Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-661/2022 09.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 415 manat məbləğində əsas borcun, 05 avqust 2021-ci il tarixdən başlayaraq borcu ödəmədiyi günlərə görə hər gün üçün 415 manatın 1 faizi (415*1%=4.15*30gün=124,50 manat) miqdarında penyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 569,50 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh 05.07.2021 və 06.07.2021-ci il tarixlərində ondan iki ədəd olmaqla ümumilikdə 440 manat dəyərində velosipedler almış və bununla bağlı aralarında nisyə satış müqavilələri bağlanmışdır. Müqavilələrə görə cavabdeh 440 manatdan 25 manatı dərhal ödəmiş və qalan 415 manat pulu isə 6 ay ərzində aylıq 73 manat (sonuncu ay 50 manat) ödəməklə 15.12.202 tarixədək ödəməli idi. Lakin cavabdeh 05.07.2021-ci il tarixdə ilkin ödəniş kimi 25 manat ödədikdən sonra bir daha pul ödəməmiş və dəfələrlə tələb etməsinə baxmayaraq qalıq borcu ödəməmişdir. Müqaviləyə görə cavabdeh borcunu gecikdirdiyi hər gün üçün 1% həcmində penya ödəməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05.07.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05.07.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı Cavabdeh 140 manat dəyərində velosipedi ilkin ödəniş 25 manat olmaqla 05 ay müddətinə hər ay 23 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 06.07.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06.07.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı Cavabdeh 300 manat dəyərində velosipedi ilkin ödəniş 0 manat olmaqla 06 ay müddətinə hər ay 50 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 01.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01.02.2021-ci il tarixə İddiaçı 415 manat məbləğində əsas, 05 avqust 2021-ci il tarixdən başlayaraq borcu ödəmədiyi günlərə görə hər gün üçün 415 manatın 1 faizi (415*1%=4.15*30gün=124,50) miqdarında penya və və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 569,50 manat borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05.07.2021-ci il və 06.07.2021-ci il müqavilələr mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqavilələridir. Ona görə də həmin müqavilələr barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçıdan müqavilələr üzrə aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında həmin pul öhdəliyini icra etməmişdir. Buna görə də İddiaçı əşyaların dəyərindən ödənilməmiş qalan hissəni tələb etməsi tam əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi 05.07.2021-ci il və 06.07.2021-ci il tarixli müqavilələr üzrə dəbbə pulu hissəsində qismən əsassızdır. Belə ki, müqavilələrdə dəbbə pulunun hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğlərini nəzərə alaraq 05.07.2021-ci il və 06.07.2021-ci il müqavilələr üzrə dəbbə pulu tələbinin azaldılmasını və hər iki müqavilə üzrə cəmi 42 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Beləliklə, mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə münasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 415 manat məbləğində əsas borc, 42 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 457 (dörd yüz əlli yeddi) manat məbləğində borc pul vəsaiti və 25 (iyirmi beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-661/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-661/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver