Məhkəmə qərarları › İş №2(002)-520/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-520/2021

11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-520/2021 11.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qasımova (Gülməmmədova) Sülhiyyə Vadəddin qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qasımova (Gülməmmədova) Sülhiyyə Vadəddin qızı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Qasımova (Gülməmmədova) Sülhiyyə Vadəddin qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 dekabr 2011-ci il tarixli, 2(002)-1915/2011 saylı qətnaməsi ilə Cavabdeh 01.01.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 76 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Qasımova (Gülməmmədova) Sülhiyyə Vadəddin qızına ödənilməsi qət edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-395 saylı, 09 yanvar 2017-ci il tarixli qətnaməsi ilə həmin alimentin məbləği artırılaraq, hər ay bir uşağa görə 115 manat müəyyən olunmuşdur. Artıq uşağın 11 yaşı var, lakin həmin məbləğ onun heç bir tələbatını ödəmir. Göstərilənləri nəzərə alaraq, Şəmkir Rayon Məhkəməsinin 2(076)-395 saylı, 09 yanvar 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin həcminin artırılması, 01 yanvar 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən alimentin miqdarının artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qasımova (Gülməmmədova) (Gülməmmədova) Sülhiyyə Vadəddin qızı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, o, həmin uşaqdan əlavə olaraq 2 uşaq üçün də aliment ödəyir. Bu səbəbdən 01.01.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimet ödəməyə razıdır. Ona görə də iddianın qismən təmin edilməsi barədə qənamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 iyun 2009-cu il tarixli, AZ-ll seriyalı, 277152 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 01 yanvar 2009-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası isə X1r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 178/2020 saylı, 27.02.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X4 qarşı nikagın pozulması tələbinə dair iddiası təmin edilərək, onlar arasında 3 saylı “Bakı Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində 2517 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan 24.04.2006-cı il təvəllüdlü X7 və 31.12.2006-cı il təvəllüdlü X6 cavabdeh X2 yanında və himayəsinsə saxlanılmış, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 27 fevral 2020-ci il tarixdən başlayaraq, iddiaçı Cavabdeh oğundan cavabdeh X2 xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi iki uşağa görə 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nigahda olmaları, rəsmi nigahdan 2 uşaqlarının olması, həmin uşağın ananın yanında qalması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, onun normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Digər tərəfdən iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, cavabdehdən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə başqa nikandan olan uşaqları üçün hər ay bir uşağa görə 160 manat, iki uşağa görə cəmi 320 manat sabit pul məbləğində aliment tutulur ki, hazırkı uşağın da valideynindən onlarla bərabər şəkildə maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin ediməli, 01 yanvar 2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 2(076)-395 saylı, 09 yanvar 2017-ci il tarixli miqdarı artırılaraq, Cavabdeh iddiaçı Qasımova (Gülməmmədova) Sülhiyyə Vadəddin qızının xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 160 sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qasımova (Gülməmmədova) Sülhiyyə Vadəddin qızının Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası qismən təmin edilsin. 01 yanvar 2009-cu il tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 2(076)-395 saylı, 09 yanvar 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, Cavabdeh iddiaçı Qasımova (Gülməmmədova) Sülhiyyə Vadəddin qızının xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 160 manat sabit pul məbləğində aliment tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM:KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar