Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-68/2021 21.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu ziyana görə 5000 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nərimanov küçəsi 12 saylı evin 2 saylı mənzili mənə məxsus olmaqla mən həmin mənzildə yaşayıram. Həmin ünvanda yuxarı mərtəbədə olan 5 saylı mənzildə isə cavabdeh ailə üzvləri il birlikdə yaşayırlar. Cavabdehə məxsus mənzildən 2018-ci ildə tarixdən hal-hazıra kimi mənim evimə hamamdan su axıdılması nəticəsində mənə məxsus mənzilin mətbəxin tavanı divarları,mətbəx mebeli, otaqların tavanı və divarı yararsız hala düşməklə tamamilə sıradan çıxarılmışdır. Həmçinin suyun axması nəticəsində lampalara, elektrik naqillərinə də ciddi ziyan dəymiş, suyun axıdılması nəticəsində mətbəxdə yerləşən paltaryuyan maşını da xarab olmaqla işlək vəziyyətdə deyildir. Mənzilin təmirə ehtiyacı vardır. Bu barədə dəfələrlə cavabdehə məlumat versəm də lakin heç bir nəticəsi olmamışdir. Hətta bu barədə MKİS-yə də şikayət etmişəm, onlar da gəlib vəziyyətlə tanış olub bu barədə akt tərtib etmişlər. Cavabdehlərin evindən mənim evimə su axması nəticəsində bərbad olan hissələrin təmiri üçün 5000 manat məbləğində pul lazımdır. Cavabdehə bu barədə bildirsə də o, buna laqeydlik etməklə düzəltmək fikrində deyildir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq,bildirdi ki , ev sənədlərlə mərhum atasına məxsus olsa da, həmin evdə yalnız yaşayır və evinə dəfələrlə su axıb bunun nəticəsində paltaryuyuan və mətbəx mebeli xarab olmuşdur. Bu səbəbdən iddianın tam təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini, bir dəfə qəza olduğu zaman onun evindən cavabdehin evinə suyun axıdıldığını bildirərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Mülki işin materiallarında olan xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu,Lökbatan qəsəbəsi, Nərimanov küçəsi 12 saylı evin 2 saylı mənzili X1 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş və tədqiq olunmuş AZ-İ № 510792 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx xxxxxx 2012-ci il tarixində ölmüşdür.Qaradağ rayon qeydiyyat şöbəsində xx xxxxxx 2021-ci il tarixində 22 nömrəli akt ilə qeyd edilmişdir İş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 150 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş 739 nömrəli xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi,Nərimanov küçəsi 12 saylı evin 2 saylı mənzili də qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə olunmuş və tədqiq olunmuş Qaradağ rayon 150 saylı MKİS-in xx.xx.2020-ci il tarixli aktından görünür ki , İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi,Nərimanov küçəsi 12 saylı evin 2 saylı mənzilinə baxış zamanı məlum olmuşdur ki,divar kağızları sallanır, mebellərə ziyan vurulub, tavanın üstü tökülüb, mənzil ümumilikdə nəmlənib. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2021-cu il tarixli 10/3947 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nərimanov küçəsi, 12 saylı binanın 2 saylı mənzilin tavanında və divarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan, 150 saylı MKİS-in əməkdaşları tərəfindən 2 saylı mənzilə baxış keçirilmiş və bu barədə xx.xx.2020-ci il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhər Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nərimanov küçəsi, 12 saylı binanın 2 saylı mənzilinə yuxarı mərtəbədəki 5 saylı mənzildən suyun sızması müəyyən olunur. 5 saylı mənzilə baxış keçirilən zamanı, həmin mənzilin mətbəxində və sanitar qovşağında quraşdırılmış su və kanalizasiya boru xətlərinin gözlə görünən hissələrində hər hansı nasazlıq (rütubət, sızma, sıradan çıxma və s.) müşahidə olunmamışdır. Eyni zamanda cavabdehin mənzilinin sanitartexniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 2 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmamışdır (qərardadın 1 və 3cü sualları).Bakı şəhəri, Qaradağ rayonu,Lökbatan qəsəbəsi,Nərimanov küçəsi,12saylı binanın 2 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərin dəyəri mövcud bazar qiymətlərinə uyun olaraq təqribən 1129,0 manat məbləğində olduğu müəyyən edilir.(qərardadın 2-ci sualına)Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin məhkəmə iclasında müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Bakı şəhəri, Qaradağ rayonu,Lökbatan qəsəbəsi,Nərimanov küçəsi,12saylı binanın 2 saylı mənzilinə həmin evin 5 saylı mənzilindən su axıdılması nəticəsində maddi ziyan dəyməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında mübahisəli hal dəymiş maddi ziyanın məbləğidir. İddiaçının vəsatəti ilə təyin edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2021-ci il tarixli 10/3947 nömrəli ekspert rəyindən göründüyü kimi, ekspert rəyi ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nərimanov küçəsi,12 saylı binanın 2 saylı 1129 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən dəymiş maddi ziyanın məbləği ilə bağlı digər heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ekspertiza rəyi mötəbər sübut kimi qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, maddi ziyan kimi 1129 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1129 manat məbləğində maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 1159 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, 100 manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1129(bir min yüz iyirmi doqquz) manat məbləğində maddi ziyan və ödənilmiş 30(otuz) manat dövlət rüsumu, cəmi 1159(bir min yüz əlli doqquz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. 100(yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-68/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-68/2021
21.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver