Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3778/2023 15.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat məbləğində borc pul vəsaitinin və 135 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ümumilikdə 15000 (on beş min) manatdan çox borc pul vermişdir. Belə ki, o, Cavabdeh 10 (on) ilə yaxın müddətdir ki, tanıyır. Son illərdə cavabdeh özünü yazıq, xəstə, imkansız kimi təqdim edib, onun humanizmindən və sadəlövh olmasından istifadə etmişdir. Cavabdeh dəfələrlə ondan borc pul almış, qısa müddətə qaytaracağını bildirmiş, lakin indiyə kimi qaytarmamışdır. Belə ki, 2020-ci ilin noyabr ayında həyat yoldaşı X2 onun dişlərini düzəltmək üçün 5500 manat məbləğində bankdan kredit götürmüş, cavabdeh onda pulun olduğunu bilmiş və yalvararaq həmin pulun 4500 manatının ona borc verilməsini xahiş etmiş, uzağı 8 aya qaytaracağına söz vermişdir. Cavabdeh ona dəfələrlə psixoloji təzyiq etdiyindən, özünü yazıq hala salaraq vədlər verdiyindən, həmin vaxt cavabdehə 4500 manat borc pul vermişdir. Daha sonra 2021-ci ildə cavabdeh maşınının xarab olduğunu bildirərək 1 (bir) həftə müddətində qaytarmaq şərtilə qızıllarını lombarda qoymağı xahiş etmiş, daha sonra maşını düzəldib ona olan borclarını qaytaracağına söz vermişdir. O da məcburiyyət qarşısında qalaraq 1000 manat dəyərində öz qızıllarını, 800 manat dəyərində rəfiqəsinin qızıllarını cavabdehə vermişdir. Daha sonra rəfiqəsi qızılları tələb edəndə cavabdeh nə qızılları, nə də pulu qaytarmamışdır. Daha sonra cavabdeh onun rəfiqəsinə qarşı çıxılmaz vəziyyətindən istifadə edərək, 1 (bir) aya qaytarmaq şərtilə 3000 manat faizə pul götürməyi tələb etmiş, faizi isə özünün ödəyəcəyini bildirmişdir. O da rəfiqəsinin qızıllarının qaytarılması üçün bu addımı atmağa məcbur olaraq 3000 manat məbləğində faizə pul götürüb cavabdehə vermiş, cavabdeh rəfiqəsinin qızıllarını lombarddan çıxararaq ona vermiş, min manat dəyərində öz qızılını isə qaytarmamışdır. Lakin cavabdeh həmin faizi də ödəməmiş, 3000 manatın faizinə görə əlavə 1200 manatı özü ödəməli olmuşdur. Daha sonra çıxılmaz vəziyyətdə olduğundan məsələni həyat yoldaşına bildirmiş və həyat yoldaşı bankdan 2021-ci ilin iyul ayında 10000 manat məbləğində kredit götürərək borcları bağlamışdır. 2021-ci ildə 1-2 aya qaytarmaq şərtilə cavabdeh ondan əlavə olaraq müxtəlif vaxtlarda 530 manat, 700 manat, 350 manat, 2023-cü ilin sentyabr ayında 300 manat borc pul almış, cavabdeh həmin borcları da qaytarmamışdır. Cavabdehin ailəsinə xəbərdarlıq etsə də, bu səyləri də nəticəsiz qalmışdır. Daha sonra borcları çoxaldığına görə 2023-cü ilin yanvar ayında həyat yoldaşı yenidən digər kreditlərin bağlanması üçün 15000 manat məbləğində kredit götürmüşdür. 2023cü ilin sentyabr ayında cavabdeh öz razılığı ilə borc aldığı pullara dair qəbz yazmış, eyni zamanda videoçəkiliş apararaq borclarını etiraf etmiş və qaytaracağını bildirmiş, lakin heç nə qaytarmamışdır. Dəfələrlə cavabdehdən aldığı borc pulları qaytarmasını istəsə də, hər dəfə müxtəlif bəhanələrlə cavabdeh pulu verməkdən imtina edir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 iyul 2021-ci il tariхli ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" ASC ilə X2 arasında bağlanmış kredit müqaviləsinə əsasən X1 illik 18,5% olmaq şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, "xxxx" ASC ilə X2 arasında 2020-ci ildə bağlanmış kredit müqaviləsi üzrə 5500 manat məbləğində əsas borc, 642,5 manat faiz borcu xx.xx.2021-ci il tarixdə ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, "xxxx" ASC ilə X2 arasında 23 iyul 2021-ci il tarixdə bağlanan kredit müqaviləsi üzrə verilmiş 10000 manat kredit tam ödənilmişdir. İş materiallarında olan 19 yanvar 2022-ci il tariхli ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" ASC ilə X2 arasında bağlanmış kredit müqaviləsinə əsasən X1 illik 16,5% olmaq şərti ilə 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 013003 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə İddiaçı 01 dekabr 2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikahları 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir, nikah bağlandıqdan sonra arvada “Əkbərova” soyadı verilmişdir. İş materiallarında olan ƏİX No 302345 nömrəli, xx.xx.2021-ci il tarixli girov biletinin surətindən görünür ki, Cavabdeh həmin tarixdə 1872 manat dəyərində qızıl-zinət əşyalarını girov qoyub 1800 manat kredit götürmüşdür. İş materiallarında olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, ödəniş terminalı vasitəsilə Cavabdeh kart hesabına müxtəlif vaxtlarda müvafiq olaraq 500 manat, 100 manat, 150 manat, 300 manat, 122 manat məbləğlərində ödənişlər edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, Cavabdeh öz imzasıyla təsdiq etdiyi qəbzdən görünür ki, o, İddiaçı 4500 manat, 2021-ci ildə 3000 manat almışdır, faizə görə 1200 manat verməlidir, İddiaçı qızılları ondadır, 530 manat və 700 manat qonşudan alıb vermişdir, telefona görə 350 manat verməlidir, aralarında borcun aylıq 200 manat ödənilməsi barədə razılığa gəlmişlər, xx.xx.2023-cü ildə aldığı 300 manatı da iki ay ərzində qaytaracaqdır. İş materiallarına əlavə edilmiş diskdə olan videoyazının tədqiqi zamanı müəyyən edilmişdir ki, diskdə olan videogörüntülərdə Cavabdeh İddiaçı 4500 manat, 3000 manat (habelə həmin 3000 manatın faizinə görə 1200 manat), daha sonra 530 manat, 700 manat, 350 manat, 300 manat məbləğlərində pul aldığını, İddiaçı qızıllarının onda olduğunu təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə və mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, xx.xx.2023-cü il tarixli qəbzdə və videoyazıda əks olunan cavabdehin etirafına əsasən məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə (4500+3000+1200+1000+530+700+350+300=11580) borc pul almış və həmin borcu qısa müddət ərzində qaytarmağı öhdəsinə götürmüş, lakin indiyə kimi qaytarmamışdır. Bu səbəbdən iddia tələbi Cavabdeh sübuta yetirilən həddə, yəni 11580 manat məbləğində borc pul vəsaitinin tutulması hissəsində əsaslıdır. İddia qalan hissədə hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən əsassız hesab olunmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11580 (on bir min beş yüz səksən) manat məbləğində borc pul vəsaiti və 104,22 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-3778/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3778/2023
15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver