustalara isə 4.400 manat zəhmət haqqı ödənilmişdir. Ödənilən cəmi pul vəsaiti 9.548 manat 50 qəpik təşkil edir. İddianın qalan hissədə əsaslı olmasına dair sübutlar təqdim edilməmişdir. Həmçinin, məhkəmə vurğulayır ki, xx.xx.2019-cu il tarixli qaimədə 15 manat taksi xidmətlərinə görə xərc çəkilməsi qeyd olunsa da, həmin məbləğ cavabdehdən tutula bilməz. Qaimə faktura təqdim etmiş şəxsin yalnız satdığı mal-materiallara görə qaimə faktura vermək hüququ var, kənar xidmətlərə görə qaimə-faktura verilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən, iddia 9.548 manat 50 qəpik pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulmasına dair hissədə əsaslı olduğundan təmin edilməli, qalan hissədə iddia rədd edilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 9.548 manat 50 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı Mehdiqulu oğlunun xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 9.548 manat 50 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı Mehdiqulu oğlunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-36/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-36/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver