Məhkəmə qərarları › İş №2(002)-3896/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3896/2025

28.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3896/2025 28.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçını nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini təmin edib Cavabdeh tərəfindən təbiətə dəymiş 252 manat məbləğində ziyanın X6 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçını nümayəndəsi X5 məhkəmə iclasında iştirak edərək iş üzrə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək, borcun onun kartından tutulduğunu və iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə iş materialları araşdıraraq hesab edir ki, hazırkı ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı iddia ərizəsindən görünür ki, inzibati orqan olan iddiaçı normativ hüquqi aktlara əsasən ona verilmiş səlahiyyətlərə istinad edərək və ümumi hüquq sahəsinə aid olan «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X4 Xidmətinin yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanına, həmin Xidmətin Əsasnaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli, 975 nömrəli Fərmanına, «Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər»in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 sentyabr tarixli, 119 nömrəli Qərarına istinad etmişdir. İddia ərizəsindən müəyyən olunur ki, iş üzrə iddia tələbi Qaradağ rayonu, Müşviqabad qəsəbəsi qəbirstanlığın aşağı hissəsində 20 kub metr həcmində qumun qanunsuz istifadə edilməsi nəticəsində təbiətə dəymiş ziyanın ödənilməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər məsuliyyət daşıyırlar. Hazırkı işdə ilk növbədə müəyyən edilməli məsələ qanunun tələblərinin pozulmasına görə şəxslər tərəfindən təbiətə ziyan dəydiyi hallarda belə ziyanın hansı qaydada həmin şəxslərdən tutulması ilə bağlıdır. İddia ərizəsində istinad edilən «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun Vİİ fəsli Qanunun pozulmasına görə məsuliyyət, mübahisələrin həll edilməsi və vurulmuş ziyanın ödənilməsi ilə bağlı ümumi müddəaları özündə əks etdirir. Bununla yanaşı, “X9 X1” Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Agentlik digər faəliyyətlə yanaşı, yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.1 və 2.2.2-ci bəndlərinə əsasən yerin təkinin geoloji öyrənilməsinə, istifadəsi və mühafizəsinə nəzarət, mineral xammal ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək, o cümlədən yerin təkindən istifadə sahəsində tənzimlənməni və qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərinə aiddir. Həmçinin, Nizamnamənin 3.1.25-ci bəndinə əsasən yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görmək, Agentliyin vəzifələrinə aiddir. Nizamnamənin 3.2.10-cu bəndinə əsasən isə yer təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək Agentliyin hüquqlarına aid edilmişdir. Qanunvericiliyin istinad edilən tələblərindən məlum olur ki, yer təkindən qanunauyğun şəkildə istifadə sahəsində nəzarətin həyata keçirilməsi və yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması üzrə yaranan hüquq münasibətləri, həmin münasibətlərin tərəfləri və xarakterinə görə, sərbəst mülki dövriyyə və sahibkarlıq münasibətləri kimi deyil, bir tərəfin (Agentliyin) digər tərəf (yer təkinin istifadəçiləri) üzərində hakimiyyət və inzibati-idarəçilik səlahiyyətlərinin həyata keçirilməsi ilə xarakterizə olunan münasibətləridir. Başqa sözlə, yer təkindən istifadəyə nəzarət və dəymiş zərərin əvəzinin müəyyən edilməsi ilə bağlı yararan hüquq münasibətlərində Agentlik «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 2.0.2-ci maddələrinə, həmçinin öz Nizamnaməsinin 3.1.25 və 3.2.10-cu bəndlərinə uyğun olaraq, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt qəbul etmək səlahiyyəti verilmiş inzibati orqan kimi çıxış edir. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 82-ci maddəsinə və «İcra haqqında» Qanunun 6.1.8-ci maddəsinə görə, inzibati orqanlar pul tələblərinin ödənilməsi ilə bağlı məcburi qaydada icra olunmalı inzibati aktlar qəbul etmək (icra sənədi vermək) səlahiyyətinin həvalə olunması deyilənləri bir daha təsdiq edir. İnzibati akt isə inzibati orqan tərəfindən aparılan inzibati icraatın nəticəsində qəbul edilir. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Ona görə də, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatın «İnzibati icraat haqqında» Qanunun və əlaqəli digər sahəvi qanunvericilik aktlarının tələblərinə uyğun aparılması təcrübəsinin yerləşməsinə və məhkəmə yanaşmaları ilə həmin icraatın keyfiyyətinin artırılmasına töhfə verməyə yönəlməlidir. «Yerin təki haqqında» Qanunun 47 və 48-ci maddələrinin yuxarıda qeyd edilən müddəaların tələbləri ilə birgə təhlili nəticəsində isə qeyd edilməlidir ki, yerin təkindən istifadə ilə əlaqədar mübahisələrin məhkəmə qaydasında həllinin mümkünlüyünün, o cümlədən vurulmuş ziyanın miqdarının və ödənilməsi qaydasının məhkəmə tərəfindən müəyyənləşdirilməsini nəzərdə tutan normalar dəymiş ziyanla bağlı müvafiq inzibati orqan tərəfindən aparılan inzibati icraat nəticəsində inzibati aktın qəbulunu istisna etmir. Belə ki, həmin normalar qəbul edilmiş inzibati aktın nəticəsi ilə razılaşmayan şəxslərin həmin aktı və həmin aktdan inzibati qaydada verilmiş şikayətin nəticəsində qəbul edilmiş aktın məhkəmə qaydasında mübahisələndirməsini və məhz bu halda məhkəmənin vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını müəyyənləşdirmək imkanını nəzərdə tutur. Beləliklə, «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına şəxslər tərəfindən riayət edilməsinə nəzarət müvafiq inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində aparılmalı və nəticədə pozuntu aşkar edildiyi hallarda isə bu barədə inzibati akt qəbul edilməlidir. Həmin inzibati akt isə bu Qanunun 47-ci maddəsinə əsasən inzibati və ya məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı mülki iş üzrə iddia tələbi məhz təbiətə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı tələbdən ibarətdir. Qanunvericiliyin təhlilindən aydın olur ki, hazırkı tələb üzrə hüquq münasibəti məhz inzibati orqanın inzibati xarakterli səlahiyyətindən irəli gəlməklə vətəndaşla inzibati orqan arasında yaranmış inzibati xarakterli hüquq münasibətidir. Ona görə də, məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, hazırkı ərizəyə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə bununla bağlı onu qeyd edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, hazırkı iş üzrə dövlət rüsumu ödənilməmişdir. Beləliklə, məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki mülki iş iddia tələbi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhər Qaradağ rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar