Məhkəmə qərarları › İş №2(002)-546/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(002)-546/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-546/2025 13.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7.000 manat borc və ödənilmiş 90 manat dövlət rüsumu olmaqla, cəmi 7.090 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iş yoldaşı kimi tanımışdır. Cavabdeh iş quracağını və bununla əlaqədar 7.000 manat pul lazım olduğunu, həmin pulla qurduğu işdən onun payına düşən qazanc vasitəsi ilə krediti ödəyəcəyini, əsas pulun isə onun sərmayəsi olacağını bildirmişdir. O, Cavabdeh yalançı vədlərinə inanaraq xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-dən 7.000 manat pul götürərək, həmin tarixdə pulu Cavabdeh vermişdir. Cavabdeh ona işlərin yaxşı getdiyini və əldə edilmiş qazancdan 4 ay krediti ödədiyini bildirmişdir. Bundan sonra Cavabdeh kreditləri ödəmədiyini və istifadəsində olan telefonlara cavab vermədiyini görmüşdür. Bununla bağlı DİN-in 102 xidmətinə və Qaradağ RPİ 38-ci PB-yə müraciət etmişdir. Qaradağ RPİ 38-ci PB-yə dəvət edildikdə bununla bağlı araşdırma aparılacağını və Cavabdeh tərəfindən dəymiş ziyanın ödəniləcəyinin təmin ediləcəyi bildirilmişdir. Sonradan "xxxx" ASC-dən ona yenə ödənişlərin edilmədiyi bildirildikdə öyrənmişdir ki, Cavabdeh yenə də onu aldadaraq öz əməlini davam etdirmişdir. Sonradan o, bununla bağlı yenidən müraciət etmək istəyərkən ona məlum olmuşdur ki, Qasımov X2 RPİ 38-ci PB-yə dəvət edilsə də, sonuncunun barəsində heç bir qanuna müvafiq tədbir görülməmişdir. Müraciəti əsasında yalnız göstərilmişdir ki, cavabdehlə profilaktik söhbət aparılaraq sərbəst buraxılmışdır. Hazırda Cavabdeh ona aldadaraq vurmuş olduğu nə ziyanı, nə də həmin pul nəticəsində əldə edilmiş hər hansı qazancı qaytarmamışdır. Hazırda ödəməyi bacarmadığına görə onun müraciəti əsasında müqaviləni dəyişərək kredit müddətini uzatmışlar. O, hər ay banka Arifin onu aldadaraq aldığı pula görə 375 manat ödəməli olduğu halda, imkanı daxilində az miqdarda ödənişlər edir. Hazırda faizlər artdığına görə onunla bank arasında 14 mart 2022-ci il tarixdə yeni müqavilə bağlamışlar. Həmin müqavilədə artıq kreditin məbləği 8.800 manat hesablanmışdır. Arifin öhdəliyini yerinə yetirmədiyinə görə o, bu gün də maddi ziyana uğrayır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçının və nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2(002)-546/2025 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Ödəniş cədvəlində olan məlumatlardan göründüyü kimi, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, iddiaçı bankdan 35 ay müddətinə 29% illik ödənilməsi şərti ilə 8800 manat məbləğində kredit götürmüşdür. - İddiaçı Bakı şəhəri Qaradağ RPİ 38-ci PB-yə yazdığı xx.xx.2022-ci il tarixli ərizədən, İddiaçı eyni tarixli izahatından və Bakı şəhəri Qaradağ RPİ 38-ci PB-nin təhqiqatçısı, polis mayoru X1 tərəfindən qəbul edilmiş 25 iyul 2023-cü il tarixli HK-1/463 saylı material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla bağlı polis bölməsinə müraciət etmiş, onun müraciəti araşdırılmış, izahatı alınması üçün Cavabdeh PB-yə çağırılmışdır. Sonuncuya istifadəsində olan telefon nömrəsinə dəfələrlə zəng vurulmuş, lakin zənglərə cavab verilməmiş, onun izahatının alınması mümkün olmamışdır. Bakı şəhəri Qaradağ RPİ 38-ci PB-nin təhqiqatçısı, polis mayoru X1 tərəfindən müəyyən edilmişdir ki, İddiaçı iş yoldaşı Cavabdeh 7.000 manat borc pul vermiş, lakin sonuncu vədinə əməl etməyərək aldığı borcu qaytarmamışdır. Müraciətdə qeyd edilən mübahisə mülki xarakterli olduğundan, Cavabdeh barəsində cinayət işi başlanması rədd edilmiş, İddiaçı mülki mühakimə qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, Cavabdeh İddiaçı 7.000 manat borc pul almış, verilmiş borc məbləğini qaytaracağına dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Təqdim olunmuş sübutlardan göründüyü kimi, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Ödəniş qəbzindən göründüyü kimi məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün iddiaçı tərəfindən 90 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 7.000 manat borc və ödənilmiş 90 manat dövlət rüsumu olmaqla, cəmi 7.090 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 7.000 manat borc və ödənilmiş 90 manat dövlət rüsumu olmaqla, cəmi 7.090 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar