Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-371/2023 26.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(002)-706/2020 saylı qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulan aliment məbləğinin artırılaraq hər ay iki uşağa görə 386 manat sabit pul məbləğində tutulması, mediasiya üçün ödənilmiş 50 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(002)-706/2020 saylı qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2009-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, birgə nikahdan iki uşaqları olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(002)-706/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış və 370 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, 03 fevral 2020-ci il tarixindən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, iki uşağa görə cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 orta məktəbdə oxuyur. Cavabdehin gecikmələrlə və kəsirlə ödədiyi 340 manat məbləğində aliment hazırda çox azdır, uşaqların təhsil və digər xərclərini qarşılamır. Cavabdeh isə övladlarının saxlanmasına başqa heç bir maddi köməklik etmir. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla kifayət qədər qazanca malikdir, özünə məxsus avtomobili vardır. Hesab edir ki, tələb etdiyi alimenti ödəməyə cavabdehin imkanı vardır. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(002)- 706/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimenti çox çətinliklə ödəyir, əlavə ödəniş etməyə heç bir maddi imkanı yoxdur. Keçən dövr ərzində maddi vəziyyəti daha da pisləşmişdir. Belə ki, əvvəllər adına olan VÖEN üzrə fəaliyyətini tam dayandırmışdır, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, hazırda heç bir yerdə işləmir, qazancı və avtomobili yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 iyun 2020ci il tarixli, 2(002)-706/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış və 370 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, 03 fevral 2020-ci il tarixindən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, iki uşağa görə cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əmək müqaviləsi bildirişi altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh barəsində çıxarışlardan görünür ki, Cavabdeh əmək müqaviləsi üzrə işləməsi barədə məlumat aşkar edilməmiş, mülkiyyətində daşınmaz əmlak və nəqliyyat vasitəsi aşkar edilməmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh ilə bağlı vergi məlumatları barədə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə verilmiş VÖEN üzrə fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri və yuxarıda qeyd olunan hüquq normalarının tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, onların maddi təminatının ödənilməsi zərurəti, uşaqların maddi tələbatları nəzərə alınmaqla iddiaçı tərəfindən bir ay əvvəl verilmiş iddia üzrə hər uşağa 193 manat alimentin tələb edilməsi, eyni zamanda cavabdehin gəlirləri barədə konkret sübutların təqdim edilməməsi, hər iki tərəfin izahatına əsasən təyin edilmiş alimentin ödənişində problemlərin olması, habelə alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində hər hansı yaxşılaşmanın müəyyən edilməməsi, onun hazırda iş yerinə, aylıq qazanca malik olmaması, mülkiyyətində nəqliyyat vasitəsinin olması və sahibkarlıqla məşğul olması barədə izahatların öz təsdiqini tapmaması halları nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddianın mediasiya üçün xərcin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, mediasiya xərcinə görə ödənilmiş məbləğin yarısı cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(002)-706/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın və xx.xx.2022-ci il tarixindən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İş üzrə mediasiya xərcinə görə Cavabdeh 25 (iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-371/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-371/2023
26.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver