Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-444/2022 17.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv olunması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.02.2005-ci il tarixdə Bakı şəhəri 47 saylı notariat kontorunda X4 (etibarnamə üzrə X5) ilə Cavabdeh arasında Bakı şəhəri Qaradağ rayonu Müşfıqabad qəsəbəsi ünvan 1 ünvanda yerləşən 7 nömrəli mənzilə dair bağlanmış alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh adına verilmiş çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 24.02.2005-ci il tarixdə Bakı şəhəri 47 saylı notariat kontorunda bibisi X4 (etibarnamə üzrə X5) Cavabdeh ilə Bakı şəhəri Qaradağ rayonu Müşfıqabad qəsəbəsi ünvan 1 ünvanda yerləşən 7 nömrəli mənzilə dair alğı-satqı müqaviləsi bağlanmışdır. Alğı-satqı müqaviləsinə əsasən bibisi (etibarnamə üzrə X5) mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri Qaradağ rayonu Müşfıqabad qəsəbəsi ünvan 1 ünvanda yerləşən 7 nömrəli mənzili Cavabdeh satmışdır. Müqavilənin əsasında cavabdeh DƏDRX-nin Bakı şəhər ərazi üzrə adına çıxarış almışdır. Çıxarışın əsasında o, hazırda mənzilin mülkiyyətçisidir. Qeyd etmək istəyir ki, həmin əqd formal xarakter daşınmışdır, çünki, mənzili satıldıqdan sonra o və bibisi X4 mübahisəli mənzildə yaşamağa davam etmişlər. Bu günə qədər də o, həmin mənzildə yaşayır və mənzil onun yeganə yaşayış yeridir. Uzun illər ərzində o, mənzilin kommunal xərclərini tam ödəyir. Bundan başqa, cavabdeh mənzilin satılması ilə bağlı onlara heç bir qəpik verməmişdir və bibisi Hədiqət Dövlətovanın əvəzində (etibarnamə üzrə) mənzili cavabdehin oğlu X1. Həmçinin, bibisi mənzili satmaq üçün etibarnaməni Yusif Talıbovun adına evdə vermişdir, çünki, səhhətinə görə bibisi evdən çölə çıxa bilməmişdir. Mənzilin satılmasında məqsədləri bu idi, o, əlildir, bibisi isə iflic (paraliç) keçirmişdir və çox ağır vəziyyətdə olmuşdur. İkisinin də qayğıya ehtiyacları var idi. İkisi də Sabunçu qəsəbəsində anadan olmuşlar və vaxtilə 2002-ci ildə atası ilə mübahisəli mənzilə köçmüşlər. Qohumları Sabunçu kəndində yaşadıqları üçün yenidən ora köçmək qərarına gəlmişlər. Mənzili satmaqda məqsədləri bu idi. Lakin, alğı-satqı bağlandıqdan sonra nə cavabdeh (mənzilin alıcısı), nə də satıcı (cavabdehin oğlu) mənzil üçün onlara pul verməmişlər. Cavabdeh onlara demişdir ki, mənzilin pulu əvəzinə onlara maddi yardım edəcək, son günlərinə qədər onları mənzildən çıxarmayacaq. Ancaq onlara heç bir maddi yardım göstərməmişdir və onlara demişdir ki, ikisi də pensiya alı, onun hesabına yaşasınlar. Bundan sonra mənzillərində yaşamağa davam etmişlər. O, bu günə qədər orada yaşayır. Cavabdeh mənzildən çıxarılması ilə bağlı onlara qarşı heç bir tələb irəli sürməmişdir. 2014-cü ilin mart ayında bibisi vəfat etmişdir. Bibisinin ölümündən 7 il sonra cavabdeh ona qarşı mənzildən çıxarılması barədə məhkəməyə iddia irəli sürmüşdür. Hal-hazırda onun mənzildən çıxarılması barədə mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Hesab edir ki, 2005-ci ildə bibisi X4 (etibarnamə üzrə X5) ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsi tamamilə qanunsuzdur və etibarsızdır. Birincisi, bibisi X3 mülkiyyət hüququ üzrə məxsus olan mənzil satıldıqdan sonra cavabdeh onlara heç bir qəpik verməmişdir. Məhz buna görə onlar mübahisəli mənzildə yaşamağa davam etmişlər və cavabdeh onlara qarşı 2005-ci ildən 2021-ci ilə qədər evdən çıxarılması ilə bağlı heç bir tələb irəli sürməmişdir. Eyni zamanda, mənzilin pulu alınmadığına görə, digər mənzili ala bilməmişlər. İkincisi, bibisi X2 əvəzində mübahisəli olan alğı-satqı müqaviləsi cavabdehin oğlu X5 tərəfindən bağlanmışdır. Beləliklə, bibisi Hədiqət Dövlətovaya məxsus olan mənzilinə dair ata-bala öz arasında müqavilə bağlamışlar. Üçüncü, müqavilənin 11-ci bəndinə əsasən müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan otuz gün müddətində onun faktiki sahibliyinə və istifadəsinə verməyi, alıcı isə daşınmaz əmlakı qəbul etməyi öhdəsinə götürür. Lakin, görünür ki, cavabdeh, yəni mənzilin alıcısı Cavabdeh uzun illər ərzində mənzil ilə maraqlanmamış, mənzilə köçməmiş və 16 il ərzində mənzildən çıxarılması barədə heç bir iddia qaldırmamışdır. Beləliklə, mənzilin alğı-satqısı tam formal xarakter daşımışdır, bibisi Hədiqət Dövlətovaya məxsus olan mənzili almaq cavabdehin niyyəti olmamışdır. İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdilər, iddia ərizəsinin məzmununa uyğun izahat verib hər biri ayrı-ayrılıqda məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etdi və izahatında bildirdi ki, iddia əsassızdır. Yazılı şəkildə təqdim etdiyi məlumatda qeyd etdiklərini bir daha təkrarlamaq istəmir. Yazılı şəkildə təqdim etdiyi məlumatda qeyd etdiklərindən əlavə, əqdlərin etibarsızlığı ilə bağlı verilən iddialar üzrə 1 illik iddia müddəti müəyyən edilmişdir. İddiaçı qeyd olunan iddia müddətini ötürmüş, 2005-ci ildə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmədən iddianın əsassız olduğundan və iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 24.02.2005-ci il tarixdə satıcı X4 (etibarnamə üzrə X5 təmsil etmişdir) ilə alıcı Cavabdeh arasında Bakı şəhəri 47 saylı notariat kontorunda Bakı şəhəri Qaradağ rayonu Müşfıqabad qəsəbəsi ünvan 1 ünvanda yerləşən 7 nömrəli mənzilə dair alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin mənzil alğı-satqı müqaviləsi bağlanmaqla özgəninkiləşdirilməmişdən öncə, Bakı şəhəri İHBA Tİ və MHQİ tərəfindən verilmiş 14 dekabr 1994-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən X2 xüsusi mülkiyyətində olmuşdur. Alğı-satqı müqaviləsi bağlanandan sonra həmin müqavilə əsasında yeni mülkiyyətçi Cavabdeh adına Tİ və MHQİ tərəfindən 07 aprel 2005-ci il tarixdə ÖM seriyalı 229332 saylı qeydiyyat vəsiqəsi verilməklə, Cavabdeh mənzil üzərində mülkiyyət hüququ 302 saylı reyestr kitabının 43792 saylı səhifəsində 30/7279 sayla qeydiyyata alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(002)- 1668/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılma və mənzilə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, əqdlərin etibarsız hesab edilməsi əsasları Mülki Məcəllənin aidiyyatı maddi hüquq normalarında müfəssəl şəkildə təsbit olunmuşdur. Hazırkı mülki iş üzrə mübahisələndirilən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən olunmur. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, iddiaçı müqavilənin bağlandığı vaxtdan xeyli müddət ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan uzun illər sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, həmçinin iddia əsassız olduğundan, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv olunması» tələbinə dair iddiası iddia müddəti tətdiq edilməklə, rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv olunması» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-444/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-444/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver