Məhkəmə qərarları › İş №2(002)-541/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-541/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-541/2022 23.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması»tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5938.2 manat əsas borcu, 58.65 manat faiz borcunun, ümumilikdə 5996.85 manat və 80.37 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli, 100821-75479/10 nömrəli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 5938.20 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da o Banka olan borcunu ödəməmişdir. 10 dekabr 2021-cu il tarixinə borclunun kredit müqaviləsi üzrə 5938.2 manat əsas borc və 58.65 manat faiz borcu olmaqla, cəmi 5996.85 manat məbləğində kredit borcu yaranmışdır. Güzəştli krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditinin qaytarılmasını, kredit və dəbbə pullu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək,mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərədən keçirərək, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, 100821-75479/10 nömrəli, 06.12.2019-cu il tarixli güzəştli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh 60 ay müddətində, 5938.2 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürür.Kreditin məqəsdi qalıq kredit borcunun ödənilməsi olduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş, 10 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06.12.2019-cu il tarixli 100821-75479/10 nömrəli kredit müqaviləsinə əsasən, 10.12.2021-ci il tarixə banka 5938.2 manat əsas borc və 58.65 manat faiz borcu olmaqla, cəmi 5996.85 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 326 gün təşkil edir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış kredit müqaviləsi üzrə ilk 12 ay müddətində hər ay 4.95 manat, sonraki 48 ay 126.25 manat məbləğində ödəniş etməklə, ümumi 5938.2 manat məbləğində əsas borcu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 06.12.2019-cu il tarixli kreditin güzəştli restruktruzasiyası üçün yazılı ərizənin məzmunundan görünür ki, Cavabdeh ona kredit borcunun qalıq məbləğinin ödənilməsi məqəsdilə 5938.2 manat məbləğində kreditin verilməsini xahiş etmişdir.. İş materiallarında olan 09.09.2021-ci il tarixli, 001/007/4514/2021 nömrəli xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini İddiaçı ASC-yə tam ödənilməsi tələb olunmuş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 06 dekabr 2019-cu il tarixli güzəştli kredit müqaviləsi (qalıq kredit borcunun restruktruzasiyası məqsədilə) bağlanılmış, qalıq kredit borcunun məbləği 5938,20 manat təşkil edir. Cavabdeh qeyd edilən məbləğdə qalıq kredit məbləğini 60 ay müddətində illik 1 faiz dərəcəsi ilə iddiaçı banka hər ay 58,65 manat ödəniş etməklə qaytarmağı öhdəisnə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, borcalan Cavabdeh güzəştli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, Bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən 80.37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə qeyd edilən hüquq normlaarının tələbini rəhbər tutaraq, iddia tələbinin təmin edilməsi halını əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun ödənilməsi hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə hesablanmış əsas borc və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 06.12.2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə yaranmış 5938.2 manat məbləğində əsas borc, 58.65 manat məbləğində faiz borcu olmaqla, cəmi 5996.85 manat məbləğində borc və ödənilmiş 80.37 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Exspressbank” ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 06.12.2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə yaranmış 5938.2 manat məbləğində əsas borc, 58.65 manat məbləğində faiz borcu olmaqla, cəmi 5996.85 manat məbləğində borc və ödənilmiş 80.37 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar