Məhkəmə qərarları › İş №2(002)-5/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-5/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-5/2023 06.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı ASC borclu Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.763 ABŞ dolları 97 sent əsas borc, 1.096 ABŞ dolları 51 sent faiz və 279 ABŞ dolları 72 sent cərimə olmaqla, cəmi 3.140 ABŞ dolları 20 sent məbləğində pul vəsaitinin və ödənilmiş 20 manat dövlət rüsumunun borclu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 32 %-lə 24 ay müddətinə 2.548 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq borcu 1.933 ABŞ dolları 85 sent təşkil edir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2017-ci il tarixədək Cavabdeh banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.763 ABŞ dolları 97 sent əsas borc, 1.096 ABŞ dolları 51 sent faiz və 279 ABŞ dolları 72 sent cərimə olmaqla, cəmi 3.140 ABŞ dolları 20 sent borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, ərizə ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli, 2(002)- 4404/2017 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Sonradan, borclu Cavabdeh məhkəmə əmrində göstərilən tələbə qarşı etiraz təqdim etmiş və müvafiq məhkəmənin qərardadına əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli 2(002)-4404/2017 saylı məhkəmə əmri ləğv edilərək, iddia icraatına keçilmişdir. Daha sonra, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli 2(002)-989/2018 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondunun 29 dekabr 2017-ci il tarixli məktubuna əsasən iş üzrə icraat dayandırılmışdır. Məhkəmədə iş üzrə icraat təzələnsə də, sonradan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(002)-28/2019 saylı qərardadı ilə iş üzrə icraat Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanında göstərilən məsələlər öz həllini tapanadək dayandırılmışdır. Qeyd olunan məsələlər həll edildikdən sonra, məhkəmənin müvafiq qərardadı ilə iş üzrə icraat təzələnərək, sonrakı prosessual hərəkətlər icra edilmiş, mülki işə baxılması vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, problemli kreditlərin həll edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanına əsasən ona müvafiq kompensasiya məbləği hesablanmışdır. Hazırda banka olan borcu - əsas kredit borcu üzrə 1.563,07 manat təşkil edir. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 07 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, iddiaçı LPO İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 32 % ödəmək şərti ilə 2.548 ABŞ dolları məbləğində kredit verilmişdir. 30 iyun 2017-ci il tarixli Maliyyə arayışında Cavabdeh iddiaçı LPO İddiaçı ASC-yə 1.763 ABŞ dolları 97 sent əsas borc, 1.096 ABŞ dolları 51 sent faiz və 279 ABŞ dolları 72 sent cərimə olmaqla, cəmi 3.140 ABŞ dolları 20 sent borcunun olduğu qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli Problemli kreditlərin kompensasiyasına dair məlumatda Cavabdeh iddiaçı LPO İddiaçı ASC-yə olan kredit borcu restrukturizasiya olunduqdan sonra 1563.07 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə LPO İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, LPO İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.563,07 manat və ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Problemli kreditlərin kompensasiyasına dair məlumatdan aydın olmuşdur ki, Cavabdeh iddiaçı LPO İddiaçı ASC-yə olan hazırkı borcu restrukturizasiya olunduqdan sonra 1.563,07 manat təşkil etmişdir. Cavabdehdən restrukturizasiya olunduqdan sonra əsas borca hesablanmış faiz və cərimə məbləği deyil, yalnız kredit müqaviləsi üzrə əsas borc məbləği olan 1.563,07 manat tələb edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.563,07 manat əsas borc və ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar