Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-493/2021 17.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı kredit borcu üzrə əldən çıxmış fayda tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kredit borcu üzrə əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2640 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, Cavabdeh “İddiaçıbank” ASC-dən (indiki İddiaçı) xx xxxxxxxx 2015-ci il tarixli, 0079/NF/15 nömrəli kredit müqaviləsinə əsasən illik 25 faiz olmaqla 36 ay müddətinə 10000 ABŞ dolları kredit götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, bununla əlaqədar olaraq məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(002)-3840/2016 saylı qətnaməsi ilə borcludan kredit müqaviləsi üzrə 9617,52 ABŞ dolları əsas borc, 2989,57 ABŞ dolları faiz borcu, 2577 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 15184,59 ABŞ dolları məbləğində pulun tutulması və tələbin girov predmetinə yönəldilməsi qət edilmişdir. Lakin qətnamənin icrası borclu tərəfindən dörd il gecikdirilmiş, nəticədə iddiaçı təşkilata ziyan dəymişdir. Belə ki, qətnamə tam şəkildə xx.xx.2020-ci il tarixdə icra olunmuş, keçən dörd il üçün cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçı təşkilat zərərə məruz qalmışdır. Kreditor ona dəymiş zərərin əvəzini borcludan tələb etmək hüququna malikdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər, tələb edilən məbləğ isə qətnamə üzrə borcludan tutulmalı əsas borcun (9617,52 ABŞ dolları) illik beş faizlə hesablanmaqla dörd il üçün ödənilməli faiz borcu məbləğidir. Həmin məbləği əldən çıxmış fayda qismində tələb edirlər. Cavabdeh həmin məbləği könüllü ödəmədiyindən iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(002)-3840/2016 saylı qətnaməsi icraya yönəldikdən sonra bankla arasında razılıq əldə olunmuş, bu səbəbdən icra sənədi geri qaytarılmış və borc məbləği razılığa uyğun olaraq tam şəkildə onun tərəfindən iddiaçı təşkilata ödənilmişdir. Hesab edir ki, iddiaçı təşkilat hazırda ondan əsassız olaraq gecikməyə görə faiz tələb edir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, mülki işdə olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3840/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh 9617,52 ABŞ dolları əsas borc, 2989,57 ABŞ dolları faiz borcu, 2577 ABŞ dolları dəbbə pulu, cəmi 15184, 59 ABŞ dolları və ödənilmiş dövlət rüsumu məbləğindən 30 manatın “İddiaçıbank” ASC-nin xeyrinə tutulması, X3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə 3 döngəsi, 5 saylı evin 1 saylı mənzilinin açıq hərracda satılması və mənzilin ilkin satış qiymətinin 21000 manat məbləğində müəyyən edilməsi, mənzilin satışından əldə olunmuş vəsaitdən 15184,59 ABŞ dolları və dövlət rüsumu məbləğindən 30 manatın İddiaçıbank” ASC-nin xeyrinə ödənilməsi, satışdan götürülmüş məbləğ “İddiaçıbank” ASC-nin tələbini ödəməyə kifayət etməzsə çatışmayan məbləğin Cavabdeh “İddiaçıbank” ASC-nin xeyrinə tutulması, satışdan əldə edilmiş məbləğ “İddiaçıbank” ASC-nin tələbindən artıq olarsa, artıq məbləğin X3 qaytarılması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 17/65- 315/4 saylı icra sənədinin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3840/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədində qeyd olunan tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan tələb olunmuş, bildirişin və qərarın surəti cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Qaradağ rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh qətnamə üzrə faktiki qalıq borc məbləğinin hissə-hissə ödənişi barədə “İddiaçıbank” ASC-yə müraciət etmiş, bu səbəbdən icraatda olan icra vərəqəsinin geri qaytarılması xahiş edilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarın surətindən görünür ki, tələbkarın müraciətinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3840/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından və çıxarışlardan görünür ki, xx.xx.2016-cı il tarixli qətnamə üzrə borc xx.xx.2016-cı il tarixdə tam ödənilmişdir, illik 5 faizlə hesablanmaqla Cavabdeh gecikməyə görə faiz borcu 2824 ABŞ dolları təşkil edir. Beləliklə, məhkəmə iclasında mülki iş sübutlara əsasən müəyyən edildi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3840/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin 10 gün müddətində könüllü icrası barədə bildiriş cavabdehə faktiki olaraq xx.xx.2016-cı il tarixdə təqdim edilmiş, bir il sonra tələbkarın özünün xx.xx.2017-ci il tarixli müraciətinə əsasən tərəflərin hissə-hissə ödəniş barədə razılığa gəlməsi ilə əlaqədar icra sənədi məhkəməyə geri qaytarılmışdır. Belə olan halda, iddiaçı tərəfin özünün cavabdeh ilə hissə-hissə ödəniş barədə razılığa gəlməsi və icra sənədinin geri qaytarılmasını tələb etməsi nəzərə alınaraq, 2017-ci ildən 2020-ci ilədək gecikməyə görə cavabdehdən faiz tələbi əsassız hesab olunmalıdır. Buna baxmayaraq, məhkəmə müəyyən edir ki, iddiaçının nümayəndəsinin izahatı, maliyyə arayışı, iş materiallarında olan digər sənədlər nəzərə alınaraq, icra sənədinin geri qaytarılmasına qədər keçən bir il üçün əsas borcun illik beş faizi həcmində hesablanmış zərər məbləği (9617,52x5%=480,9 ABŞ dolları) hissəsində iddia əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablaşma ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 480,9 ABŞ dolları (dörd yüz səksən ABŞ dolları doxsan sent) məbləğində pul (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) tutularaq İddiaçı-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-493/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-493/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver