Məhkəmə qərarları › İş №2(002)-563/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-563/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-563/2022 31.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzə mülki işin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 noyabr 2018-ci il tarixli (3M-1921 reyestr nömrəli) kredit müqaviləsi üzrə borc aldığı 5000(beş min) və 13 noyabr 2018-ci il tarixli (3M-1922 reyestr nömrəli) kredit müqaviləsi üzrə borc aldığı 20000(iyirmi min) manat pulun və ödənilmiş 165(yüz altmış beş) manat dövlət rüsumunun,cəmi 25165(iyirmi beş min yüz altmış beş) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,cavabdehlə kredit müqaviləsi bağlanmış,müqaviləyə əsasən Abşeron rayonu, 1 saylı notriat kontorunda ona 5000 manat və 20000 manat pul borc vermişdir.Bununla bağlı 13 noyabr 2018-ci il tarixdə notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır.Müqavilənin şərtinə görə həmin pul borcunu 13.02.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.laki müəyyən müddətdə cavabdeh pulunu ödəməmişdir. Dəfələrlə pulunu istəsə də, hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmişdir. Ona görə də məhkəməyə mürcaiət etməli olmuşdur. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında onun əsas istəyinin pulunun ona qyatarılması olduğunu, əgər cavabdeh ona pulunu qaytarsaydı o məhkəməyə niyə gəlib çıxardı, o özü bilərəkdən pulu ödəməkdən yayınır, hər dəfə bəhanə edərək bugün sabah deyərək, onu aldatdığını, o isə həmin pula indiyə kimi bir iş görüb xeyir götürə biləcəyini bilirərək, bu halların nəzərə alıanraq,iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən qəbul edərək, izahat verərək, öz izahatında onların araalarında pul məsələsinin ev alqı-satqısı ilə bağlı olduğunu, bu müqavilənin görünüş üçün bağlanıldığını, ortada pul olmadığını, cavabdehin 15000 borcu olduğunu qəbul etdiyini, qlan hissədə isə qəbul etmədiyini, bu işin baxılmamış saxlanmalı olduğunu bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 13.11.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh faizsiz 5000 manat məbləğində pul vəsaitini borc vermiş, borcalan həmin pul vəsaitini 13.02.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.Borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. İş materiallarına əlavə olunmuş 13.11.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh faizsiz 20000 manat məbləğində pul vəsaitini borc vermiş, borcalan həmin pul vəsaitini 13.02.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.Borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 13.11.2018-ci il tarixli hər iki kredit müqaviləsi üzrə 5000 manat və 20000 manat məbləğində pul vəsaitini bank vasitəsilə təhvil vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü mçaddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 13.11.2018-ci il tarixli kredit müqavilələri bağlanılmışdır. Həmin müqavilələrə əsasən, iddiaçı 5000 manat və 20000 manat məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə 13.02.2019-cu il tarixədək həmin borcu borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, cavabdeh həmin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri öhdəliyin icrası üçün müəyyən olunmuş son tarixdən indiyədək tam və vaxtında icra etməmiş və nəticədə iddiaçı qarşısında aldığı borc məbləği həddində onun məsuliyyəti yaranmışdır. Həmçinin, tərəflər arasında bağlanılmış kredit müqviləsinin 6-cı bəndinə əsasən borc üzrə öhdəliyin icrası borc sənədinin üzərində edilmiş qeydlə təsdiq edilməlidir. Lakin məhkəmə araşdırması zamanı borcun tam və ya hissə-hissə ödənilməsinə dair hər hansın qeydin aparılması halı müəyyən edilməmiş, habelə cavabdeh tərəfində də məhkəməyə həmin halla bağlı heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə cavabdeh tərəf məhkəmə iclasında qeyd eidlən kredit müqavilələrinin formal olaraq görünüş üçün bağlanıldığını bildirsə də, həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 165 manat məbləğində dövlət rüsumu öd\nilmiş və buna dair müvafiq qəbz iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 165 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13.11.2018-ci il tarixli 3M-1921 №-li kredit müqaviləsi üzrə yaranmış 20000 manat borc pul vəsaiti və 13.11.2018-ci il tarixli 3M-1922 №-li kredit müqaviləsi üzrə yaranmış 5000 manat məbləğində borc pul vəsaiti olmaqla, cəmi 25000 (iyirmi beş min) manat məbləğində borc pul vəsaiti və ödənilmiş 165 manat məbləğində dövlət rüsumu tutularaq i İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13.11.2018-ci il tarixli 3M-1921 №-li kredit müqaviləsi üzrə yaranmış 20000 manat borc pul vəsaiti və 13.11.2018-ci il tarixli 3M-1922 №-li kredit müqaviləsi üzrə yaranmış 5000 manat məbləğində borc pul vəsaiti olmaqla, cəmi 25000 (iyirmi beş min) manat məbləğində borc pul vəsaiti və ödənilmiş 165 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar