Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-417/2024 09.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2680 manat məbləğində pul və 46 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2726 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə qonşu olmuş, həmçinin cavabdehin atası ilə yaxın dost olmuşdur. Cavabdeh ona pula ehtiyacı olduğundan bankdan pul götürmək istədiyini bildirmiş və ondan kreditin təminatı kimi zamin olmasını xahiş etmişdir. O da cavabdehə inanmış və nəticədə həm onun, həm də başqa bir şəxsin zaminliyi ilə Cavabdeh "xxxx" ASC-dən xx.xx.2013-cü il tarixli, 290-13 saylı kredit müqaviləsinə əsasən 3000 manat məbləğində kredit verilmişdir. Samirə öhdəliyini qismən icra etməklə bir müddət ödəniş etmiş, lakin sonradan borcunu ödəməmişdir. Bank hər üçünü məhkəməyə vermiş və məhkəmənin qərarı ilə onlardan müştərək qaydada 3058,10 manat pulun tutulması qət edilmişdir. Lakin cavabdehin və digər zaminin rəsmi iş yeri olmadığına görə icraçı icra sənədini onun pensiyasına yönəltmiş, həmin icra sənədinə görə ondan 2680 manat pul tutulmuşdur. Daha sonra icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda İİ qrup əlil olmaqla maddi vəziyyəti ağırdır, səhhətində ciddi problem var. Dəfələrlə borcludan ondan tutulan pulun ödənilməsini xahiş etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmışdır. Ona görə də məcbur olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 aprel 2013-cü il tariхli, ZM-290-13 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 290-13 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq "xxxx" ASC ilə zamin İddiaçı arasında 01 aprel 2013-cü il tariхli, ZM-290-13 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(002)-4243/2014 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh, X1, İddiaçı müştərək qaydada 2296,65 manat əsas borc, 531,45 manat faiz borcu, 200 manat cərimə və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3058,10 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli “tutulmanın aparılması barədə” məktubunun surətindən görünür ki, İddiaçı pensiyasından xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 2680 manat vəsait "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(002)-4243/2014 saylı qətnaməsi üzrə tələb tam şəkildə təmin olunduğundan, icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən İddiaçı ilə bağlı çıxarışdan görünür ki, İddiaçı 2-ci qrup əlilliyə görə pensiya alır. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlara, o cümlədən müqavilənin, qətnamənin, icraata xitam verilməsi haqqında qərarın, xx.xx.2023-cü il tarixli “tutulmanın aparılması barədə” məktubun surətlərinə əsasən müəyyən edildi ki, Cavabdeh kreditor "xxxx" ASC-dən kredit götürmüş, həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə kreditor "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmış, cavabdeh tərəfindən kredit öhdəlikləri yerinə yetirilməmiş, nəticədə iddiaçıdan 2680 manat məbləğində pul tutularaq kreditor "xxxx" ASC-yə ödənilmişdir. Belə olan halda, mülki iş üzrə sübutlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 2680 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində tam əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2680 (iki min altı yüz səksən) manat pul və 46 (qırx altı) manat dövlət rüsumu olmaqla, cəmi 2726 (iki min yeddi yüz iyirmi altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-417/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-417/2024
09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver