Məhkəmə qərarları › İş №2(002)-667/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-667/2023

03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-667/2023 03.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı reqres qaydada pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "Kredit House BOKT” MMC ilə Cavabdeh arasında bağlanmış, 04 noyabr 2014cü il tarixli, 00/0629/İPK nömrəli kredit müqaviləsinə əsasən, borclu Cavabdeh 24 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir.

2. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "Kredit House BOKT” MMC ilə İddiaçı, X1 və X9 arasında 04 noyabr 2014-cü il tarixli, 00/0629/İPK nömrəli zaminlik müqavilələri bağlanmışdır.

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən, X2, X1, X5 və İddiaçı müştərək qaydada "Kreddit House BOKT” MMC-nin xeyrinə əsas borc üzrə 2317,77 manat, faiz borcu üzrə 508,93 manat, cərimə üzrə 112,19 manat və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla cəmi 2958,89 manat pul vəsaitinin tutulması qərara alınmışdır.

4. Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlü tərəfindən qəbul edilmiş, xx.xx.2020-ci il tarixli məcburi icra ödənişi haqqında qərarı ilə Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-5200 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmri üzrə borclu İddiaçı "xxxx" MMC-in xeyrinə cəmi 2958.89 manat məbləğində borcun tutulması qərara alınmışdır.

5. İş materiallarına əlavə edilmiş, əmək haqqı məbləğlərindən çıxarış sənədlərindən görünür ki, İddiaçı əmək haqqından müxtəlif vaxtlarda 500, 441, 484, 371,1, 466, 468 manat olmaqla məhkəmə qərarı əsasında tutulmalar aparılmışdır.

6. 297245/17 nömrəli icra işinin materiallarında olan, X15 Zavodu tərəfindən Qaradağ Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-5200 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin icrasını təmin etmək məqsədilə X11 işçisi İddiaçı 2938,89 manat əsas borc və 20 manat dövlət rüsumu tutularaq "Kredit House BOKT” MMC-nin xeyrinə, ümumi məbləğin 7%-i həcmində, yəni 207.12 manat icra ödənişi isə tutularaq Qaradağ Rayon İcra Şöbəsinin depozit hesabına köçürülmüşdür.

7. 297245/17 nömrəli icra işinin materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra şöbəsnin icra məmuru Orxan Göyüşlü tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərara əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5200 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilmişdir.

İddia tələbi

8. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 2958.89 manat pulun, 1000 manat maddi ziyanın və ödənilmiş 50 manat dövlət rüsumunun cəmi 4008 manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bank olmayan Kredit Təşkilatı "Kredit House BOKT” MMC ilə Cavabdeh arasında bağlanmış 04 noyabr 2014-cü il tarixli 00/0629/İPK saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi onunla, X3 və X9 arasında zaminlik müqaviləsi bağlanmışdır. Sonradan borclu Cavabdeh kredit üzrə borcunu ödəməmişdir. Qaradağ rayon məhkəməsinin 25 avqust 2017-ci il tarixli məhkəmə əmri ilə əsas borcludan və zaminlərdən müştərək qaydada ödənilməyən cəmi 2958,89 manat pulun tutularaq "Kredit House BOKT” MMC-yə ödənilməsi barədə əmr verilmişdir. Əsas borclu və zaminlər iş yeri olmadığına görə Qaradağ rayon icra şöbəsi tərəfindən borcun tutulması onun əmək haqqıma yönəldilmiş onun hər ay əmək haqqımdan 50 faiz tutularaq tələbkarın hesabına köçürülmüşdür. Həmin pul onun tərəfindən tam şəkildə ödənilmişdir. Nəticədə o cavabdehin əvəzinə 2958,89 manat pulu "xxxx" MMC-yə ödəmişdir. O cavabdehdən onun əvəzinə ödənilmiş pulu tələb etsə də cavabdeh indiyə kimi həmin pulu ona ödəməmişdir. Həmin pul onun əmək haqqına yönəlməsi nəticəsində o və ailəsi maddi sıxıntı çəkmiş, cavabdehin təqsiri üzündən o ailəsinin dolanması üçün müxtəlif şəxslərdən borc pul almışdır. Sonradan həmin şəxslərə aldığı borca görə əlavə pul ödəməli olmuşdur və ona 1000 manat maddi ziyan dəymişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

10. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1; 385.1; 425.1; 443.1 və 560.1-ci maddələrinə istinad etmişdir.

11. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, cavabdehin "Kredit House BOKT” MMC-yə olan borcu onun əmək haqqına yönəldildiyi vaxtdan bu barədə cavabdehi məlumatlandırmışdır. Öz ailəsini çətinliklə saxlayır, borcun ondan tutulması onun əmlak vəziyyətinə ciddi ziyan vurmuşdur. Hazırda qanunun tələbinə əsasən, əsas borclu olan cavabdehin yerinə etdiyi ödənişlərin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.

13. İddiaçının nümayəndəsi və vəkili X10 məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçı Mülki Məcəllənin müvafiq maddələrinə əsasən regres qaydada tələb irəli sürmüşdür. İddiaçının cavabdehin yerinə borcu ödədiyini, iddiaçının əmək haqqına borcun yönəldilməsi işin mübahisəsiz halıdır, çeklər də iş materiallarına əlavə edilmişdir. Əsas borclu tərəfindən borcun ödənilməsi barədə qəbzlərin mötəbərliyi şübhə doğurur, əsas borclunun pulu hara ödəməsi başa düşülmür, bankın işçisinə küçədə görüşərək ödədiyini bildirir, bu halda həmin qəbzlərin saxta olması aydındır. Bundan başqa, müvafiq məhkəmə əmri ilə bağlı icra işi tələb edilərək araşdırılmış və göstərilən faktlar orada da əksini tapmışdır. Cavabeh əsas borclunun əvəzinə borcu ödəməsi nəticəsində ailəsini saxlamaq üçün bankdan pul götürmək məcburiyyətində qalmışdır. İddiaçının vəkili göstərilənlərin nəzərə alınaraq iddianın tam həcmdə təmin edilməsini xahiş etdi.

14. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və qeyd etdi ki, qeyd edilən məhkəmə əmrinin icrası ilə bağlı o, "Kredit House BOKT” MMC-yə borcunu ödəmişdir. "Kredit House BOKT” MMC bağlandığı üçün o, ödənişləri həmin MMC-nin işçisinə Lökbatan qəsəbəsində vermiş, elə orda da qəbzlər ona təqdim edilmişdir. Həmin qəbzləri icra məmuruna təqdim etsə də, icra məmuru tərəfindən qəbzlərin saxta olduğu bildirilmiş və qəbul edilməmişdir. Hazırda həmin qəbzləri məhkəməyə təqdim edir və hesab edir ki, borc artıq onun tərəfindən ödənildiyindən cavabdehin ondan regres qaydada eyni məbləği tələb etmək hüququ yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

15. Məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "Kredit House BOKT” MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmənin mövqeyi:

a) İddia tələbinin qanuni əsasları

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

17. 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlıöına səbəb olur.

18. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

19. 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur.

20. 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər.

21. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

22. 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.

23. 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir.

24. 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. 21.3-cü maddəsinə əsasən, .zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır

27. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

28. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

31. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

32. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

33. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

35. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

36. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

b) Əsaslandırma

39. İddia qismən əsaslıdır.

40. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, tərəflər arasındakı münasibətlər mahiyyət etibarilə öhdəliyi icra etmiş zaminin hüquqları ilə bağlıdır və hazırkı mübahisənin maddi hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475 və 509-cu maddələri təşkil edir.

41. Belə ki, Cavabdeh ilə bank olmayan Kredit Təşkilatı "Kredit House BOKT” MMC ilə arasında kredit müqaviləsi bağlanmış, kreditin təminatı kimi İddiaçı, X3 və X9 arasında zaminlik müqaviləsi bağlanmışdır. Mülki işin, həmçinin məhkəməyə təqdim edilmiş 297245/17 nömrəli icra işinin materiallarından görünür ki, qeyd edilən müqavilə üzrə 2938,89 manat borc məcburi icra ödənişi əsasında zamin İddiaçı əmək haqqına yönəldilək tam icra edilmişdir.

42. Öhdəliyin zamin tərəfindən icra edilməsi işin mübahisəsiz halıdır. Bununla da, mülki qanunvericiliyin tələblərinə əsasən, habelə müqavilə şərtlərinə uyğun olaraq zamin qismində çıxış edən iddiaçı kreditor qismində banka qarşısında yerinə yetirdiyi öhdəliklər həcmində cavabdehə qarşı həmin məbləğdə öhdəliyin onun xeyrinə ödənilməsini reqres qaydasında tələb etmək hüququna malik olmuşdur. Ona görə də, məhkəmə qeyd olunan halları əsas götürərək hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur.

43. Bundan başqa, məhkəmə iclasında cavabdeh (əsas borclu) Cavabdeh sədrlik edənin sualına cavab olaraq İddiaçı (zamin) kreditorun tələbini ödəyənədək bu barədə onu xəbərdar etdiyini bildirmişdir.

44. Məhkəmə cavabdeh iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallara münasibət bildirirək qeyd edir ki, cavabdeh məhkəməyə mötəbər sübut təqdim etməlidir. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşür. Cavabdeh etirazının əsas dəlili onun tərəfindən "Kredit House BOKT” MMC-yə, 04 noyabr 2014-cü il tarixli, 00/0629/İPK nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə təqdim edilmiş qəbzlərdir. Məhkəmə tərəfindən göstərilən hal üzrə obyektiv araşdırma aparılması məqsədilə müvafiq icra sənədi üzrə İcra İşi əldə edilmiş, həmin icra işinin materiallarında əsas borclu tərəfindən qeyd edilən qəbzlərin icra məmuruna təqdim edilməsi barədə heç bir məlumat aşkar edilməmiş, əksinə icra sənədinin məcburi icra tədbirləri nəticəsində zamin, X12 işləyən İddiaçı əmək haqqına yönəldilməsi İcra İşinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. İddianın əsaslılığını inkar edən digər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

45. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iddia zaminin bank qarşısında yerinə yetirdiyi öhdəlik həcmində, yəni 2958,89 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməlidir.

46. Məhkəmə iddia tələbinin “1000 manat maddi ziyanın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, həmin tələbin qanuni əsası qismində Mülki Məcəllənin 475.1-ci (öhdəliyi icra etmiş zaminin borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb etmək hüququ), 1096, 1097.1 və 21-ci maddələri çıxış edir və bu tələbin mövcudluğu üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: 1) həyata, sağlamlığa və ya əmlaka zərərin vurulması; 2) zərərin cavabdehin hərəkəti nəticəsində vurulması; 3) cavabdehin təqsirli hərəkətləri ilə iddiaçıya dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olması.

47. Məhkəmə qeyd edir ki, tələbin həmin hissəsi sübut etmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi cavabdehin "Kredit House BOKT” MMC-yə olan borcunun icra etməsi nəticəsində ona maddi ziyan vurulması halına istinad edir ki, həmin halın da sübut edilməsi öhdəliyi məhz iddiaçının üzərinə düşür. Lakin iddiaçı ona vurulmuş maddi ziyanın nədən ibarət olmasına, həmin ziyanın məhz cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmasına, habelə cavabdehin təqsirli hərəkətləri ilə ona dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş həmçinin, həmin hallar məhkəmə araşdırması çərçivəsində də öz təsdiqini tapmamışdır.

48. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

50. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

51. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı).

52. Göstərilənlər onu deməyə əsas verir ki, 1000 manat maddi ziyanın tutulması hissəsində iddia əsassız olduğundan təmin edilməməlidir.

c) Məhkəmə xərcləri

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

54. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbi təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

55. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh reqres qaydada, 2958.89 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir.

56. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 2958.89 manat məbləğində pul vəsaiti və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar