Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-441/2021 10.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Abdülgül oğluna və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Abdülgül oğluna və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 Abdülgül oğlundan və Cavabdeh2 981,90 manat əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 588,15 manat faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% ilə hesablanmış 188,72 manat faiz borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 792,06 manat cərimənin, cəmi 2550,83 manat (iki min beş yüz əlli manat səksən üç qəpik) borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, xx.xx.2015-ci il tarixli, İKM 295 saylı istehlak krediti müqaviləsinə əsasən İddiaçı ASC-nin “Təbriz” filialı tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 28% ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 295 saylı istehlak krediti müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, 2016-cı ildən ödəniş etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən, zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 həmin kredit üzrə banka olan əsas borcu 981,90 manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə faiz borcu 588,15 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış faiz borcu 188,72 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə 792,06 manat olmaqla, cəmi borcu 2550,83 manat təşkil edir. Cavabdehlər tərəfindən öhdəliklər yerinə yetirilmədiyindən xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Həmçinin bildirir ki, bundan əvvəl qeyd olunan cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilsə də, iddia ərizəsi icraata götürülmədən geri qaytarılmış, geri qaytarılma barədə qərardaddan verilmiş şikayət isə təmin edilməmişdir. Hazırki iddia ərizəsi xx.xx.2020-ci il tarixdə tərtib edilməklə məhkəməyə göndərilmiş və məhkəmənin icraatına qəbul edilmişdir. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək izahatında bildirdi ki, onunla İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddia müddəti ötürüldüyünə görə iddia tələbinin rədd edilməsini xahiş edir. Həmçinin qeyd edir ki, həmin kredit ümumiyyətlə başqa şəxs üçün götürülmüş və özü tərəfindən hər hansı ödəniş edilməmişdir, kredit götürən şəxs isə məhkum edilmişdir. Digər cavabdeh olan Vətən Müharibəsi qazisi Cavabdeh2 da həmin kreditə heç bir aidiyyəti yoxdur. Müqavilə bağlanandan indiyə kimi onlara qarşı hər hansı iddia qaldırılmamışdır. İddia ərizəsi ona 2020-ci ilin dekabr ayında göndərilmiş və həmin vaxt artıq iddia müddəti ötürülmüşdür. İddiaçının izahatında göstərdiklərinə əsasən, əgər əvvəllər iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmışsa, həmin iddia vaxtında verilmiş hesab oluna bilməz, onun həmin iddia barədə heç bir məlumatı olmamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini xahiş edir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, İKM 295 saylı istehlak krediti müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Təbriz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 295 saylı istehlak krediti müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 28% olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışlardan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, İKM 295 saylı kredit müqaviləsi üzrə banka 981,90 manat əsas borc, müqavilənin bitdiyi xx.xx.2017-ci il tarixinə 588,15 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% ilə hesablanmış 188,72 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 792,06 manat cərimə olmaqla, cəmi 2550,83 manat məbləğində borcu vardır, hesabdan çıxarışlara görə 2016-cı ildən sonra borclu tərəfindən kredit üzrə ödəniş aparılmamışdır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqavilənin icra müddəti xx.xx.2017-ci il tarixdə başa çatmışdır. İddiaçının xx.xx.2020-ci il tarixli iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh borclu iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etmişdir. Qeyd olunanlara və mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf müqavilə üzrə icra müddətinin bitməsindən 3 (üç) ildən çox vaxt keçdikdən sonra iddia qaldırdığından və iddia müddətini ötürdüyündən, habelə cavabdeh borclu məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etdiyindən iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə, əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bundan əlavə, iddiaçının nümayəndəsinin geri qaytarılmış iddia ərizəsi ilə bağlı izahatına əsasən məhkəmə müəyyən edir ki, məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmış və tərəflərə rəsmi qaydada təqdim edilməmiş iddia ərizəsinin verilməsi, qanunla müəyyənləşdirilmiş qaydada iddianın qaldırılması kimi qiymətləndirilə və iddia müddətinin kəsilməsinə əsas hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.1-ci maddəsinin tələbinə əsasən, yalnız müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia müddəti ötürüldüyündən, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-441/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-441/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver