Məhkəmə qərarları › İş №2(002)-55/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-55/2022

26.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-55/2022 26.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.071956-cı ildə Ağdam şəhərində doğulmuş Cavabdeh idarə etdiyi avtomobillə Çin Xalq Respublikası vətəndaşı İddiaçı xəsarət yetirməsi nəticəsində İddiaçı bədəninin müxtəlif yerlərinə vurduğu zərər üçün və həmin xəsarətlərin və travmaların müalicəsi üçün 10.000 manat, İddiaçı yetirilmiş xəsarətlərin onun alın nahiyyəsində silinməz yara ləkəsi əmələ gətirdiyi və İddiaçı aldadaraq ona mənəvi ziyan vurduğuna görə 10.000 manat mənəvi ziyanın ödənilməsi üçün, ümumilikdə 20.000 manatın Cavabdeh tutularaq Çin Xalq Respublikası vətəndaşı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Çin Xalq Respublikasından Azərbaycanda tələbədir. xx.xx.2020-ci il tarixdə, saat 15:10 radələrində Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində Cavabdeh idarə etdiyi «Mersedes-Benz E 240» markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyada, Çin Xalq Respublikasının vətəndaşı İddiaçı vurulması nəticəsində sonuncunun bədən xəsarəti alması ilə əlaqədar yol-nəqliyyat hadisəsini törətmişdir. Müəyyən olunmuşdur ki, «Mersedes-Benz E 240» markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat təxminən 15:10 radələrində özünə məxsus, texniki cəhətdən saz olan «Mersedes-Benz E-240» markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 30-40 km. sürətlə Bakı şəhəri Nərimanov rayonu K.Rəhimov küçəsi ilə F.X.Xoyski küçəsindən üzü Ak. Həsən Əliyev küçəsi istiqamətində iki zolaqlı yolun soldan birinci zolağı ilə hərəkətdə olarkən F.X.Xoyski küçəsi ilə K.Rəhimov küçələrinin kəsişməsində yerləşən piyada keçidinin üstündə yolu sağdan sola doğru keçən İddiaçı zebra xətlərinin üzərində avtomobilini dayandıra bilməməsi nəticəsində vuraraq onu yerə yıxmışdır. Həmin anda İddiaçı özünü pis hiss etmiş və davamlı şəkildə qan axmağa başlmışdır. Bundan sonra İddiaçı Xəstəxanaya getmiş, həkimlər onun alnında tikişlər etməklə digər təcili tibbi yardım etmişlər. Bundan sonra həkimlər bir müddət müalicə üçün xəstəxanada qalmağı qərar vermişlər. İddiaçı aldığı xəsarətlər aşağıdakılar olmuşdur: 1. Alnında ciddi bir T şəklində çapıq - hadisə zamanı aramsız qanaxırdı və cərrahi tikiş edilmişdir. 2. Ayaqlarında geniş qançır və sıyrıqlar; 3. Bədənin digər hissələrinin zədələnməsi. Qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasında tələbə olmaqla tək yaşayır, bu yaşda gənc qızın isə təbii olaraq qayğıya ehtiyacı olsa da, bu qayğını ona heç kim göstərməmişdir. O, xəstəxanada qaldığı dövrdə yalnız həkimlərin müayinəsini görsə də, xəstəxananı tərk etdikdə tənha olmaqla xəstə halında təhsil almaqla yanaşı, özünə yemək bişirməyə, ortalığı yığışdırmağa və digər gündəlik işləri tək görməyə məcbur olmuşdur. Bir müddət sonra isə polislərlə işlə əlaqədar dindirmələrdə və sairədə iştirak etmişdir. O, bu günlərdə doğulduğu vaxtdan bu günə qədər ən qaranlıq dövrünü keçirərək, yerli dildə, qəribə mühitdə və qəribə adət-ənənə içərisində tək-tənha olaraq xəstə halında, köməksiz olaraq yasamağa məcbur olmuşdur. Bütün bunlar ona pis hisslər yaşatmış, sürücü isə onu ziyarət etməmişdir. Bir müddət sonra İddiaçı xəstəxanaya gedərək alnında olan tikişləri sökdürmüşdür. Elə həmin gün polis və sürücü İddiaçı iş barədə qərar verməyini istəmişlər. Onların aralarında olan danışıqlar nəticəsində belə qərara gəlinmişdir ki, polis Cavabdeh cinayyət işi açmır, onu inzibati qaydada məsuliyyətə cəlb edir, sürücü isə gələcəkdə müalicə haqqı ödəmək üçün İddiaçı lazım olan ödəməni həyata keçirir. Eyni zamda Cavabdeh da bir xahiş etmişdir ki, ona pul yığması üçün bir ay vaxt versinlər. İddiaçı isə bu xahişə öz razılığını bildirmişdir. Bu aralarda Nərimanov Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru X2 23 sentyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Qərara əsasən aparılmış araşdırma nəticəsində material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin Nərimanov rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 630 saylı ekspert rəyindən görünür ki, İddiaçı bədən səthində aşkar edilmiş xəsarətlər başın açıq yaraları, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alın nahiyəsinin kəsilib-didilmiş yarası – küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Bundan başqa, Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizası, yol-nəqliyyat hadisələrinin tədqiqi şöbəsinin xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-yə daxil olmuş, xx.xx.2020-ci il tarixli, 8/1578 saylı ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən verilmiş məlumatlara əsasən «Mersedes-Benz» markalı, **- CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qərarın nəticə hissəsinə görə isə sürücü Cavabdeh barəsində cinayət işi başlanması rədd edilərək qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ DYPŞ vasitəsi ilə Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan müddət ərzində İddiaçı gözləsə də, bu anda müharibə başlayır, sürücünün isə pulu ödəməyi gecikdirə bilməsi barədə bəhanəsi yaranır. Müharibə bitdikdən sonra İddiaçı sürücüyə təkrar zəng etmişdir, bu halda isə sürücü cavab vermişdir ki, «COVİD»-ə tutulub, ona görə ödəməni həyata keçirə bilmir. Belə olduqda isə İddiaçı köməksiz vəziyyətindən və əcnəbi olmasından istifadə edən sürücü onu süründürməyə başlamışdır. İddiaçı bu faktı polisə dedikdə polis ona demişdir ki, sürücü onu da aldadıb, o, dənizdə işə gedib, əgər o həqiqətən «COVİD-19» olsaydı, işə getməzdi. İddiaçı cavabdehə dəfələrlə zəng etsə də, sürücü onun zənglərinə cavab verməmişdir. Bu vəziyyət 4 aydan çoxdur, həmişə İddiaçı əzablandırır. Olanlar haqqında valideynlərinə məlumat verməmişdir. Bu səbəbdən, o, valideynləri ilə video əlaqə yarada bilməmişdir. Bu yaxınlarda isə məcburən video zəng etsə də, telefonu özündən çox uzaqlara qoymuşdur ki, valideynləri xəsarəti müəyyən edə bilməsin. İddiaçı anası çox yaşlı olduğundan olanlar barəsində anasına deməyə qorxur ki, anası bu hadisələrə dözə bilməz. İddiaçı dəfələrlə öz-özünə ağlamış, niyə böyüklərin bir tələbəni aldatması barədə düşünmüş, bu hal ona çox pis təsir etmiş, sürücü barədə dərin məyusluq hissi keçirmişdir. İddiaçı Bakıya gəlişi cəmi bir ildir, təbii olaraq o gənc qız olmaqla yeni mədəniyyət, yeni iqlim, yeni xarakterlərlə qarşılaşması onu onsuz da çətin vəziyyətə salmışdır. Bir də onu vuran şəxsin köməksiz qızı bu cür aldatması onu hətta depresiyaya belə salmışdır. İddiaçı işində olan bu qədər ziddiyyətli haqsızlıqlara qarşı çıxmaq üçün məhkəməyə müraciət etməyi qərara almışdır. İddiaçı hesab edir ki, əks halda ona qarşı edilmiş ədalətsizlik öz həllini tapmayacaq. İddiaçı mənəvi zərər çəkməsini həm də o müəyyən edir ki, hadisə nəticəsində və sonradan cavabdehin onu aldatması nəticəsində yaranmış stress, qorxu onda baş ağrısı yaratmışdır. Həmin vaxtlar, o heç bir şey etmək istəməmiş, təhsilini davam etdirmək istəməmiş, yemək istəməmiş, heç kiminlə danışmaq istəməmiş.... həmin situasiya uzun müddət davam etmiş, əziyyət çəkməsini hiss etmişdir. Qeyd olunan hadisə onun həyatına çoxlu neqativlik gətirmişdir ki, təbii olaraq həmin ağrıları sürücü hiss etməmişdir, əgər sürücü onun qeyd olunan ağrılarını hiss etsə idi, verdiyi sözlərə bu qədər biganə qalmazdı. Onun fikrinə görə alnında T şəkilli çapıq və baş ağrısı onun gələcək həyatına hər tərəfli böyük mənfi təsir göstərəcək. Çünki, ən-ənəvi Çin mədəniyyətində və bəzi mövhumatçı cərəyanlara görə üzə xəsarət yetirmək, xüsusən də baş ağrısı bədbəxtlik gətirir, buna görə də bu məsələ onun üçün tabu bir mövzudur. Onun bildirməsinə görə qorxusunu aradan qaldırmaq üçün ən yaxşı müalicə metodundan istifadə etmək üçün onun qətiyyətli iradəsi vardır, amma hazırda təhsilini davam etdirmək üçün Bakıda qalmalıdır, hər cür məlumatları axtarır və qorxusu üçün dərman alır, bəzi dərmanlar isə Bakıda yoxdur. Lakin onun alnında olan T şəkilli çapıq mütləq əməliyyat nəticəsində aradan qaldırılmalıdır. Həmin əməliyyat üçün isə xərclər həkim rəyindən sonra verilməlidir. İddiaçı öncəki məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili Vəkil öncəki məhkəmə iclasında iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin öncəki məhkəmə iclaslarında iştirak etməsini nəzərə alaraq, hazırda mülki işə iddiaçı tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, onun tərəfindən iddiaçının xəstəxana xərcləri ödənilmiş, eyni zamanda yol hərəkət qaydalarını pozduğuna görə məhkəmə qərarı ilə barəsində cərimə tətbiq edilmişdir və buna görə də, iddiaçının iddia tələbi rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, tərəflərin izahatları, iş materialları ilə müəyyən olunan işin mübahisəsiz hallarından görünür ki, Cavabdeh 23.08. 2020-ci il tarixdə saat 15:10 radələrində Bakı şəhəri Nərimanov rayonu K.Rəhimov küçəsində idarə etdiyi «Mercedes Benz E-240» minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq piyada İddiaçı vuraraq, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Tərəflər arasında mübahisə yaradan hal bununla bağlıdır ki, iddiaçı cavabdehdən ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir, cavabdeh isə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cavabdehin xəstəxana xərclərini qarşıladığını bildirərərək, iddia tələbinin rədd edilməsini xahiş edir. İddiaçı iddia ərizəsində cavabdehdən 10.000 manat maddi ziyan və 10.000 manat mənəvi zərərə görə kompensasiya qismində, cəmi 20.000 manat pulun ödəməsini tələb etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi hallara (onun müalicəsinə cavabdehin ödədiyi vəsaitdən artıq məbləğdə xərc çəkilməsinə, həmçinin ona mənəvi zərər vurulmasına) dair sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Baki Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(005)-2436/2020 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi» haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin qeyd olunan yol-nəqliyyat hadisəsi sürücü şəxsin ehtiyatsızlığı nəticəsində əmələ gəldiyindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nərimanov RPİ DYPŞ vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Baki Şəhəri Nərimanov Rayon Məhkəməsin xx.xx.2020-ci il tarixli, 3(005)-2436/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin Nərimanov rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 630 saylı ekspert rəyi ilə İddiaçı bədən səthində aşkar edilmiş xəsarətlər başın açıq yaraları, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alın nahiyəsinin kəsilib-didilmiş yarası - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş, cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, İddiaçı müalicəsi üçün Bakı Sağlamlıq Mərkəzinə 267,70 manat, 300 manat, 200 manat, 392 manat, 200 manat, 45 manat, 98 manat, 30 manat, 170 manat, 30 manat olmaqla, müvafiq ödənişlər edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsinin məzmunun aşağıdakılar ehtiva edir: onların mümkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə maddi ziyan tələbi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, həmçinin cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla (ödəniş qəbzləri) iddia tələbinin maddi ziyan hissəsi təkzib edildiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, İddiaçı tələbində Cavabdeh hərəkətləri nəticəsində mənəvi zərər vurduğunu, mənəvi sarsıntı və psixoloji iztirablar keçirdiyini, bu səbəbdən mənəvi zərər tələb etdiyini qeyd etsə də, sarsıntı və iztirabların nədə ifadə olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, iddia tələbi iddiaçı tərəfindən həmin hissədə də sübuta yetirilməmişdir. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq «affirmanti, non neganti, incumbit probatio» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «vurulmuş 10.000 manat maddi və 10.000 manat mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş 10.000 manat maddi və 10.000 manat mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar