Məhkəmə qərarları › İş №2(002)-3897/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3897/2023

19.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3897/2023 19.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusunun dəyəri olan 2277,40 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Tağıyev X2 Rayon Məhkəməsinin 1(002)-216/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq olunmuş və ona müvafiq aktla 01 ədəd "ATTENTİ" markalı mobil nəzarət qurğusu (********), 01 ədəd elektron qolbaq, 01 ədəd mobil nəzarət qurğusunun enerji toplayıcısı, 01 ədəd mobil nəzarət qurğusunun kabrosu təhvil verilmişdir. Qaradağ Rayon Məhkəməsinin 7(002)- 785/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə onun cəzasının çəkilməmiş hissəsi 10 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və mobil nəzarət qurğusu təhvil götürülmüşdür. Həmin vaxt qurğunun yararsız hala salındığı müəyyən olunmuşdur. Məhkum mobil qurğunun əlindən düşərək sındığını bildirmişdir. Bundan sonra "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyi əsasında Cavabdeh mobil nəzarət qurğusunun yararsız halda olduğu müəyyən olunmuşdur. Belə olan halda hesab etmişlər ki, cavabdehin məsuliyyətsizliyindən elektron qolbağa maddi ziyan dəymiş və yararsız vəziyyətə salınmışdır. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin zədələnmiş avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı nümayəndəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-216/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cavabdeh üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, “ATTENTİ” markalı, 35650068 nömrəli mobil qurğu, elektron qolbaq məhkum Cavabdeh təhvil verilmiş və istifadə qaydaları izah olunmuş, həmin vasitə zədələndikdə və ya digər üsulla yararsız vəziyyətə salındıqda dəyərinin ondan tutulacağı nəzərinə çatdırılmışdır. İş materiallarında olan elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2023-cü il tarixli texniki rəyin surətindən görünür ki, Cavabdeh təhvil alınmış Attenti V6 (seriya nömrəsi ********) mobil qurğunun ana platasında elementlərin üzərində korroziya müşhidə olunmuşdur, təmiri mümkün deyildir, istifadəyə tam yararsızdır. İş materiallarında olan "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, elektron nəzarət avadanlığının dəyəri 2277,40 manat təşkil edir. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli izahatının surətindən görünür ki, o, mobil nəzarət qurğusunun cibindən düşərək ekranının xarab olduğunu, məsuliyyətini başa düşdüyünü, dəymiş ziyanı birdəfəyə deyil, hissə-hissə ödəyəcəyini, dəymiş ziyanın məhkəmə qaydasında tələb edilməsinə etirazının olmadığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında iş üzrə sübutlara əsasən müəyyən edildi ki, Cavabdeh məhkəmə hökmünə əsasən cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitələrini qorumalı olduğu halda, həmin öhdəliyinə əməl etməmiş, həmin elektron nəzarət vasitələrinin zədələnməsi nəticəsində dövlət büdcəsinə 2277,40 manat məbləğində ziyan vurmuşdur. Ona görə də cavabdehin davranışı üzərində nəzarəti həyata keçirən iddiaçı təşkilatın iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 2277,40 manat (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) məbləğində pul tutularaq X1 Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (AZ66CTRE********************, səviyyə kodu: 1, təsnifat kodu: 142330, valyuta: AZN, VÖEN: **********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar