Məhkəmə qərarları › İş №2(002)-416/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-416/2021

12.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-416/2021 12.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh Xaliq oğluna qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh Xaliq oğluna qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.210 manat dəymiş zərər, 100 manat inzibati xətaya görə və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh Xaliq oğlundan tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 08.09.2020-ci il tarixli 12 saylı icarə müqaviləsi mövcuddur. Müqaviləyə əsasən "xxxx" MMC «KİA Optima» markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh Xaliq oğluna 1 günlük icarəyə vermişdir. Avtomobil 08.09.2020-ci il tarixli təhvil-təslim aktına əsasən tam saz vəziyyətdə Cavabdeh Xaliq oğluna təhvil verilmişdir. 09.09.2020-ci il tarixdə Cavabdeh Xaliq oğlu avto qəza törədərək avtomobilə maddi zərər vurmuşdur. Dəfələrlə dəymiş zərərin ödənilməsi üçün müraciət edilsə də, müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. "xxxx" MMC tərəfindən verilmiş 01.10.2020-ci il tarixli qüsur aktına əsasən avtomobilə 2.210 manat zərər dəymişdir. Həmçinin avtomobil idarə olunan dövr ərzində, yəni 09.09.2020-ci il tarixdə 100 manat miqdarında inzibati xəta törətmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən icarə verən hazırkı müqavilə şərtlərinə və Mülki Məcəllənin 700, 701, 705-ci maddələrinə əsasən bütün hüquqlara malikdir və bütün hüquqlarından istifadə edir. Müqavilənin 4.3.3cü bəndinə əsasən nəqliyyat vasitəsi icarəyə götürən tərəfindən şəxsən, icarəyə verənə təhvil verilməlidir. Belə olmayan halda, icarəyə götürən avtomobilin texniki vəziyyəti barədə hər hansı bir narazılığa, çatışmamazlığa görə müqavilə şərtləri çərçivəsində məsuliyyət daşıyır. Müqavilənin 4.5.2-ci bəndinə əsasən icarəyə götürən müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsində olması müddətində avtomobil üçün, avtomobilin texniki vəziyyəti üçün, təhlükəsizliyi üçün, yol-nəqliyyat hadisəsinin baş verməsi, avtomobilin oğurlanması, zay olması, məhv olması, təbii fəlakətlə bağlı məhv olması və s. hallar üçün cavabdehlik və məsuliyyət daşıyır. Müqavilənin 4.5.3-cü bəndinə əsasən icarəyə götürdüyü avtomobili saz və işlək vəziyyətdə icarəyə verənə qaytarmalıdır. Müqavilənin 4.5.5-ci bəndinə əsasən nəqliyyat vasitəsi icarəyə götürəndə olduğu müddət ərzində, avtomobillə yol hərəkəti qaydalarının pozulması üçün, qanun pozuntusu üçün, qayda pozuntusu üçün, yol-nəqliyyat hadisəsinin baş verməsi üçün, inzibati məsuliyyət yaradan yol hərəkəti qaydalarının pozulması halları üçün, kameralarla qeydə alınmış yol hərəkəti qaydalarının pozulması halları üçün və s. icarəyə götürən məsuliyyət daşıyır və BDYPİ və müvafiq rayon şöbələri tərəfindən tətbiq edilən cərimələr, cərimələrə hesablanmış faizlər və s. icarəyə götürən tərəfindən ödənilir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Xaliq oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, "xxxx" MMC avtonəqliyyat vasitələrinin kirayəsi ilə məşğul olan hüquqi şəxsdir. Cavabdehə verilmiş avtonəqliyyat vasitəsinin icarəyə verilməsi hüququ, həmçinin tələb etmə hüququ (subyektiv hüquq) iddiaçıya məxsusdur. "xxxx" MMC ilə Cavabdeh Xaliq oğlu arasında 08.09.2020-ci il tarixli, 12 nömrəli müqavilə bağlanmış və iddiaçı «KİA Optima» markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh Xaliq oğluna icarəyə vermişdir. Avtonəqliyyat vasitəsi təhvil verilərkən istifadəyə tam yararlı olmuş, hər hansı qeydşərt irəli sürülməmişdir. Cavabdeh Xaliq oğlu 09.09.2020-ci il tarixdə yol-hərəkəti qaydalarını pozmuş, yolnəqliyyat hadisəsi törətmiş, nəticədə icarəyə götürdüyü avtomobilə maddi ziyan dəymişdir. Hazırda cavabdeh nəqliyyat vasitəsinə vurduğu zərərin əvəzini iddiaçıya ödəməkdən boyun qaçırır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 01.10.2020-ci il tarixli QXM/207 saylı qiymətləndirmə hesabatından (rəyindən) görünür ki, X1 məxsus «KİA Optima» markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər və təmirə çəkiləcək xərcin ümumi dəyəri 2.210 manat müəyyən edilir. Məhkəmə mülki işə obyektiv, hərtərəfli və tam şəkildə baxılması üçün müvafiq məhkəmə ekspertizası təyin edərək, ekspert qarşısında avtomobilə vurulmuş ziyanın məbləği ilə bağlı zəruri suallar qoymuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2021-ci il tarixli, 9/2375 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin 01.10.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı «KİA Optima» markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2.135 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, avtomobilə vurulmuş 2.135 manat maddi ziyan da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, müqavilə şərtlərinə əsasən müqavilənin qüvvədə olduğu müddətdə yol-nəqliyyat hadisəsi törədildiyindən, müqavilədə qeyd olunan 100 manat da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2.135 manat məbləğində avtonəqliyyat vasitəsinə dəymiş zərər, müqavilədə qeyd olunan 100 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh Xaliq oğlundan tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh Xaliq oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Çünki, ekspert rəyinə əsasən avtomobilə dəymiş ziyanın məbləği 2.210 manat deyil, obyektiv qiymətləndirməyə görə 2.135 manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2.135 manat məbləğində avtonəqliyyat vasitəsinə dəymiş zərər, müqavilədə qeyd olunan 100 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh Xaliq oğlundan tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh Xaliq oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar