Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-613/2021 04.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qeyri rəsmi nikahlarından xx xxx 2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 190 manat məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri rəsmi evlənərək ailə qurmuşdur. Birgə nikahlarından bir uşaqları olmuşdur. X5 xx.xx.2013-cu il. Cavabdeh ilə birgə yaşadıqları dövrdə ilk vaxtlar ailə münasibətləri yaxşı olmuşdur. Lakin sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş, ailədə bir-birlərini başa düşmədikləri üçün aralarında tez-tez mübahisələri yaranmışdır. Bütün bunların nəticəsində 2013-cü il tarixdən münasibətləri tam pozulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdehdən X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 80 manat məbləğində alimentin tutularaq ona verilməsi müəyyən edilmişdir. Hal-hazırda maddi vəziyyətləri nəzərə alınsa çıxılmaz vəziyyətdədirlər. Odur ki, "Alimentin artırılmasına dair" Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2207/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına və Cavabdeh birgə nikahlarından doğulmuş bir uşaqlarının yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 190 manat miqdarında alimentin alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmalıdır. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia ərizəsində X4 doğum tarixinin texniki səhv nəticəsində xx.xx.2013-cü il kimi yazıldığını, bu tarixin xx.xx.2010-cu il kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasında izahat verərək, öz izahatında iddia tələbini qəbul etmədiyini bildirərək, oğlunun ailəli olduğunu, həmin nikahdan uşaqlarının olduğunu, aldığı əmək haqqı məbləğinin 290 manat olduğunu qeyd edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(002)-2207/2013 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh qarşı «sabit pul məbləğində alimentin tutulması tələbinə dair» iddiası təmin edilərək xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ayda hər ay 80 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan xx xxxxxx 2011-ci il tarixli AZ-İİ 617851 nömrəli doğum haqqında şəhadətnamənin məzmunundan görünür ki, X5 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası İddiaçıdır. İş materiallarından görünür ki, Cavabdeh “Ramal-TRANS LTD” MMM-in avtoterminalında yükləyici vəzifəsində işləyir, 290 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarın 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, tərəflərin faktiki nikah münasibətlərindən olan uşağının saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, qətnamə əsasında müəyyən olunmuş hallar kimi preyudisial əhəmiyyətə malik olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, müvafiq məhkəmə qətnaməsi əsasında tərəflərin faktiki nikah münasibətlərindən olan xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə 80 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmçinin, iddiaçı iddia tələbinin əsası kimi müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin miqdarının uşağın saxlanması, habelə onun təhsili, sağlamlığı ilə bağlı zəruri olan tələbatlarının ödənilməsinə kifayət etməməsi halına istinad etmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclaısnda veridyi izahatından aydın olur ki, o avtoterminalda yükləyici vəzifəsində işləyir, 290 manay aylıq əmək haqqı alır. Bu halda, məhkəmə uşaqları tərbiyə etmək, qayğısına qalmaq, onları böyütmək hər iki valideynin borcu olduğu halda, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi halı qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verməsi halını, habelə uşaqlarının maddi digər zəruri ehtiyaclarının, tələbatlarının günü-gündən artdığını nəzərə alaraq, müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimnetin məbləğini uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş minimum yaşayış məbləğini müqayisə edərək, hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur.Ona görə də, məhkəmə qeyd olunan halları nəzərə alaraq, habelə uşağın üstün mənafeyini, daim artan tələbatlarının, zəruri sağlamlıq, təhsil xərclərinin ödənilməsi zərurətinin olduğunu əsas götürərək, hesab edir ki, müvafiq məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinın artıralaraq, hər ay uşaq üçün 175 manat sabit pul məbləğində müəyyən eidlməsi ağlabatan məbləğ kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda ödənilməli olan dövlət rüsumunun qiyməti 30 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, həmçinin, hazırki iş alimentin tutulması haqqında iddianın qiymətinin 500 manatdan çox olduğunu nəzərə alaraq, habelə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, toplanmış digər sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(002)- 2207/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli,qalan hissədə iddia tələbi təmin edilməməli, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(002)-2207/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-613/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-613/2021
04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver