Məhkəmə qərarları › İş №2(002)-672/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-672/2021

18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-672/2021 18.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh oğundan 30 sentyabr 2010-cu il tarixdə doğulmuş X2 və 17 iyul 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 175 manat, iki uşağa görə cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(002)-215/2019 saylı qətnaməsinə əsasən 30 sentyabr 2010-cu il tarixdə doğulmuş X2 və 17 iyul 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 manat iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən kifayət qədər vaxt keçmiş uşağın tələbatları artmışdır. Cavabdeh isə alimentdən başqa heç bir ödəniş etmir, həmçinin həmin alimenti də vaxtlı-vaxtında ödəmir. Hazırda bir uşaq üçün yaşayış munimumu 175 manat müəyyən edilmişdir. Cavabdeh müəyyən gəlirə malik olsa da, uşaqlarına başqa heç bir maddi yardım göstərmir. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərətlərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-215/2019 saylı,03 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 23 iyul 2011-ci il tarixdə bağlanmış Qaradağ rayon Qeydiytyat şöbəsində 826 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, həmin nikahdan olan X2 və X1 anaları-X3 yanında qalmalarının müəyyən edilməsi, 04 noyabr 2012-ci il təvəllüdlü X2 və 17 iyul 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 30 oktyabr 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 154 (yüz əlli dörd) manat olmaqla, cəmi iki uşağa görə 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra olunması qət edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 27 yanvar 2021-ci il tarixli, 07 saylı arayışdan görünür ki, Cavabdeh 04 iyun 2014-cü il tarixdən hal-hazıradək "xxxx" MMM-nin avtoterminalında yükləyici vəzifəsində işləyir və əmək haqqı 290 ( iki yüz doxsan) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər nikahda olmaları, onların həmin nikahdan 2 uşaqlarının olması, həmin uşaqların ananın yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 aprel 2019-ci il tarixli, 2(002)-215/2019 saylı qətnaməsi ilə Cavabdeh hər ay hər uşağa görə 154 manat olmaqla, ümumilikdə iki uşağa görə 308 manat sabit pul məbləğində alimentin təyin edildiyi vaxtla müqayisədə cavabdehin maddi vəziyyəti yaxşılaşmamış, aliment məbləğinin artırılması üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar