Məhkəmə qərarları › İş №2(002)-634/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-634/2021

29.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-634/2021 29.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı cavabdeh Dəmirov(Daşdəmirov)Babək Mehman oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh Dəmirov(Daşdəmirov)Babək Mehman oğluna qarşı yol nəqliyyat hadisəsi nəticəsində maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dəmirov(Daşdəmirov) Babək Mehman oğlundan avtomobilin təmir və bərpa olunması üçün, ümumilikdə 3059 manat pul və 30 manat dövlət rüsumunun, cəmi 3089 manat məbləğində pulun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, 02 iyul 1956-cı ildə Sabirabad rayonunun Bulduq kəndində anadan olmuşdur. Hal-hazırda Şirvan şəhəri, Mehmandarov küçəsi, ev 60 A-da qeydiyyatda olsada, Sabirabad rayonunun Bulduq kəndində yaşayır. 30 dekabr 2020-ci il tarixdə Bakı Qazax yolunun Hacıqabul rayonunun Rəncbər kəndindən keçən hissəsində adını sonradan bildiyi Cavabdeh idarə etdiyi "VAZ- 21140" markalı, 0018AT777 Rusiya Federasiyasının qeydiyyat nişanlı avtomaşını ilə onun idarə etdiyi "QAZ-33021" markalı, **- BG-*** dövlət nömrə nişanlı avtomaşını ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə onun avtomobilinə ümumilikdə 3059,00 (üç min əlli doqquz) manat maddi ziyan vurmuşdur. Bütün bunları iddia ərizə əlavə etdiyi foto şəkillərdən, 31.12.2020-ci il tarixli rəy aktından, inzibati protokoldan, inzibati qərardan, yol sxemindən və izahatdan görmək olar.Baş vermiş yol-nəqliyyat-hadisəsi ilə bağlı Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin YPX-nin polis mayoru X4 tərəfindən araşdırma aparılaraq Cavabdeh əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanın tərkibi olduğundan, onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Daha sonra 30 dekabr 2020-ci il tarixdə Cavabdeh barəsində TP - ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, İXM-nin 327.2-ci maddəsi ilə 60 manat inzibati qaydada cərimə edilmişdir. Hazırda Cavabdeh yol nəqliyyat hadisəsi törədərək mənə vurduğu maddi ziyanı könüllü ödəməkdən boyun qaçırdığı üçün ona qarşı iddia tələbi ilə ərazi aidiyyəti üzrə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. 14.06.2021-ci il tarixli məhkəmə iclasında X1 vəkili və nümayəndəsi Vəkil tərəfindən vəsatət(ərizə) verilərək iddiaçı X1 əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə(hakim) tərəfindən vəsatət təmin edilmişdir. İddiaçı vəkili və nümayəndəsi X2 16.06.2021-ci il tarixli ərizəsi ilə mülki iş üzrə məhkəmə baxış iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Dəmirov(Daşdəmirov) Babək Mehman oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 30.12.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən və 30.12.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Dəmirov(Daşdəmirov) Babək Mehman oğlunun barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmiş, daha sonra həmin maddə ilə Dəmirov(Daşdəmirov) Babək Mehman oğlu AR İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. Törədilmiş xəta nəticəsində QAZ-33021" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulduğu qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 31.12.2020-ci il tarixli “Şirvan Avtoservis və Ticarət Müəssisəsi MMC tərəfindən tərtib edilmiş rəydən görünür ki, “QAZ-33021" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinə görə cəmi 3059 manat məbləğində pul vəsaiti tələb olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Nəqliyyat vasitələrinin zədələnməsi barədə Hacıqabul rayon Polis İdarəsi tərəfindən X3 verilmiş arayışdan görünür ki, “QAZ-33021" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Dəmirov(Daşdəmirov) Babək Mehman oğlunun idarə etdiyi "VAZ- 21140" markalı, 0018AT777 Rusiya Federasiyasının qeydiyyat nişanlı avtomobili ilə qəza nəticəsində zədələnmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki,“QAZ-33021" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2021-ci il tarixli 9/2374 nömrəli rəyindən görünür ki, “Avtomotoservis və Ticarət” müəssisənin 31.12.2020-ci il tarixlı qüsur aktındakı məlumatlara əsasən avtohissələrinin qiymətləri nəzərə alınmaqla 1995-ci il buraxılışlı QAZ-33021" markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2759 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, inzibati xəta haqqında protokol, qərar və digər sübutlarla müəyyən edilmiş işin mübahisəsiz hallarından görünür ki, Dəmirov (Daşdəmirov) Babək Mehman oğlu 30.12.2020-ci il idarə etdiyi avtomobil ilə manevr etmə qaydasını pozmaqla, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, nəticədə inzibati protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı məxsus avtomobilin zədələnməsi ilə nəticələnən yolnəqliyyat hadisəsinin Dəmirov (Daşdəmirov) Babək Mehman oğlununtəqsiri ilə baş verməsi və həmin hadisə nəticəsində iddiaçıya maddi ziyan dəyməsi halı məhkəmə iclaında tədqiq edilmiş sübutlarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin miqdarını müəyyən edərkən Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2021-ci il tarixli 9/2374 nömrəli rəyi nəzərə alınmalıdır. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Dəmirov(Daşdəmirov) Babək Mehman oğlundan dəymiş ziyanın əvəzi olaraq 2759 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, 100 manat ekspertiza xərci cavabdeh Dəmirov(Daşdəmirov) Babək Mehman oğlundan tutularaq müvafiq hesab üzrə Dövlət büdcəsinə ödənilməli, iddianın qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Dəmirov (Daşdəmirov) Babək Mehman oğlundan dəymiş ziyanın əvəzi olaraq 2759( iki min yeddi yüz əlli doqquz) manat və 30(otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. 100 (yüz) manat ekspertiza xərci cavabdeh Dəmirov(Daşdəmirov) Babək Mehman oğlundan tutularaq müvafiq hesab üzrə Dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar