Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-664/2021 01.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 6443,56 manat məbləğində əsas borcun, 724,51 manat faiz borcunun, 1327,52 maant cərimənin, ümumilikdə 8495,59 manat məbləğində borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, xx.xx.2018-ci il tarixli, BAKU2-3254-16646 nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən “TBC Kredit” Bank olmayan Kredit Təşkilatından illik 23 faizlə 35 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbin güzəşti barədə xx xxxxxx 2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavə Sazişə əsasən Cavabdeh1 ilə “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ “xxxx” İKB ASCyə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmişdir. 2020-ci il dekabrın 1-dək Cavabdeh1 banka xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 6443,56 manat əsas borc, 724,51 manat faiz borcu, 1327,51 manat cərimə olmaqla, ümumilikdə 8495,59 manat borcu vardır. “xxxx” İKB ASC hazırda İddiaçı ASC kimi fəaliyyət göstərir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən, iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 illik 23% olmaqla 35 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli “Tələbin güzəşti barədə müqavilə”yə və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdeh borclu ilə bağlanmış müqavilə üzrə tələb “xxxx” İKB ASC-yə güzəşt edilmişdir. İş materiallarında olan Cavabdeh1 borcu ilə əlaqədar xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli, BAKU2-3254-16646 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2020-ci il tarixinə iddiaçı təşkilata 6443,56 manat məbləğində əsas borcu, 724,51 manat faiz borcu, 1327,52 manat cərimə olmaqla, ümumilikdə 8495,59 manat məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194.2-ci maddəsinə əsasən, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh borclu bankdan aldığı kredit üzrə əsas borcu və faiz borcunu iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borclu müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın müqavilənin ləğvi, müqavilə üzrə əsas borcun və faiz borcunun tutulması ilə bağlı tələbləri tam əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cərimə hissəsində qismən əsassızdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və borclunun maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, əsas və faiz borcu məbləğlərini nəzərə alaraq, mövcud müqavilə üzrə cərimə tələbinin azaldılmasını və 100 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli, BAKU2-3254-16646 saylı kredit müqaviləsi ləğv edilsin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 6443,56 manat əsas borc, 724,51 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 7268,07 manat (yeddi min iki yüz altmış səkkiz manat yeddi qəpik) məbləğində borc pul vəsaiti və 26 (iyirmi altı) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-664/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-664/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver