Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-630/2021 30.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 54400 (əlli dörd min dörd yüz) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X2 izahat verərək bildirdi ki, Cavabdeh iddiaçının etibarından sui-istifadə edərək onun 54400 manat pulunu dələduzluq yolu ilə mənimsəmişdir. Belə ki, iddiaçı cavabdeh ilə 2019-cu ildə tanış olmuşdur. Cavabdeh özünü iş adamı kimi təqdim etməklə Qaradağ rayonu ərazisində özünə məxsus daş karxanasının olmasını bildirərək, daş karxanasını iddiaçının adına keçirəcəyini, ilkin olaraq karxananı işlətmək üçün avadanlıq lazım olduğunu bildirmişdir. 2019-cu ilin iyun ayında cavabdeh avadanlıq alınması üçün iddiaçıdan 22400 manat pul almışdır. Həmin pulla cavabdeh müəyyən avadanlıqlar almışdır. Lakin 2019-cu ilin iyul ayında iddiaçı karxanaya gələn zaman heç bir işin getmədiyini görüb Seymura müraciət etmiş, Seymur başqa adama borcunun olduğunu, bu səbəbdən karxanaya gedə bilmədiyini demiş, həmin vaxt Seymura əlavə olaraq 1000 manat pul vermişdir. Bundan əlavə, Seymur müqaviləni iddiaçının adına rəsmiləşdirmək üçün ondan şəxsiyyət vəsiqəsinin surətini və əlavə olaraq 1000 manat pul almışdır. Daha sonra Seymur işə gəlmədiyi üçün iddiaçı özü işçilər cəlb edərək karxanada təmizlik işləri aparmış, bu məqsədlə 20 min manat pul xərcləmişdir. Həmçinin karxanaya gedib gəlməyə, kommunal ödənişlərə görə Seymurun ucbatından əlavə olaraq şəxsən özü 10 min manat pul xərcləmişdir. Ona görə də iddia tələbi 54400 (22400+1000+1000+20000+10000) manat təşkil edir. 2020-ci ilin fevral ayında Seymur bəzi şəxslərlə birgə karxanaya gələrək onun pulu ilə alınmış avadanlıqları oğurlayıb aparmış, bunu öyrənən kimi əmlakının oğurlanması barədə 102 xidmətinə zəng etmişdir. Həmin vaxtdan Seymurun onu aldadaraq pulunu ələ keçirdiyini öyrənmiş, Seymurun cinayət məsuliyyətinə cəlb edilməsi üçün polisə şikayət vermişdir. Göründüyü kimi, cavabdeh heç bir öhdliyini yerinə yetirməmiş, dələduzluq yolu ilə iddiaçının böyük məbləğdə pulunu və onun hesabına alınmış avadanlıqları mənimsəmişdir. Təəssüf ki, polis orqanının işə laqeyd yanaşması nəticəsində dəfələrlə cinayət işinin başlanması rədd edilmiş, iddiaçı məcbur olaraq iddia ərizəsi ilə mülki qaydada məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ TŞ-nin baş təhqiqatçısı R.Seyidovun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, şikayətə mülki qaydada baxılmalı olduğu qeyd olunaraq cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərara əsasən, Cavabdeh vermiş olduğu izahatdan görünür ki, daş karxanasını ortaq işlətmək barədə təklifi Şahin Zərbəliyev adlı şəxs vermiş, daha sonra onu İddiaçı ilə tanış etmişdir. Daş karxanasında ortaq iş görmək üçün 42000 manat pula ehtiyacın olduğunu bildirmişdir. İddiaçı ona 22000 manat pul vermişdir. Sonradan aralarında narazılıqlar yaranmış, özünə məxsus avadanlıqları götürmək üçün daş karaxanasına getmiş, İddiaçı iddialarının şər və böhtan olduğunu bildirmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən mülki iş üzrə sübutlara, o cümlədən iddiaçının nümayəndəsinin izahatına, Bakı şəhəri Qaradağ RPİ TŞ-nin baş təhqiqatçısı R.Seyidovun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətinə və cavabdehin həmin qərarda əks olunan izahatına əsasən müəyyən edildi ki, tərəflər arasında razılığa əsasən avadanlıqların alınması üçün cavabdeh iddiaçıdan 22000 manat məbləğində pul almış, lakin sonradan aralarında mübahisə yaranmış, birgə fəaliyyətin rəsmiləşdirilməsi və həyata keçirilməsi üçün cavabdeh tərəfindən hər hansı öhdəlik yerinə yetirilməmiş, habelə iddiaçının hesabına alınmış avadanlıqlar cavabdeh tərəfdə qalmışdır. Belə olan halda, cavabdehin etirafına və mülki iş üzrə sübutlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 22000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində əsaslıdır. Buna baxmayaraq, iddiaçı tərəf qalan 32400 (400+1000+1000+20000+10000) manat pul tələbi barədə hər hansı mötəbər sübut təqdim etməmişdir, ona görə də iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.3cü maddəsinə əsasən, danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 22000 (iyirmi iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-630/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-630/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver