Məhkəmə qərarları › İş №2(002)-619/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-619/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-619/2023 10.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDI: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 786,09 manat borcun (abonent kodu: **********250) və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, Cavabdeh iddiaçı tərəfindən su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə onun 786,09 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı təşkilat tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə yazılı xəbərdarlıq göndərilmişdir. Lakin cavabdeh 2019-cu ildən bəri istifadə etdiyi xidmətlərə görə ödəniş etməmişdir. Buna görə də iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, maddi və ailə vəziyyətinin həddən artıq ağırlığı ilə əlaqədar uzun müddət ödəniş edə bilməmişdir. Belə ki, özü İİ qrup Qarabağ müharibəsi əlilidir, qardaşı müharibədə şəhid olmuşdur, məcburi köçkündür. Eyni zamanda ərizə təqdim edərək bildirir ki, son üç ildən əvvələ aid olan borc üzrə iddia müddəti ötürülmüşdür, ona görə də iddia müddətinin tətbiq edilərək son üç il üzrə yaranmış borcun tutulmasını, qalan hissədə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonent kartından görünür ki, abonent kodu **********250:26388677 olan Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2020-ci il üzrə 92 manat, 2021-ci il üzrə 202,59 manat, 2022-ci il üzrə 215 manat borcu vardır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1544 saylı arayışdan görünür ki, Cavabdeh Füzuli rayonundan məcburi köçkündür, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışın və 058793 saylı vəsiqənin surətlərindən görünür ki, Cavabdeh ikinci qrup müharibə əlilidir, əmək qabiliyyətsizdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “X4”nın 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olduğu öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddia tələbi son üç il ərzində yaranmış borcun tutulması hissəsində (yəni 92+202,59+215=509,59 manat həddində) əsaslıdır. Eyni zamanda, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi nəzərə alınaraq, iddia tələbi əvvəlki illər üzrə borcun tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 509,59 manat su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borc (abonent kodu: **********250) və dövlət rüsumu üçün ödənilmiş 19 manat olmaqla, cəmi 528,59 manat (beş yüz iyirmi səkkiz manat əlli doqquz qəpik) məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar