Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-592/2024 18.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2, Cavabdeh, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidməti Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 12526,36 manat məbləğində təbiətə dəymiş ziyanın alınıb X5 Xidmətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2019-cu il tarixli, 138/ü nömrəli əmri ilə yaradılmış işçi qrupun üzvləri tərəfindən “Güzdək” əhəngdaşı yatağında istismar işləri aparan fizki şəxs Cavabdeh məxsus daş karxanasında mövcud qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət məqsədi ilə monitorinq aparılmışdır. Araşdırma zamanı Cavabdeh icarə müqaviləsini təqdim edə bilməmişdir. Həmçinin, daş karxanasının istismarı üçün lazım olan hər hansı zəruri sənəd (torpaqayırma sərəncamı, yerin təkindən istifadəyə dair ekoloji sənədlər - dağ-mədən ayırması aktı, dağ-mədən işlərinin inkişaf planı, ekspertiza rəyi, ekoloji pasport) işçi qrupun üzvlərinə təqdim olunmamışdır. İstismar sahəsində iki ədəd SM-89 markalı daşkəsən kombayn və bir ədəd NKM-2U markalı şırımaçan vasitəsilə istismar işləri aparılmışdır. İstehsal nəticəsində yaranan tullantıların yığılması, qorunması və uçotunun aparılması təmin olunmamış, faydalı qazıntının keyfiyyətinin aşağı düşməsinə yol verilmişdir. İlin sonunda 5GK illik hesabatı X12 üzrə X13 Fonduna təqdim olunmamış, mineral xammal bazasının bərpası üzrə Dövlət Fonduna ayırmalar (ödəmələr) köçürülməmişdir. İstehsal sahəsində topoqraf tərəfindən topogeodezik ölçmələr aparılaraq sahənin ölçmələri üzrə 83mx49mx0,4m=1626,8 m3 əhəng daşının istismar edildiyi müəyyən olunmuşdur. Bununla da “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 10, 21, 46-cı maddələrinin tələblərinin pozulması müəyyən edilmiş və xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Akta görə tərtib edilmiş hesabata və müvafiq normativlərə əsasən cavabdeh tərəfindən təbiətə dəymiş ziyanın məbləği 12526,36 manat müəyyən edilmişdir. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirdi ki, cavabdeh iddia tələbinə etiraz edir. Belə ki, iddia ərizəsində karxananın cavabdehə məxsus odugu qeyd olunsa da, iddiaçı bu halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əslində cavabdehin karxanaya, avadanlıqlara və oradakı istismara heç bir aidiyyəti olmamış, həmin dövrdə yalnız icarə barədə danışıqlar aparmış, yararsız vəziyyətdə olan texnikanın vəziyyəti ilə tanış olmuş, ərazidə heç bir istehsal işləri aparmamışdır. Əraziyə gələn Ekologiya Nazirliyinin əməkdaşları da bilirdi ki, Güzdək daş karxanasının sahibi Zahid Mehdiyev, daşkəsən və şırımaçan avadanlığın sahibi isə Rövşən Feyziyevdir. Həmin əməkdaşlar ona bildirmişlər ki, bu karxanaya 11 ay əvvəl 69866,72 manat cərimə yazılmışdır. O isə karxananın ona məxsus olmadıgını bildirərək Rövşən Feyziyevə zəng vurmuşdur. Zəngdən sonra Rövşən və Zahidin qardaşı Faiq karxanaya gəlmişlər. Həmin şəxslər fotoşəkillərdə də görünür. Belə ki, fotoşəkildə əlində sənəd olan şəxs Faiq, arxa hissəsi kameraya tərəf olan şəxs isə Rövşəndir. Faiq karxananın sənədlərini monitorinq aparanlara təqdim edərək karxananın Zahidə məxsus oldugunu bildirmişdir. Orada hər hansı akt tərtib olunmamışdır. Sonradan əsassız olaraq tərtib edilmiş aktdan cavabdehin məlumatı olmamışdır. Sonradan cavabdeh Ekologiya Nazirliyinə dəvət olunaraq 69866,72 manat məbləğində cəriməni Rövşənlə Zahidin ödəməli olduğu bildirilmişdir. Halbuki, həmin şəxslərlə cavabdehin əməkdaşlığı baş tutmamış və əlaqəsi kəsilmişdir. Bir daha qeyd edir ki, həmin ərazidə cavabdeh tərəfindən hər hansı istismar işləri aparılmamış, heç bir ziyan vurulmamışdır. Bundan əlavə, aktın tərtibi də qanunsuz olmuşdur. Belə ki, həmin tarixdə monitorinq aparan əməkdaşlar tərəfindən orada heç bir akt tərtib edilməmişdir. Əgər orada akt tərtib edilmişdirsə, nə üçün nə Faiq Mehdiyevin, nə Rövşən Feyziyevin adları akta salınmamış, cavabdehin adı salınsa da o, aktı imzalamamışdır. Əgər o, imza etməkdən imtina etmişdirsə, bu barədə digər şəxslərin də iştirakı ilə əlavə akt tərtib olunmalı və ya aktda imtina barədə qeyd aparılmalı idi. Görünür ki, əməkdaşlar sonradan əsassız olaraq onun barəsində belə bir akt tərtib etmişlər. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə1 izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, o, xx.xx.2019-cu il tarixli aktın tərtibində iştirak etmişdir. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2019-cu il tarixli, 138/ü nömrəli əmrinə əsasən, daş karxanalarında monitorinqlər aparılmağa başladı. Yaradılmış işçi qrupu tərəfindən “Güzdək” əhəngdaşı yatağında yerləşən mişardaşı istehsalı sahəsinə baxış keçirildi. Həmin dövrdə işçi qrupa yeni daxil edilmişdi, karxana sahiblərini özü şəxsən tanımırdı. Həmin sahənin sahibi kimi cavabdeh dəvət edilmişdi. Onun tərəfindən daş karxanasının istismarı üçün lazım olan hər hansı zəruri sənəd (torpaqayırma sərəncamı, yerin təkindən istifadəyə dair ekoloji sənədlər - dağmədən ayırması aktı, dağ-mədən işlərinin inkişaf planı, ekspertiza rəyi, ekoloji pasport) işçi qrupun üzvlərinə təqdim olunmadı. İstismar sahəsində iki ədəd SM-89 markalı daşkəsən kombayn və bir ədəd NKM-2U markalı şırımaçan vardı. Həmin vaxt avtomobildə akt tərtib edildi, daha sonra cavabdeh Xidmətə dəvət edildi, lakin cavabdeh aktı imzalamadı və sonradan Xidmətə gəlmədi. Aktın əsasında hesabat tərtib edildi. Həmin vaxtdan beş ildən çox vaxt keçdiyindən, monitorinq zamanı ərazidə başqa kimlərin olduğunu dəqiq xatırlamır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, sözügedən sahədə yerləşən texnikalar yararsız vəziyyətdə olmuşdur, onların təmiri ilə əlaqədar həmin sahədə idi. X8, sahə Zahid Mehdiyevə məxsus idi. Həmin texnikaların heç biri Ruslana məxsus olmamışdır. Bir müddət onların təmiri ilə məşğul olmuşdur. Əraziyə əməkdaşlar gələndə Ruslanı çağırmış, Ruslan gəlmişdir. Daha sonra Feyziyev Rövşən və Faiq Mehdiyev gəldilər, onlar da əməkdaşların və Ruslanın yanında idilər. Həmin tarixdə orada hər hansı akt tərtib edildiyinin şahidi olmamışdır. Məhkəmə izahatları, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Abşeron rayonu ərazisində yerləşən əhəngdaşı yataqlarında istismar işləri aparan fiziki və hüquqi şəxslərə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən mişar daşı karxanasının təşkili məqsədi ilə torpaq sahəsi ayrılmamışdır və bu barədə heç bir sənəd verilməmişdir. İş materillarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və X11 Agentliyi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Agentlikdə qeydiyyata götürülmüş təhlükə potensiallı qurğu və avadanlıqlara malik fiziki və hüquqi şəxslər barədə məlumat siyahı üzrə təqdim edilmiş, həmin siyahıda Cavabdeh qeydiyyata alınması və ona müvafiq sənəd verilməsi barədə məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 Departamentinin işçi qrupu (C.Bəşirov, S.Aliyev, B.Hüseynov) tərəfindən tərtib edilmiş xx.xx.2019cu il tarixli, 51036 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2019-cu il tarixli, 138/ü nömrəli əmri ilə yaradılmış işçi qrupun üzvləri tərəfindən “Güzdək” əhəng daşı yatağında istismar işləri aparan fizki şəxs Cavabdeh məxsus daş karxanasında mövcud qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət məqsədi ilə monitorinq araşdırması aparılmışdır. Araşdırma zamanı karxananın rəhbəri fiziki şəxs Cavabdeh karxananın icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyini bildirsə də, icarə müqaviləsini təqdim edə bilməmişdir. Daş karxanasının istismarı üçün lazım olan hər hansı zəruri sənəd (torpaqayırma sərəncamı, yerin təkindən istifadəyə dair ekoloji sənədlər - dağ-mədən ayırması aktı, dağ-mədən işlərinin inkişaf planı, ekspertiza rəyi, ekoloji pasport) işçi qrupun üzvlərinə təqdim olunmamışdır. İstismar sahəsində iki ədəd SM-89 markalı daşkəsən kombayn və bir ədəd NKM-2U markalı şırımaçan vasitəsilə istismar işləri aparılmışdır. İstehsal nəticəsində yaranan tullantıların yığılması, qorunması və uçotunun aparılması təmin olunmamış, faydalı qazıntının keyfiyyətinin aşağı düşməsinə yol verilmişdir. İlin sonunda 5GK illik hesabatı X12 üzrə X13 Fonduna təqdim olunmamış, mineral xammal bazasının bərpası üzrə Dövlət Fonduna ayırmalar (ödəmələr) köçürülməmişdir. İstehsal sahəsində topoqraf tərəfindən topogeodezik ölçmələr aparılaraq sahənin ölçmələri üzrə 83 m x 49 m x 0,4 m = 1626,8 m3 əhəng daşının qeyri-qanuni istismar edildiyi müəyyən olunmuşdur. Bununla da “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 10, 21, 46-cı maddələrinin, “X12 haqqında” Azərbaycan Respublikasının Qanununun 51, 52-ci maddələrinin, “Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Akt yalnız işçi qrupun üzvləri tərəfindən imzlanmışdır. İş materiallarında olan məsləhətçi müfəttiş C.Bəşirov tərəfindən tərtib edilmiş hesabatdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 2003-cü il tarixli, 119 saylı Qərarı ilə təsdiq edilmiş normativlərə əsasən hər 1 m3 əhəngdaşının normativ qiymətinin müvafiq olaraq 7,7 manat olduğu nəzərə alınaraq, fiziki şəxs Cavabdeh tərəfindən Abşeron rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında qanunsuz olaraq istismar işlərinin aparılması ilə əlaqədar təbiətə 1626,8 m3 x 7,7 manat =12526,36 manat məbləğində ziyan vurulmuşdur. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi X3 xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-266/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 Departamentinin cavabdeh X7 qarşı təbiətə dəymiş ziyana görə 87684 manat məbləğində pul tələbi barədə iddiasının qismən təmin edilməsi, X4 5010,54 manat maddi ziyanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 Departamentinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin cavabdeh "xxxx" MMC-yə qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə xx.xx.2022-ci il tarixli, 2(102)- 631/2022 saylı Qərarının surətindən görünür ki, inzibati orqan olan iddiaçı normativ hüquqi aktlara əsasən ona verilmiş səlahiyyətlərə istinad edərək və ümumi hüquq sahəsinə aid olan “Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X5 Xidmətinin yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanına, həmin Xidmətin Əsasnaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli, 975 nömrəli Fərmanına, “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 sentyabr tarixli, 119 nömrəli Qərarına istinad etmişdir. Göründüyü kimi, iş üzrə iddia tələbi yer təkindən düzgün istifadə edilməmə (yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi) nəticəsində təbiətə dəymiş ziyanın ödənilməsi ilə bağlıdır. “Yerin təki haqqında” Qanunun 46-cı maddəsinə əsasən Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər məsuliyyət daşıyırlar. Hazırkı işdə ilk növbədə müəyyən edilməli məsələ qanunun tələblərinin pozulmasına görə şəxslər tələfindən təbiətə ziyan dəydiyi hallarda belə ziyanın hansı qaydada həmin şəxslərdən tutulması ilə bağlıdır. “Yerin təki haqqında” Qanunun Vİİ fəsli Qanunun pozulmasına görə məsuliyyət, mübahisələrin həll edilməsi və vurulmuş ziyanın ödənilməsi ilə bağlı ümumi müddəaları özündə əks etdirir. Bununla yanaşı, X19 X1 Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Agentlik digər faəliyyətlə yanaşı, yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.1 və 2.2.2-ci bəndlərinə əsasən yerin təkinin geoloji öyrənilməsinə, istifadəsi və mühafizəsinə nəzarət, mineral xammal ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək, o cümlədən yerin təkindən istifadə sahəsində tənzimlənməni və qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərinə aiddir. Həmçinin, Nizamnamənin 3.1.25-ci bəndinə əsasən yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görmək Agentliyin vəzifələrinə aiddir. Nizamnamənin 3.2.10-cu bəndinə əsasən isə yer təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək Agentliyin hüquqlarına aid edilmişdir. Qanunvericiliyin istinad edilən tələblərindən məlum olur ki, yer təkindən qanunauyğun şəkildə istifadə sahəsində nəzarətin həyata keçirilməsi və yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması üzrə yaranan hüquq münasibətləri, həmin münasibətlərin tərəfləri və xarakterinə görə, sərbəst mülki dövriyyə və sahibkarlıq münasibətləri kimi deyil, bir tərəfin (Agentliyin) digər tərəf (yer təkinin istifadəçiləri) üzərində hakimiyyət və inzibati-idarəçilik səlahiyyətlərinin həyata keçirilməsi ilə xarakterizə olunan münasibətləridir. Başqa sözlə, yer təkindən istifadəyə nəzarət və dəymiş zərərin əvəzinin müəyyən edilməsi ilə bağlı yararan hüquq münasibətlərində Agentlik "İnzibati icraat haqqında" Qanunun 2.0.1 və 2.0.2-ci maddələrinə, həmçinin öz Nizamnaməsinin 3.1.25 və 3.2.10-cu bəndlərinə uyğun olaraq, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt qəbul etmək səlahiyyəti verilmiş inzibati orqan kimi çıxış edir. Bundan başqa, "İnzibati icraat haqqında" Qanunun 82-ci maddəsinə və "İcra haqqında" Qanunun 6.1.8-ci maddəsinə görə, inzibati orqanlara pul tələblərinin ödənilməsi ilə bağlı məcburi qaydada icra olunmalı inzibati aktlar qəbul etmək (icra sənədi vermək) səlahiyyətinin həvalə olunması deyilənləri bir daha təsdiq edir. İnzibati akt isə inzibati orqan tərəfindən aparılan inzibati icraatın nəticəsində qəbul edilir. "İnzibati icraat haqqında" Qanunun 2.0.6-ci maddəsinə əsasən inzibati icraat-fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydaları daxilində həyata keçirilən fəaliyyətdir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz ede bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Ona görə də, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatın "İnzibati icraat haqqında" Qanunun və əlaqəli digər sahəvi qanunvericilik aktlarının tələblərinə uyğun aparılması təcrübəsinin yerləşməsinə və məhkəmə yanaşmaları ilə həmin icraatın keyfiyyətinin artırılmasına töhfə verməyə yönəlməlidir. "Yerin təki haqqında" Qanunun 47 və 48-ci maddələrinin yuxarıda qeyd edilən müddəaların tələbləri ilə birgə təhlili nəticəsində isə qeyd edilməlidir ki, yerin təkindən istifadə ilə əlaqədar mübahisələrin məhkəmə qaydasında həllinin mümükünlüyünün, o cümlədən vurulmuş ziyanın miqdarının və ödənilməsi qaydasının məhkəmə tərəfindən müəyyənləşdirilməsini nəzərdə tutan normalar dəymiş ziyanla bağlı müvafiq inzibati orqan tərəfindən aparılan inzibati icraat nəticəsində inzibati aktın qəbulunu istisna etmir. Belə ki, həmin normalar qəbul edilmiş inzibati aktın nəticəsi ilə razılaşmayan şəxslərin həmin akti və həmin aktdan inzibati qaydada verilmiş şikayətin nəticəsində qəbul edilmiş aktın məhkəmə qaydasında mübahisələndirməsini və məhz bu halda məhkəmənin vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını müəyyənləşdirmək imkanını nəzərdə tutur. Beləliklə, "Yerin təki haqqında" Qanunun müddəalarına şəxslər tərəfindən riayət edilməsinə nəzarət müvafiq inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində aparılmalı və nəticədə pozuntu aşkar edildiyi hallarda isə bu barədə inzibati akt qəbul edilməlidir. Həmin inzibati akt isə "Yerin təki haqqında" Qanunun 47-ci maddəsinə əsasən inzibati və ya məhkəmə qaydasında mübahisələndirilə bilər. İnzibati orqanların aktlarına, hərəkətlərinə və ya hərəkətsizliklərinə qiymət verilməsi isə mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin səlahiyyətinə aid deyil. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsində göstərilmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir (maddə 262.3). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki: 15.4. ...inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır." Bu baxımdan əgər iddia ərizəsinin ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyü barədə məsələ mövcuddursa işə baxan məhkəmə ilk növbədə həmin məsələyə hüquqi qiymət verməli və əgər iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddia tələbinin əsaslandığı hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən və məhkəmə baxışı zamanı tədqiq olunan sübutlarla təkzib edildiyindən iddia tələbi təmin edilməməlidir. Belə ki, qeyd olunan ərazidə məhz cavabdehin istismar fəaliyyətini həyata keçirməsi və bunun nəticəsində göstərilən məbləğdə ziyanın dəyməsi barədə iddiaçı tərəfin dəlilləri, izahatlarla yanaşı, şahidlərin ifadələri, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışın surəti, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-266/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surəti, həmçinin xx.xx.2019-cu il tarixli aktın karxananın kimə məxsusluğu dəqiq araşdırılmadan, maraqlı şəxslər cəlb olunmadan, baxışda iştirak edən şəxslər tanış edilmədən birtərəfli qaydada tərtib edilməsi ilə təkzib olunur. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, eyni iddialarla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin xx.xx.2022-ci il tarixli, 2(102)-631/2022 saylı Qərarı ilə hazırda formalaşmış məhkəmə təcrübəsinə əsasən, iddiaçı tərəfindən təbiətə dəymiş ziyanın tələb edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş qaydalara əməl edilmədiyindən, hazırki iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Belə ki, xx.xx.2022-ci il tarixli, 2(102)-631/2022 saylı Qərara əsasən, "Yerin təki haqqında" Qanunun müddəalarına şəxslər tərəfindən riayət edilməsinə nəzarət müvafiq inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində aparılmalı və nəticədə pozuntu aşkar edildiyi hallarda isə bu barədə inzibati akt qəbul edilməlidir. Həmin inzibati akt isə "Yerin təki haqqında" Qanunun 47-ci maddəsinə əsasən, inzibati və ya inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinə əsasən, yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir. Həmin Qanunun 47-ci maddəsinə əsasən, yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 975 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidməti Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin və təbii ehtiyatların (yerin təki istisna olmaqla), o cümlədən ekoloji baxımdan torpağın münbitliyinin qorunması, bioloji müxtəlifliyin, flora (o cümlədən meşə və yaşıllıqlar), fauna (o cümlədən balıq və digər su bioloji resursları), xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin mühafizəsi, atmosfer havasının çirklənməsinin qarşısının alınması və su ehtiyatlarından səmərəli istifadə, tullantıların idarə olunması sahələrində (bundan sonra – müvafiq sahə) Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 613 saylı Fərmanı ilə təsdiq edilmiş X19 X1 Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, X19 X2 (bundan sonra - Agentlik) “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı hərracların (auksion və ya müsabiqənin) keçirilməsini təşkil edən, bu sahədə (bundan sonra - müvafiq sahə) xidmətlər göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 3.1.25-ci bəndinə əsasən, yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görmək, faydalı qazıntı yataqlarının işlənilməsi, dağ-mədən sənayesinin istehsalat tullantılarından istifadədə müəyyən edilmiş normalara və qaydalara, habelə faydalı qazıntı karxanalarının rekultivasiyasına və keyfiyyətinə, onların istifadəçilərə verilməsi müddətinə nəzarət etmək Agentliyin vəzifələrinə aiddir. Nizamnamənin 3.2.10-cu bəndinə əsasən, isə yer təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək Agentliyin hüquqlarına aid edilmişdir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-592/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-592/2024
18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver