Məhkəmə qərarları › İş №2(002)-363/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-363/2024

24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-363/2024 24.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cavabdeh tərəfindən ona dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdeh tərəfindən ona dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən avtomobilinə dəyən ziyanın əvəzi olaraq 280 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə saat 08:30-da etibarnamə ilə idarə etdiyi «Chevrolet Cruze» markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi ilə hərəkətdə olarkən sürücü Cavabdeh idarə etdiyi «Tofaş Şahin» markalı ** KT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə manevr edərkən ona məxsus avtomobili arxa bufer hissəsini vuraraq yol-nəqliyyat hadisəsi törətmiş və onun avtomobilinə ziyan vurmuşdur. Bu barədə inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Həmin protokoldan da aydın olur ki, hadisənin baş verməsində təqsirkar şəxs cavabdeh tərəf olan Cavabdeh olmuş və onun təqsiri üzündən avtonəqliyyat hadisəsi baş vermişdir. Həmin avtonəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə dəymiş ziyan avtoservis tərəfindən qiymətləndirilmiş və ona məxsus avtomobilə 280 manat ziyan dəymişdir. O, cavabdehdən dəfələrlə ona vurulmuş ziyanın ödənilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə ziyanı ödəməkdən boyun qaçırmışdır. Onun avtomobilində cavabdehin təqsiri üzündən ziyan dəymişdir. Lakin ona dəyən ziyanı cavabdeh könüllü olaraq ödəmək istəmir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh ona vurduğu maddi zərərdən 250 manat həcmində ödəniş etmək istəyirsə, buna etiraz etmir. Öncəki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən etiraf edərək bildirdi ki, həqiqətən YNH törətmişdir və iddiaçıya maddi ziyan vurmuşdur. 250 manat ödəniş etməyə maddi imkanı var. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş «Elektron notariat» X1 çıxarışdan görünür ki, X2 özünə məxsus olan «Chevrolet Cruze» markalı, ** RC *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 26 may 2024-cü il tarixədək sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini İddiaçı etibar etmişdir. İş materiallarına əlavə olunmuş 01 dekabr 2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərardan və 01 dekabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 08:30-da «Tofaş Şahin» markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən, o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh tərəfindən yol verilmiş inzibati xəta nəticəsində İddiaçı idarə etdiyi «Chevrolet Cruze» markalı ** RC *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ziyan dəymişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli preyskurantdan (görülən iş və xidmətlərin, alınan ehtiyat hissələrinin qiymətlər cədvəli) görünür ki, «Chevrolet Cruze» markalı ** RC *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurulmuş ziyanın aradan qaldırılması üçün ƏDV də daxil olmaqla 280 manat pul vəsaiti tələb olunur. Cavabdeh törətdiyi YNH-ni və bunun nəticəsində iddiaçıya ziyan vurduğunu etiraf etmiş, lakin 250 manat pul vəsaiti ödəməyə razı olduğunu bildirmişdir. İddiaçı cavabdehdən 250 manat pul vəsaiti tutulması barədə qətnamə çıxarılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, iddiaçıya vurulmuş zərərin ödənilməsi öhdəliyi qanunvericiliyə görə cavabdehin öhdəsinə qoyulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi ziyana görə 250 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə 250 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar