Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(002)-4601/2025 04.03.2026 BAKI ŞƏHƏRI QARADAĞ RAYON MƏHKƏMƏSI Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh SOCAR Qaz İxracı İdarəsinin nümayəndəsi X1, Cavabdeh SOCAR Qaz Emalı Zavodunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər SOCAR Qaz İxracı İdarəsinə və SOCAR Qaz Emalı Zavoduna qarşı «əmlakın dəyərinin və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər SOCAR Qaz İxracı İdarəsinə və SOCAR Qaz Emalı Zavoduna qarşı «əmlakın dəyərinin və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan götürülmüş 132 ədəd özəlləşdirmə çekinin hər birinin qiyməti 100 manat olmaqla, ümumilikdə 13.000 manat pulun və əldən çıxmış fayda kimi 50.000 manat pul vəsaitinin cavabdehlər SOCAR Qaz İxracı İdarəsindən və SOCAR Qaz Emalı Zavodundan müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşüb, Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi * saylı N.Nərimanov adına yataqxanda ailə üzvləri ilə birlikdə məskunlaşmışlar. 1997-ci ildə o, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Azərbaycan Qaz Emalı zavodunda işə düzəlmiş və 2023-cü ilə kimi həmin müəssisədə işləməklə oradan təqaüdə çıxmışdır. Qeyd edir ki, onun adına yazılmış ##.##.2001-ci il tarixli qəbzdə qeyd edilmişdir ki, Azərbaycan Qaz Emalı səhmdar cəmiyyətinin səhmlərinə güzəştli satışda iştirak etmek üçün verdiyi sifarişi və təqdim etdiyi 1.132 ədəd özəlləşdirmə çeki qəbul edildi. Uzun illər elə həmin zavoda işləmiş, amma ona heç bir divident verilməmişdir. 2001-ci ildə ondan götürülmüş çeklər barəsində məlumat almaq barədə SOCAR Qaz İxracı İdarəsinə və Qaz Emalı Zavoduna ərizə ilə müraciət etmişdir. Nəticədə özəlləşdirmə çeklərinin və həmin çeklərin hüquqi vəziyyəti barədə ona aydın olmayan cavablar vermişlər. Belə ki, Qaz Emalı Zavodu ona məktub göndərərək bildirmişdir ki, bu məsələ ilə bağlı, yəni 2001-ci ildə ondan götürülmüş çeklər barəsində məlumat almaq barədə SOCAR-ın Qaz İxracı İdarəsinə müraciət etməlidir. O, SOCAR-ın Qaz İxracı İdarəsinə ərizə ilə müraciət etmiş və ona cavab olaraq oradan bildirmişlər ki, o, yenidən SOCAR-ın Qaz Emalı Zavoduna müraciat etməlidir. Hal-hazırda onun hüquqları pozulmuşdur. Qeyd edir ki, adına yazılmış ##.##.2001-ci il tarixli qəbzdə qeyd edilmişdir ki, Azərbaycan Qaz Emalı Zavoduna 1.132 ədəd özəlləşdirme çeki vermişdir və bu hal rəsmi qəbzlə təsdiq olunur. Qeyd edilmişdir ki, cavabdehə təqdim etdiyi özəlləşdirmə çekləri onun əmlakıdır. Yəni, həmin özəlləşdirmə çekləri üzərində mülkiyyət hüququ ona aiddir. O, 2001-ci ildən bu özəlləşdirmə çeklərindən istifadə edə bilməmişdir, çünki cavabdehlər tərəfindən ondan götürülmüş özəlləşdirmə çekləri SOCAR-ın Qaz Emalı Zavodunda olmuşdur. Cavabdehlər tərəfindən ona təqdim olunan cavablarda Azərbaycan Qaz Emalı ASC-nin, SOCAR-ın «Qaz Əməliyyatları» İdarəsi və SOCAR-ın Qaz İxracı İdarəsinin adları çəkilir. Onun hüquqlarını pozan cavabdehler ümüd edir ki, məhkəmə qarşısında aydın olan cavablar verəcəklər. İddiaçı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmir. Cavabdeh SOCAR Qaz İxracı İdarəsinin nümayəndəsi X1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Əlavə olaraq bildirmək istəyir ki, işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmir. Cavabdeh SOCAR Qaz Emalı Zavodunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. O da, işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmir. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, vəsatət əsaslı olduğuna görə təmin edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarının 24-cü bəndinə əsasən 11-ci bəndinə əsasən MPM-nin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-nin istinad olunan 1-ci, habelə 25 veə26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Həmin Qərarın 19-cu bəndinə əsasən korporativ tələblər üzrə işlərin xarakteri, özlüyündə, onların yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Qərarın icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldə göstərilmişdir ki, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələrində baxılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbinin predmetini mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq məhz kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər təşkil etdiyindən, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qebul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzre göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddesine əsasən bir məhkəmədən digərinə göndrilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 35, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı cavabdehlər SOCAR Qaz İxracı İdarəsinə və SOCAR Qaz Emalı Zavoduna qarşı «əmlakın dəyərinin və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-4601/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-4601/2025
04.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver