Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3734/2022 13.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalı, iddiaçıya qanunamüvafiq qaydada tərtib edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, məhkəmə iddia ərizəsini tədqiq edərkən müəyyən etmişdir ki, iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərə əməl edilməmiş, cavabdehə qarşı yönələn bəzi tələblər dəqiq göstərilməmişdir. Belə ki, iddiaçının işsiz qaldığı müddətdə dəyən aylıq ziyanın indiyədək hesablanması və ödənilməsi tələbi qeyri-dəqiq olmaqla, digər tələblərdən ayrı olaraq göstərilmiş, əmək fəaliyyəti ilə bağlı olmayan həmin tələbin nədən ibarət olduğu və konkret məbləği qeyd olunmamış, bu səbəbdən tələbin bu hissəsinə aid dövlət rüsumunun məbləğini də müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya səhmdar kimi ödənilməmiş dividendlərin hesablanması və ödənilməsi kimi bilavasitə əmək fəaliyyəti və əlilliyə görə aylıq ödənc ilə bağlı olmayan tələb üzrə ödənilməli olan 100 (yüz) manat məbləğində dövlət rüsumunun ödənilməsi və ya iddiaçının həmin tələb üzrə dövlət rüsumunu ödəməkdən azad olunması barədə hər hansı sənədin təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də iddia ərizəsinin hazırda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən icraata götürülməsi qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, yuxarıda qeyd olunan hallara əsasən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmçinin izah olunmalıdır ki, eyni nöqsanlar 2(002)-2635/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadda da göstərilmiş və həmin qərardadın surətini iddiaçı xx.xx.2022-ci il tarixdə rəsmi qaydada almış, lakin həmin nöqsanları aradan qaldırmadan yenidən məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149 və 152-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-3734/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3734/2022
13.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver