Məhkəmə qərarları › İş №2(002)-60/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-60/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-60/2021 03.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «X3 edilməsi» MMC-nin Cavabdeh qarşı «borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 7294 ABŞ dolları olmaqla, cəmi 7294 ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan 10-HO989 dövlət qeydiyyat nöməli “Mersedes Benz 300 D minik” markalı (buraxılış ili 1993, ban WDB1241301B929719 rəngi tünd boz metal) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitini İddiaçı MMC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı MMC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxx” QSC-yə keçmişdir. “xxxx” QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (İddiaçı MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” QSC Tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK- 2196 saylı, 26 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən “xxxx” QSC -yə verilmişdir. “xxxx” ASC-nin Səbail filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borclan”) arasında 01.07.2004-cü il tarixdə, № 452 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 24 % tətbiq edilməklə, 12 ay müddətinə 7500 (yeddi min beş yüz) ABŞ dollar məbləğində kredit verilmişdir. 01.07.2004-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-HO-*** dövlət qeydiyyat nömrəli “MERSEDES BENZ 300 D” markalı minik avtomobili (buraxılış ili 1993, ban- WDB1241301B929719, rəngi - tünd boz metal) girov müqaviləsi ilə yüklü edilmişdir. X4 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 27.05.2003-cü il tarixli, AG seriyalı, ******* №-li «Girov müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 7500 (yeddi min beş yüz) ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 12 aydır. Qeyd olunan kredit müqaviləsinin 1.7-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə kredit verənə illik 24 (iyirmi dörd) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 7294 (yeddi min iki yüz doxsan dörd) ABŞ dolları, olmaqla, cəmi 7294 (yeddi min iki yüz doxsan dörd) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 01 iyul 2004-cü il tarixli 452 №-li kredit müqaviləsinin məzmunundan görünür ki, «xxxx» ASC-dən illik 24 faizlə 12 ay müddətinə 7500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 01 iyul 2004-cü il tarixli girov müqaviləsinin məzmunundan görünür ki, «xxxx» ASC ilə Cavabdeh arasında 01 iyul 2004-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı qismində Mercedes-Benz 300 D - minik; tip: sedan; buraxılış ili: 1993; mühərrik: **********1675; Şassi: WDB1241301B929719; Rəngi: Tünd boz metal ilə yüklü edilmişdir. İş materiallarında olan girov müqaviləsinin qeydiyyatı haqqında ******* № li şəhadətnamənin məzmunundan aydın olur ki, Mercedes-Benz 300 D - minik; tip: sedan; buraxılış ili: 1993; mühərrik: **********1675; Şassi: WDB1241301B929719; Rəngi: Tünd boz metal avtomobilə dair girov müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ-də qeydiyyata alınmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamənin məzmunundan aydın olur ki, Mercedes-Benz 300 D - minik; tip: sedan; buraxılış ili: 1993; mühərrik: **********1675; Şassi: WDB1241301B929719; Rəngi: Tünd boz metal avtomobilin sahibi Cavabdehdur, girov müqaviləsinə əsasən özgələşməsin dair qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh borcun ödənilməsini tələb edilmiş, 10 gün müddətində borcun ödənilmədiyi təqdirdə isə əmlaka tutmanın yönəldilməsi porosedurunun başlanılması barədə xəbərdar edilmişdir. İş materiallarında olan 02.12.2019-cu il tarixli məktubun məzmunundan aydın olur ki, 1993-cü il buraxılışlı, “Mersedes Benz 300D” minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı, WDB1241301B929719 ban nömrəli, tünd boz metal rəngli avtomobilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan 05 aprel 2021-ci il tarixli 9/600 nömrəli rəyin məzmunundan aydın olur ki, 1993-cü il buraxılışlı, “Mersedes Benz 300D” minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı, WDB1241301B929719 ban nömrəli, tünd boz metal rəngli avtomobilin orta bazar dəyəri 3000 manat, likvid dəyəri 1500 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsindən və girov müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə iddia ərizəsinin tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə cavabdehdən əsas borc, faiz borcu və cərimə borcunun iddiaçının xeyrinə tutulması hissəsində aşağıdakı hüquq normalarının qeyd olumasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsaəsn əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.2-ci maddəsinə əsaəsn öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsaəsn öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı «xxxx» ASC arasında 01.07.2004-cü il tarixli kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə illik 24 faiz hesablanması şərtilə 12 ay müddətinə 7500 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, cavabdehlə iddiaçı arasında bağalanılmış müvafiq kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində cavabdehə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 1993-cü il buraxılışlı, “Mersedes Benz 300D” minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı, WDB1241301B929719 ban nömrəli, tünd boz metal rəngli avtomobili iddiaçının xeyrinə girov ilə yüklü edilmiş və bu barədə müvafiq qeyd aparılmışdır. İddiaçı cavabdehin müvafiq kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyin lazımi qaydada və vaxtında icra etmədiyini əsas gətirərək, həmin borcun cavabdehdən alınması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq kredit müqaviləsi üzrə iddiaçı tərəfindən öz öhdəliyini icra etdiyi halda, cavabdeh tərəfindən öz üzərinə götürüdyü öhdəlikləri lazımi qaydada və vaxtında icra etməmiş, bununla da onun iddiaçı qarşısında həmin kredit müqaviləsindən irəli gələn və onun mülki hüquqi məsuliyyətinin yaranmasının əsası qismində çıxış edən borc öhdəliyi yaranmışdır. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi kredit borcunun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin tutmanın girov predmetinə yönəldilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməldiir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər “İpoteka haqqında” Azərbaycan Respublikasının 36.3-cü maddəsinə əsaəsn ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan girov müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mülki qanunvericiliyin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, girov predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, mülki qanunvericiliyin tələblərini əsas götürərək, borclu qismində çıxış edən cavabdehin müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməməsi halnın aşkar olduğunu nəzərə alaraq, hesab edir ki, iddia tələbi borcun girov predmetinə yönəldilməsi hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə müvafiq girov predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi ilə bağlı hesab edir ki, hazırki mülki iş üzrə müvafiq girov predmetinin ilkin satış qiyməti məhz həmin ekspert rəyi əsas götürülməklə, həmin rəy əsasında müəyyən edilmiş müvafiq bazar dəyəri əsasında müəyyən edilməlidir. Belə ki, məhkəmə araşdırması çərçivəsində təyin edilmiş müvafiq ekspertizanın nəticəsinə dair rəyi məzmununda aydın olur ki, hazırki mülki iş üzrə müvafiq girov predmetinin orta bazar dəyəri 3000 manat məbləğ təşkil edir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə müvafiq girov predmetinin ilkin satış qiyməti 3000 manat məbləğində müəyyən edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsaəsn işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu halda, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş rüsumun tutulması hissəsində də əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 01 iyul 2004-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 7294.00 ABŞ dolları məbləğində əsas borcun (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, cavabdehdən tutulmalı olan borcun məbləği girov predmeti olan cavabdehə məxsus 1993-cü il buraxılışlı, “Mersedes Benz 300D” minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı, WDB1241301B929719 ban nömrəli, tünd boz metal rəngli avtomobilə yönəldilməli, girov predmeti olan avtomobilin ilkin satış qiyməti 3000 manat məbləğində müəyyən edilməli, girov predmeti olan 1993-cü il buraxılışlı, “Mersedes Benz 300D” minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı, WDB1241301B929719 ban nömrəli, tünd boz metal rəngli avtomobilin satışı açıq hərrac yolu ilə realizə edilməlidir. İş üzrə keçirilmiş avtomobilin qiymətləndirməsinə dair ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 01 iyul 2004-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 7294.00 ABŞ dolları məbləğində əsas borcun (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə), və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” QSC BOKT-un xeyrinə ödənilsin. Cavabdeh tutulmalı olan borcun məbləği girov predmeti olan cavabdehə məxsus 1993-cü il buraxılışlı, “Mersedes Benz 300D” minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı, WDB1241301B929719 ban nömrəli, tünd boz metal rəngli avtomobilə yönəldilsin. Həmin avtomobil açıq hərrac yolu ilə realizə edilsin. Avtomobilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. Avtomobilin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun məbləği Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Girov predmeti olan 1993-cü il buraxılışlı, “Mersedes Benz 300D” minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı, WDB1241301B929719 ban nömrəli, tünd boz metal rəngli ilkin satış qiyməti 3000 manat müəyyən olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar