Məhkəmə qərarları › İş №2(002)-426/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-426/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-426/2024 31.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.801 manat 80 qəpik əsas borc, 653 manat 84 qəpik faiz, 16 manat 43 qəpik cərimə olmaqla, cəmi 5.472 manat 07 qəpik borcun Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25 % dərəcəsi ilə 4.980 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 17 oktyabr 2023-cü il tarixə "xxxx" KB ASCyə 4.801 manat 80 qəpik əsas borc, 653 manat 84 qəpik faiz, 16 manat 43 qəpik cərimə olmaqla, cəmi 5.472 manat 07 qəpik borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" KB ASC öncəki məhkəmə iclasında məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, bankla bağladığı ilk müqaviləyə əsasən onun borcu yığılmışdır. Bankla yeni müqavilə bağlayaraq, həmin borcun hissələrə bölünərək, ödəniş cədvəlinə əsasən ödənilməsi barədə razılıq əldə olunmuşdur. Nəticədə yeni müqavilə bağlamışlar və yeni müqavilə üzrə vaxtlı vaxtında ödənişləri edəcəyini öhdəsinə götürmüşdür. Hazırda köhnə müqavilə üzrə borc məbləğinin ondan tutulması üçün əsas yoxdur. Bu səbəbdən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25 % dərəcəsi ilə 4.980 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə cavabdehin banka borcu yaranmışdır. Tərəflər arasında borc məbləğinin ödənilməsi ilə əlaqədar məhkəmədən kənar qaydada danışıqlar aparılaraq, yeni müqavilə bağlanması razılığına gəlinmişdir. 30 yanvar 2024-cü il tarixdə tərəflər arasında yeni müqavilə bağlanmışdır. Müqavilənin 1.3-cü bəndində aydın şəkildə qeyd olunmuşdur ki, kreditin məqsədli təyinatı xx.xx.2022-ci il tarixli müqavilənin bağlanılmasıdır (borcun bağlanması). Məbləğ 5.702 manat 82 qəpik təşkil edir. Göründüyü kimi, iddiaçı tərəfin məhkəməyə müraciət etdiyi, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə istinad edilən kredit borcu münasibətləri əsası ortadan qalxmışdır. Çünki, tərəflər yeni müqavilə bağlamaqla, üzərlərinə yeni öhdəlik və vəzifələr götürmüşlər. Təsadüfi deyildir ki, tərəflər gələcəkdə hər hansı anlaşılmazlıq yaranmasın deyə müqavilənin müfəssəl şəkildə tərtib edilməsində maraqlı olmuşlar. 30 yanvar 2024-cü il tarixdə bağlanmış müqavilənin 1.4-cü bəndində qeyd olunmuşdur ki, bu müqavilə üzrə ayrılmış kredit (müddəti 29 mart 2027-ci il tarixədək, illik faiz dərəcəsi 25 % olmaqla, kredit məbləği 5.708 manat) borcalanın xx.xx.2022-ci il tarixli müqavilə üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun ssuda hesabından bank tərəfindən akseptsiz qaydada silinir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında yeni müqavilə bağlanıldığından cavabdehin iddiaçı qarşısında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyi yoxdur. Cavabdehin iddiaçı qarşısında 30 yanvar 2024-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ödəniş cədvəli üzrə ödəməli olduğu kredit ödənişlərini vaxtlı-vaxtında icra edilməsi ilə bağlı öhdəlikləri var. Həmin müqavilə üzrə isə hazırda tərəflər arasında mübahisə yoxdur, cavabdeh həmin müqavilə üzrə ilk ödənişi cari ilin fevral ayında, 220 manat həcmində (əsas məbləğ və faiz birlikdə) icra etməlidir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə istinad edilməklə cavabdehdən kredit borcunu tələb etməsinə dair iddiası əsassızdır və təmin edilə bilməz. İddiaçıya izah edilməlidir ki, cavabdehə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddia - cavabdeh tərəfindən 30 yanvar 2024-cü il tarixdə bağlanmış müqavilənin şərtləri pozulduğu təqdirdə, pretenziya qaydasına riayət etməklə müraciət edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 74.73 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar