Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-43/2024 18.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC özəlləşdiyi vaxtdan 3-cü qrup əlil kimi zərərə görə aylıq ödəncin yenidən hesablanıb ödənilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, 26 yanvar 1988-ci ildə keçmiş Qaradağ Tikinti Materialları Kombinatında 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləyərkən istehsalat qəzası nəticəsində ağır xəsarət almış, nəticədə həkim komissiyasının rəyinə əsasən 60% əmək qabiliyyətini itirmiş və ona 3-cü qrup əlillik dərəcəsi müəyyən edilmişdir. Həmin müəssisədə 1981-ci ildən işləmiş, qəzadan sonra yüngül işə keçirilmiş, 2001-ci ilədək orada işləmişdir. İşlədiyi dövrdə ona 196 manat 20 qəpik məbləğində zərərə görə aylıq ödənc ödənilməli idi, lakin ona 119 manat müəssisə özəlləşənə kimi aylıq ödənc ödənilmişdir, buradan məlum olur ki, ona hər ay 77 manat 20 qəpik ödənilməmişdir. Müəssisə 2002-ci ildə özəlləşdikdən sonra ödəncin ödənilməsi ilə bağlı əmək qanunvericiliyinin tələbləri Cavabdeh ASC-nin rəhbərliyi tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, 5-ci dərəcəli elektrik çilingəri vəzifəsi ştat cədvəlindən çıxarılmış, zərərə görə aylıq ödənc düzgün hesablanmamış və ödənilməmişdir. 2021-ci ilə qədər aylıq ödənclər natamam hesablanmış, həmçinin natamam ödənilmişdir, hətta cavabdeh tərəfin bəzi tarixlərdə ona ödədiyi məbləğlərin ödənc olduğunu belə müəyyən etmək mümkün deyildir. 2021-ci ildən isə ümumiyyətlə cavabdeh ödənc ödəməkdən imtina etmişdir. O, bu barədə dövlət orqanlarına, o cümlədən X8 Xidmətinə çoxsaylı müraciətlər etmiş, lakin məhkəməyə indiyə kimi müraciət etməmişdir. Ona hər dəfə X8 Xidməti tərəfindən standart cavablar göndərilmiş, maliyyə sənədləri təqdim edilmədən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sonda nəhayət xx.xx.2022-ci il tarixli, **********2 saylı cavab məktubu ünvanlanmış, məktubda qeyd olunmuşdur ki, cavabdeh ASC-nin direktoru Abbasov Əkrəm haqqında protokol tərtib edilərək inzibati icraat başlanılmışdır. Bu da onu sübut edir ki, həqiqətən onun hüquqları kobudcasına pozulmuşdur. Məktubda həmçinin qeyd edilmişdir ki, zərərə görə aylıq ödənc əmək qanunvericiliyinə görə düzgün hesablanmamış və ödənilməmişdir. Kombinatın hüquqi varisi olan Cavabdeh ASC 2021-ci ildən zərərə görə aylıq ödənci ümumiyyətlə ödəmir. Halbuki, Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli, 3 saylı Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən, müəssisə yenidən təşkil edildiyi halda zərərin ödənişini müəssisənin hüquqi varisi həyata keçirməlidir. Onu da qeyd edir ki, Əmək Məcəlləsinin 296cı maddəsinin 4-cü hissəsinə əsasən, zərərin ödənilməsi haqqında tələbə iddia müddəti şamil edilmir. Hesab edir ki, Cavabdeh ASC-nin özəlləşdiyi 2002-ci ildən indiyə qədər olan dövr üçün ona 3-cü qrup əlil kimi zərərə görə aylıq ödəncin yenidən hesablanıb ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, cavabdeh tərəf iddia tələbinə etiraz edir. Belə ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür, müəssisənin özəlləşməsi 2002-ci ildə başa çatmış, iddiaçı isə 2023-cü ildə məhkəməyə müraciət edərək həmin dövrdən indiyə kimi zərərə görə aylıq ödəncin tutulmasını tələb etmişdir. Ona görə də iddia müddəti tətbiq edilərək iddia rədd edilməlidir. Bundan əlavə, qeyd edir ki, cavabdeh təşkilat özəlləşdikdən sonra qısa bir müddət işləmiş, lakin hazırda faktiki olaraq fəaliyyətini dayandırmışdır. Demək olar ki, işçiləri qalmamışdır, maliyyə vəziyyəti ağırdır, müflisləşmə ilə bağlı sənədlər hazırlanmaqdadır. Əslində iddiaçı tərəfə müəyyən vaxtlarda aylıq ödənclər ödənilmişdir, lakin müəssisə işləmədiyindən və yanğın hadisələri olduğundan iddiaçı ilə bağlı 2020-ci ildən əvvələ aid sənədlərin tapılması, həmin vaxta qədər dəqiq hesabatın aparılması mümkün deyildir. Buna baxmayaraq, son illərə aid sənədlər cavabdehdə mövcuddur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185ci maddəsinə əsaslanaraq mülki işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı müraciətinə X8 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Bundan əvvəl eyni məzmunlu müraciətlərin araşdırılması zamanı "xxxx" ASC-yə müvafiq sənədlərin təqdim olunması məqsədilə məktub ünvanlanmış, lakin sənədlər tam təqdim olunmamışdır. Bu səbəbdən sənədlərin təqdim olunmasında köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunmuşdur. "xxxx" ASC-nin direktoru X3 Azərbaycan Respublikasının Baş Prokurorluğuna verdiyi izahatında İddiaçı "xxxx" ASC-də xəsarət aldığı və əmək qabiliyyətinin 60%-ni itirdiyi, bu səbəbdən zərərə görə aylıq ödənclərin müəyyən edildiyi və 2020-ci il tarixinədək ödənclərin tam ödənildiyi, lakin maliyyə çətinliyi ilə əlaqədar olaraq ödənişlərdə gecikmələrin olduğu bildirilmişdir. Zərərə görə ödənclərin ödənilməsində gecikmələrin olması səbəbindən "xxxx" ASC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 15 aprel 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati icraata başlanılmışdır. İddiaçı zərərə görə ödəncinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarına əsasən hesablanıb odənilməsi və ödənilməyən ödənclərin təmin olunması məqsədilə "xxxx" ASC-nin rəhbərliyinə müvafiq məktub göndərilmişdir. Həmçinin, zərərə görə ödəncin ödənilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan istehsalatda bədbəxt hadisə haqqında Aktın surətindən görünür ki, Qaradağ Tikinti Materialları Kombinatında 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləyən İddiaçı xx.xx.1988-ci il tarixdə istehsalatda əmək xəsarəti almışdır. İş materiallarında olan MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolun və MN seriyalı, ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, Cavabdeh ASCnin direktoru X5 AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə (İddiaçı əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) 1200 manat cərimə edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Nizamnaməsinin surətindən və kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına dair çıxarışdan görünür ki, Cavabdeh ASC xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, hazırda qanuni təmsilçisi X4r. Nizamnamənin 1.1-ci bəndinə əsasən, Cavabdeh ASC (sonralar Cəmiyyət adlandırılacaq) müstəqil hüquqi şəxs olub Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Səhmdar Cəmiyyəti haqqında” Qanuna, bu Nizamnaməyə və digər qanunvericilik aktlarına uyğun olaraq fəaliyyət göstərir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı zona tərəfindən verilmiş müayinə aktından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə müayinə edilmiş, əmək qabiliyyətinin itirilməsi 60% olaraq müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Qafar Səfər oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi barədə müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişi əsasında qiymətləndirilir. Bildirilmişdir ki, İddiaçı xx.xx.2004-cü ildən “əmək zədəsi” səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş TSEK müayinə aktlarından çıxarışlara əsasən, İddiaçı xx.xx.1988-ci ildən əmək zədəsi səbəbindən üçüncü dərəcə əlillik müəyyən edilmiş, hər dəfə növbəti müayinə tarixi bir il müəyyən edilmiş, xx.xx.2004-cü ildən isə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X8 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2008-ci il tarixli məktubun surətindən görünür ki, araşdırma zamanı Cavabdeh ASC-də işçilərin ştat cədvəlində əmək haqqı məbləğinin düzgün göstərilməməsi səbəbindən İddiaçı zərərə görə ödənc məbləğinin də buna uyğun olaraq hesablanmaması aşkar edilmişdir. Zərər əvəzinin yenidən hesablanıb ödənilməsi barədə müəssisə rəhbərliyinə icrası məcburi olan göstəriş verilmişdir. Müraciətdə qaldırılan digər məsələlər üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqına dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan və istifadəçilərə təqdim edilən rəsmi statistik məlumatlar bu sahədə statistikanın aparılması üçün müəyyən edilmiş hesabat formalarının məlumatları əsasında işlənilir ki, həmin hesabat formalarında ayrı-ayrı peşələr (vəzifələr) üzrə orta aylıq nominal əməkhaqqına dair məlumatlar nəzərdə tutulmamışdır. Bu səbəbdən sorğuda qeyd edilmiş "elektrik-çilingər" peşəsi üzrə orta aylıq nominal əməkhaqqı barədə məlumatların təqdim edilməsi mümkün deyildir. Həmin məktuba əlavədən görünür ki, 2002-2022-ci illərdə və 2023-cü ilin yanvar-mart aylarında mədənçıxarma sənayesi sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqına dair məlumatlar əks olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, tərəflərindən “Təhlil” altsisteminə baxış keçirilərkən Cavabdeh ASC tərəfindən elektrik-çilingər vəzifəsi üzrə əmək müqaviləsi bildirişlərinin daxil edilmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə Qaradağ Tikinti Materialları Kombinatında işə qəbul edilmiş, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləmiş, xx.xx.2001-ci ildə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 3-cü dərəcə əlilliyə görə 327,22 manat məbləğində əmək pensiyası alır. Təyinatın bitmə tarixi müddətsizdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi təqdim edilmiş mövcud iş materiallarında İddiaçı istehsalatda əmək xəsarəti nəticəsində təyin edilmiş əlilliklə əlaqədar (əmək qabiliyyətinin itirilmə faizi: 60%) 13 aprel 2023-cü il tarixə qədər "xxxx" ASC tərəfindən hansı məbləğdə aylıq ödənc ödənilməsi və hansı məbləğdə aylıq ödənc ödənilmədiyi haqqında ilkin mühasibat sənədləri (o cümlədən əmək müqavilələri, əmək haqqı barədə məlumatlar, aylıq ödənclərin ödənilməsinə dair çıxarışlar və s.) olmadığından həmin suallar üzrə tədqiqat aparmaq mümkün deyildir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin mütəxəssisinin gəldiyi nəticəyə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli qərarının 3.3, 3.4 və 3.5-ci maddələrinin tələbləri təmin olunmadığından yekun və dəqiq rǝy vermək mümkünsüzdür. Ekspert qeyd edir ki, Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3-34/2-38/06-1/2023 nömrəli məktubuna əlavəyə əsasən 2002- 2022-ci illərdə və 2023-cü ilin yanvar-mart aylarında mədənçıxarma sənayesi sahəsində X7 Təsnifatı üzrə orta aylıq nominal əməkhaqqı məbləğləri məhkəmə tərəfindən əsaslı hesab edildiyi halda, İddiaçı istehsalatda əmək xəsarəti nəticəsində təyin edilmiş əlilliklə əlaqədar (əmək qabiliyyətinin itirilmə faizi: 60%) 30 iyul 2004-cü ildən 13 aprel 2023-cü il tarixə qədər hesablanmalı olan aylıq ödənclərin ümumi məbləği 255634,2 manat (xx.xx.2004-cü ildən xx.xx.2023-cü il tarixə qədər orta nominal əmək haqqının cəmi 426057,0 manat x 60%) təşkil edir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, hazırda Cavabdeh ASC-nin maliyyə vəziyyəti ağırdır. Belə ki, hazırda Cəmiyyətin dövlət büdcəsinə 769851 manat vergi borcu vardır. İki ildən artıq dövrdür ki, koronavirus (COVİD-19) pandemiyası səbəbindən Cəmiyyətin maliyyə imkanları məhdudlaşdırılmışdır. Cəmiyyətin maliyyə vəziyyəti düzəldiyi halda xəsarət aldıqlarına görə digərləri kimi İddiaçı da sosial müavinətin ödənilməsi təmin olunacaqdır. İş materiallarında olan Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" ASC sovet dönəmində yaradılmış dövlət müəssisəsi olmuş, Dövlət Əmlakının Özəlləşdirilməsinə dair Dövlət Proqramı əsasında özəlləşdirilmişdir. Hazırda "xxxx" ASC-nin maliyyə vəziyyəti ağırdır. Belə ki, Cəmiyyətin dövlət büdcəsinə 856262 manat vergi borcu vardır. Bir ildən artıq dövrdür ki, koronavirus (COVİD-19) pandemiyası səbəbindən Cəmiyyətin maliyyə imkanları məhdudlaşdırılmışdır. 3 aydan artıqdır ki, işçilərin əmək haqqlarını ödəyə bilmirlər. Eyni zamanda səhmdarlara da dividend ödənilmir. İddiaçı müraciəti ilə bağlı olaraq bildirilmişdir ki, bədbəxt hadisəni təsdiq edən H1 formalı aktın surəti və əmək qabiliyyətinin itirilmə faizi barədə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayış şəxs tərəfindən onlara təqdim edilmədiyindən Cəmiyyətin arxiv sənədlərində aşkar edilməmişdir. İddiaçı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilməli olan arayış üçün Ekspertizaya göndərilməsini təklif etsələr də, şəxs bundan imtina etmişdir. O, aylıq 1800 manat ödənc verilməsi arzusundadır. Buna baxmayaraq İddiaçı ailə vəziyyətinin ağır olmasını, uzun illər bundan əvvəl həmin Cəmiyyətdə işçi kimi işləməsini nəzərə alaraq ona keçən illər ərzində hər ay rəsmi olaraq yardımlar edilmişdir. İddiaçı bundan əvvəl müraciəti ilə bağlı tərəflərindən xx.xx.2021-ci il tarixli 64 №-li vǝ xx.xx.2021ci il tarixli 90 №-li cavab məktubları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə göndərilmişdir. İş materiallarında olan Cavabdeh ASC işçilərinin ştat cədvəllərinin surətlərindən görünür ki, 2011-2020-ci illər üzrə ştat cədvəllərində 5-ci dərəcəli elektrik çilingəri vəzifəsi mövcud deyildir. İş materiallarında olan İddiaçı istehsalatda əmək xəsarəti nəticəsində təyin edilmiş əlilliklə əlaqədar (əmək qabiliyyətinin itirilmə faizi: 60%) xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilən aylıq ödənclərlə bağlı məlumatdan və ödəniş qəbzlərinin surətlərindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə 108 manat, xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə 150 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixə qədər müxtəlif vaxtlarda 100 manat məbləğində ödəniş aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin xx.xx.2024-cü il tarixli məhkəmə eksperizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, mülki iş üzrə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının aparılması və rǝy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə vəsatət (İddiaçı "xxxx" ASC-də (xx.xx.2002 - xx.xx.2023) iş fəaliyyəti üzrə (elektrik çilingəri vəzifəsi və sonradan tutduğu vəzifəyə uyğun) əmək haqqının hesablanması və ödənilməsinə dair cədvəllər, əmək haqqı cədvəlləri, tabel uçot vərəqələri, dövlət sosial sığorta üzrə tutulmalar, MDSS haqları üzrə bəyannamə məlumatları, əmək müqavilələri, əmək haqqı barədə məlumatlar, aylıq ödənclərin ödənilməsinə dair çıxarışlar, bank çıxarışları, bildirişlər və s.) göndərilmişdir. Vəsatətə cavab olaraq "xxxx" ASC-nin məktubunda aşağıdakılar göstərilmişdir: "Nəzərinizə çatdırırıq ki, tələb edilən sənədləri təqdim etmək mümkün deyildir. Belə ki, "xxxx" ASC-nin yaranma tarixi 2000-ci illərə təsadüf edir və tələb edilən sənədləri əldə etmək mümkün olmamışdır. Lakin son 3 (üç) ilin ödəniş qəbzlərini təqdim edə bilərik və təqdim edirik. Digər tərəfdən, xx.xx.2002-ci il tarixdən etibarən iddiaçının sağlamlığına dəymiş zərərə görə iddia etdiyi pul məbləği mövcud qanunvericiliyin tələblərinə ziddir, çünki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.3-cü maddəsinin tələblərinə görə sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi iddia irəli sürülməzdən əvvəlki 3 (üç) il üçün ödənilir. Bundan əlavə, hal-hazırda müəssisənin yaranmış vergi borcları olduğundan ödənişləri vaxtlı-vaxtında etməkdə çətinliklər yaranır. Odur ki, İddiaçı son 3 (üç) ildə edilmiş ödənişlərin qəbzləri təqdim olunur." Ekspert qeyd edir ki, vəsatətdə qeyd edilən sənədlər olmadığından ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılaraq rəyin verilməsi mümkün deyildir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı 26 yanvar 1988-ci ildə keçmiş Qaradağ Tikinti Materialları Kombinatında 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləyərkən istehsalat qəzası nəticəsində xəsarət almış, nəticədə 60% əmək qabiliyyətini itirmiş və xx.xx.1988-ci ildən ona əmək zədəsi səbəbindən üçüncü dərəcə əlillik müəyyən edilmiş, hər dəfə növbəti müayinə tarixi bir il müəyyən edilmiş, xx.xx.2004-cü ildən isə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Cavabdeh ASC isə iddiaçının işlədiyi müəssisə özəlləşdikdən sonra xx.xx.2002-ci ildən fəaliyyətə başlamışdır. Hazırda iddiaçı cavabdehin fəaliyyətə başladığı dövrdən onun səhhətinə dəymiş zərərə görə aylıq ödəncin yenidən hesablanıb ödənilməsini tələb edir, cavabdeh isə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Bundan əlavə, məhkəmə iclasında həmçinin müəyyən edildi ki, iddiaçıya ödənclər qanunamüvafiq qaydada hesablanıb ödənilmədiyindən cavabdeh təşkilatın rəhbəri X8 Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda, Cavabdeh ASC-nin iddiaçı ilə bağlı 2020-ci ilədək olan zəruri sənədləri təqdim edə bilməməsi səbəbindən ekspert rəyinin alınması və ödənilməyən ödənc məbləğinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə, mülki iş üzrə sübutlara və məhkəmə iclasında müəyyən edilən hallara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı istehsalatda əmək xəsarəti nəticəsində təyin edilmiş 3-cü qrup əlilliklə əlaqədar (əmək qabiliyyətinin itirilmə faizi: 60%) ödənilməli aylıq ödəncin xx.xx.2020-ci il tarixdən xx.xx.2023cü il tarixədək (iddia irəli sürülməzdən əvvəlki üç il üçün) qanunamüvafiq qaydada yenidən hesablanaraq ödənilməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilməlidir. Belə ki, mövcud qanunvericiliyə əsasən cavabdeh iddiaçının sağlamlığına dəymiş zərərə görə aylıq ödəncin ödənilməsi öhdəliyini daşımaqdadır. Həmçinin, mövcud qanunvericiliyə və məhkəmə təcrübəsinə (o cümlədən bu mövzuda məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-324/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarına) əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. Eyni zamanda, iddia irəli sürülməzdən əvvəlki üç il üçün sənədlər cavabdeh təşkilatda mövcud olduğundan, həmin dövr üzrə müvafiq ödəncin onun tərəfindən yenidən hesablanıb ödənilməsi iddiaçının pozulmuş hüququnun bərpası ilə yanaşı, praktiki cəhətdən də mümkündür. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi cavabdehə öhdəliyin qoyulması ilə bağlı olduğundan, mübahisənin bu qaydada həlli verilmiş tələb üzrə qətnamə qəbul edilməsi zərurəti ilə bağlı prosessual normaya da uyğundur. Beləliklə, iddia qismən əsaslı olduğundan, göstərilən hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə əsasən, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Həmin Məcəllənin 1118.2-ci maddəsinə əsasən, itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Həmin Məcəllənin 1126.1-ci maddəsinə əsasən, həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 239.1-ci maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Həmin Məcəllənin 239.3-cü maddəsinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən, dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən, mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ekspertiza xərci tərəflər arasında bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı istehsalatda əmək xəsarəti nəticəsində təyin edilmiş 3-cü qrup əlilliklə əlaqədar (əmək qabiliyyətinin itirilmə faizi: 60%) ödənilməli aylıq ödəncin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunamüvafiq qaydada yenidən hesablanaraq ödənilməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı 50 (əlli) manat, Cavabdeh ASC-dən 50 (əlli) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu: 142595, ekspertiza xərci, SAP (XİİS) hesabı: X2, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-43/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-43/2024
18.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver