Məhkəmə qərarları › İş №2(002)-4650/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-4650/2025

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-4650/2025 19.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan nisyə aldığı məişət avadanlığı üçün ödənilməmiş 1135 manat məbləğində pul vəsaiti, 32 manat dövlət rüsumu və gecikdirilmiş hər gün üçün 1 manat dəbbə pulunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Nur Hayat” mebel və məişət avadanlıqları mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh 07 dekabr 2021-ci il tarixdə ona müraciət etmiş, ondan dəyəri 1650 manat olan “LG” markalı, tv55 smart tipli televizor almaq istədiyini bildirmişdir. Həmin tarixdə aralarında dəyəri 1650 manat olan televizorun cavabdehə verilməsi üçün xx.xx.2021-ci il tarixdə hər ay 110 manat ödəmək şərti ilə 15 ay müddətinə nisyə alğı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh həmin müqavilə üzrə 515 manat ödəniş etdikdən sonra xx.xx.2022-ci il tarixdə ödənişləri dayandırmışdır. Hazırki vaxta kimi cavabdehin iddiaçıya ödənilməmiş 1135 manat borcu qalmışdır. Həmçinin cavabdeh nisyə götürdüyü mallara görə ödənişi vaxtında etmədiyindən əlavə olaraq cərimə borcu da yaranmışdır. Belə ki, aralarında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün 1 manat əlavə pul ödəcəyi barədə iltizama imza etmişdir. Dəfələrlə cavabdehdən aldığı nisyə malın pulunun ödənilməsini tələb etsə də indiyə kimi müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı qismən müdafiə edərək, izahatında bildirdi ki, hazırda cavabdehdən yalnız əsas borcun ödənilməsini tələb edir, dəbbə pulunun tutulması hissəsində isə iddianı müdafiə etmir. Ona görə də məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, əsas borc hissəsində iddianın təmin edilməsinə etirazının olmadığını, lakin iddianın dəbbə pulunun tutulması hissəsində iddianı qəbul etməyib, həmin hissədə iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən: - xx.xx.2021-ci il tarixli müqavilədən (nisyə alğı-satqı müqaviləsindən) görünür ki, Cavabdeh İddiaçı dəyərini müqavilə şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə 1650 manat dəyərində olan “LG” markalı, tv55 smart tipli televizor almış, həmin müqavilə üzrə cəmi 515 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam və vaxtında icra edilməmişdir. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı məhkəməyə ərizə verilməsi ilə bağlı 32 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, nisyə alınmış dəyəri 1135 manat olan “LG” markalı, tv 55 smart tipli televizora görə ödənilməmiş 1135 manat pul vəsaiti və ödənilmiş 32 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürsə də, bu hissə ilə bağlı iddia tələbini müdafiə etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Dəyəri 1135 manat olan “LG” markalı tv55 smart tipli televizor üçün ödənilməmiş 1135 manat əsas borc və 32 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar