Məhkəmə qərarları › İş №2(002)-379/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-379/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-379/2022 27.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Əzimov Rəşad Mİkayıl oğlunun, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Borclularla BOKT "xxxx" MMC arasında bağlanmış L-BK-0050356-F saylı kredit və BK-00018854, BK-00026562 saylı Zaminlik müqavilələrinin ləğv olunması, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 5758,38 (beş min yeddi yüz əlli səkkiz manat 38 qəpik) manat, faiz borcu üzrə 82,22 (səksən iki manat 22 qəpik) manat olmaqla cəmi 5840,60 (beş min səkkiz yüz qırx manat 60 qəpik) manat məbləğində kredit somunun və ödənilmiş 79 (yetmiş doqquz) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq Cavabdeh1 ilə BOKT "xxxx" MMC-nin Bakı Filialı (bundan sonra təşkilat) arasında 25.12.2019-cu ıl tarixli, L-BK-0050356-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən, borcluya 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1 % olmaqla 6171,41 (altı min bir yüz yetmiş bir manat 41 qəpik) manat məbləğində güzəştli kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh3 və Cavabdeh2 ilə müvafiq olaraq BK-00018854, BK-00026562 saylı Zaminlik müqavilələri bağlanmışdır.Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 413,03 (dörd yüz on üç manat 03 qəpik) manat, faiz borcu üzrə 36,97 (otuz altı manat 97 qəpik) manat olmaqla cəmi 450 (dörd yüz əlli manat) manat məbləğində pul ödənilmişdir. Hal hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 5758,38 (beş min yeddi yüz əlli səkkiz manat 38 qəpik) manat, faiz borcu üzrə 82,22 (səksən iki manat 22 qəpik) manat olmaqla cəmi 5840,60 (beş min səkkiz yüz qırx manat 60 qəpik) manat məbləğində kredit borcu var.Qeyd olunan halların nəzrə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia əzrisəinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 25.12.2019-cu il tarixli, L-BK-0050356-F nömrəli kredit müqaviləsinin surətindən görünür ki, kreditor qismində "xxxx" MMC tərəfindən borcalan qismində Cavabdeh1 mülkiyyətinə 60 ay müddətində illik 1% dərəcəsi ilə 6171.41 manat məbləğində kredit verir, borcalan müqavilə ilə şərtləşdirilmiş qaydada və şərtlərlə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 25.12.2019-cu il tarixli, L-BK-0050356-F nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 60 ay müddətində illik 1% dərəcəsi ilə 6171.41 manat məbləğində krediti ilk 12 ay güzəşt olmaqla, 47 ay 129 AZN, 60-cı ay 143 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş BK-00026562 saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh2 kredit xətti razılaşmaları üzrə kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün boclu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüş, kredit xətinin məbləği 6171.41(altı min yüz yetmiş bir manat 41 qəpik) manat, kreditin müddəti 60 ay olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş BK-00018854 saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh3 kredit xətti razılaşmaları üzrə kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün boclu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüş, kredit xətinin məbləği 6171.41(altı min yüz yetmiş bir manat 41 qəpik) manat, kreditin müddəti 60 ay olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş 16.09.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 25.12.2019cu il tarixli müqaviləyə əsasən 16.09.2021-ci il tarixə 413.03 manat əsas borc, 36.97 manat faiz borcu olmaqla, cəmi 450 manat borcu vardır. İş materiallarında olan 06.09.2021-cİ il tarixli xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, Cavabdeh2, zamin Cavabdeh1, Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində "xxxx" BOKT MMC-yə tam ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, kredit məbləğini hesablanmış faizlərlə birlikdə qaytarılmasının tələb edilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zamnlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 25.12.2019-cu il tarixli güzəştli kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 6171.41 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini ilk 12 ay güzəşt olmaqla,48 ay müddətində hər ay 129 manat ödəniş etməklə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh1 isə kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı bank arasında həmin kredit müqaviləsi üzrə borc öhdəliklərin icrasının təminatı qismində zaminlik müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən zaminlər kredit müqaviləsi üzrə borc öhdəliyinin lazımi qaydada və vaxtında icra edilməsinə dair əsas borclu ilə birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşlər. Ona görə də məhkəmə hesab edir ki, digər cavabdehlərin müvafiq kredit müqaviləsi üzrə borc öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmamasına görə bank qarşısında əsas borclu ilə birgə məsuliyyəti yaranmışdır. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehlər kredit borcunu iddiaçıya qaytarmalıdır. Qeyd olunan halları nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia tələbi borcun ödənilməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, iddia tələbi 25.12.2019-ci il tarixli kredit müqaviləsinin və 25.12.2019-cu il tarixli zaminlik müqavilələrinin ləğv edilməsi hissəsində də təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 79 manat məbləğində dövlət rüsumu ödənilmiş və buna dair müvafiq qəbz iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli,Cavabdeh1 ilə BOKT "xxxx" MMC arasında bağlanmış L-BK-0050356-F saylı 25.12.2019-cu il tarixli kredit müqaviləsi və cavabdehlər Cavabdeh3, Cavabdeh2 ilə BOKT "xxxx" MMC arasında bağlanılmış 25.12.2019-cu il tarxili BK-00018854, BK-00026562 saylı zaminlik müqavilələri ləğv olunmalı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 25.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 5758,38 manat əsas borc, 82,22 manat faiz borcu olmaqla, cəmi 5840,60 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 79 manat dövlət rüsumunu tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə BOKT "xxxx" MMC arasında bağlanmış L-BK-0050356-F saylı 25.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv olunsun. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə BOKT "xxxx" MMC arasında bağlanılmış 25.12.2019-cu il tarixli BK-00018854, BK-00026562 saylı zaminlik müqavilələri ləğv olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 25.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 5758,38 manat əsas borc, 82,22 manat faiz borcu olmaqla, cəmi 5840,60 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 79 manat dövlət rüsumunu tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar