Məhkəmə qərarları › İş №2(002)-586/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-586/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-586/2021 16.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh2 arasında 30.12.2019-cu il tarixli, RPF-00060-14/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 2157 (iki min yüz əlli yeddi) manat 57 (əlli yeddi) qəpik məbləğində krediti illik 1(bir) faizlə 12 (on iki) ay güzəşt müddəti tətbiq etməklə 60 (altmış) ay müddətinə Cavabdeh2 mülkiyyətinə vermiş, Cavabdeh2 isə həmin kreditdən iddiaçı ilə bağlanmış KP-01229-14/14U saylı, 06 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 30 dekabr 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 30.12.2019-cu il tarixdə iddiaçı ilə RPFZ-00060-14/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh2 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Göstərilənlərə əsasən, Bank "xxxx" ASC-nin “Əcəmi” filalı ilə Cavabdeh2 arasında bağlanmış 30.12.2019-cu il tarixli, RPF-00060-14/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 16.12.2020-ci il tarixə ödənilməmiş 2157,47 manat əsas borc, 10,5 manat faiz borcu, ümumilikdə 2167,97 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutularaq, ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhəkməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 30 dekabr 2019-cu il tarixli, RPF-00060- 14/19A saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank "xxxx" ASC tərəfindən Cavabdeh2 illik 1(bir) faizlə 12 (on iki) ay güzəşt müddəti tətbiq etməklə 60 (altmış) ay müddətinə 2157 (iki min yüz əlli yeddi) manat 57 (əlli yeddi) qəpik məbləğində kredit verilmişdir. İş materialına əlavə edilmiş 16 dekabr 202-ci il tarixli arayışdan görünür ki, 16.12.2020-ci il tarixə Cavabdeh2 banka əsas borc məbləği üzrə 2157,47 manat, faiz borcu üzrə10,5 manat, cəmi 2167,97 manat borcu vardır. İş materialına əlavə edilmiş 30.12.2019-cu il tarixli, RPFZ-00060-14/19A saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 Bank "xxxx" ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Xəbərdarlıq məktubundan görünür ki, Bank "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh2 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh2 arasında bağlanmış 30.12.2019-cu il tarixli, RPF-00060-14/19A saylı kredit müqaviləsi ləğv edilməli, 30 dekabr 2019-cu il tarixli, RPF-00060-14/19A saylı kredit müqaviləsi üzrə 2157 manat 47 qəpik məbləğində əsas borc, 10,5 manat məbləğində faiz borcu olmaqla, cəmi 2167,97 manat məbləğində pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh2 arasında bağlanmış 30.12.2019-cu il tarixli, RPF-00060-14/19A saylı kredit müqaviləsi ləğv edilsin. 30 dekabr 2019-cu il tarixli, RPF-00060-14/19A saylı kredit müqaviləsi üzrə 2157,47 manat məbləğində əsas borc, 10,5 manat məbləğində faiz borcu olmaqla, cəmi 2167,97 manat pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar