Məhkəmə qərarları › İş №2(002)-68/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-68/2022

21.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-68/2022 21.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" (Azərbaycan) ASC-nin nümayəndəsi X21 iştirakı ilə, İddiaçı X9 cavabdehlər "xxxx" (Azərbaycan) ASC-yə, «Şahqaya Quarry» Tam Ortaqlı müəssisəsinə, X5 və X10 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X22 cavabdeh "xxxx" (Azərbaycan) ASC-yə qarşı «vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurduğu ziyana görə 1.200.000 manat pulun cavabdeh "xxxx" (Azərbaycan) ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı X22 ərizə ilə məhkəməyə müraciət edərək, «X12 və X1 Quarry» Tam Ortaqlı müəssisəsinin cavabdeh qismində mülki işə cəlb edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı X22 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində vurduqları ziyana görə 4.900.000 manat pulun cavabdehlər "xxxx" (Azərbaycan) ASC-dən və «X12 və X1 Quarry» Tam Ortaqlı müəssisəsindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X22 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış xx.xx.2005-ci il tarixli, 387 saylı torpaq icarə müqaviləsi və müvafiq hüquqi sənədlər arasında hal-hazırda Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən 7 hektar «Sahə» adlanan ərazi ona uzun müddətə icarəyə verilmişdir. Həmin müqavilə üzrə müvafiq hüquqi sənədlər prosessual qaydada rəsmi dövlət qeydiyyatından keçmişdir. Onun istifadəsində və ixtiyarında olan sahədə daş karxanası (yer-mədən) fəaliyyət göstərərək istehsalatla məşğuldurlar. Sözü gedən həmin sahədə "xxxx" (Azərbaycan) ASC onun razılığı və məlumatı olmadan fiziki partlayış keçirərək, qazıntılar aparmışdır. Nəticədə istifadəsinə verilmiş həmin sahədə torpaq, yer-daş örtüyü tam yararsız hala düşmüşdür. Ona məxsus sözü gedən ərazinin istehsal üçün yararsız hala düşməsinin səbəbi əminlik məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişdir. Hər iki nazirliyin keçirdiyi yoxlama və müayinə nəticəsində ərazinin yararsız hala düşməsinin səbəbi "xxxx" Azərbaycan sement zavodunun ona məxsus həmin ərazidən xammal götürmək məqsədi ilə qazıntı və partlayış işləri müəyyən edilmişdir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 1(81)-184/2018 saylı qərarı ilə onun "xxxx" (Azərbaycan) ASC-yə qarşı iddiası təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin «Yerin təkinin istismarına razılıq verilməsi haqqında» 03a saylı, 23 yanvar 2012-ci il tarixli sərəncamı Qaradağ rayonunun inzibati ərazisində yerləşən «Şahqaya» əhəng daşı yatağında tam istismar olunmamış ərazidə yerin təkindən səmərəli istifadə olunması məqsədi ilə «X12 və X1 Quarry» Tam Ortaqlı müəssisəsinin istifadəsində olan 6,24 ha torpaq sahəsinin istismarının davam etdirilməsinə verilmiş razılıq ləğv edilmişdir. Qeyd edir ki, «X12 və X1 Quarry» Tam Ortaqlı müəssisəsi "xxxx" (Azərbaycan) ASC-nin tərkib müəssisəsidir. Həmin 2-1(81)-184/2018 saylı iş üzrə məhkəmə ekspertizası təyin olunub və xx.xx.2018-ci il tarixli, 9207 nömrəli ekspertiza rəyinə əsasən ona məxsus 6,24 hektar torpaq sahəsi Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən «X12 və X1 Quarry» Tam Ortaqlı müəssisəsinə ayrılmış 14,6 hektar torpaq sahəsinin cizgisi ilə üst-üstə düşmüşdür. "xxxx" (Azərbaycan) ASC onun istifadəsində və ixtiyarında olan sahədə daş karxanası (yer-mədən) fəaliyyət göstərdiyi əraziyə qanunsuz və xəbəri olmadan soxularaq fiziki və mexaniki partlayış keçirmiş, nəticədə daş istehsalı üçün və ümumiyyətlə yer-mədən fəaliyyəti üçün ərazini yararsız hala salmışdır. "xxxx" (Azərbaycan) ASC ona məxsus yer-mədən fəaliyyəti üçün nəzərdə tutulmuş ərazidən xammal kimi istifadə etmiş və faydalanmış, külli miqdarda maddi gəlir əldə etmişdir. Beləliklə, "xxxx" (Azərbaycan) ASC-nin qanunsuz hərəkətləri və özbaşınalığı nəticəsində ona ilkin hesablamalara görə 1.200.000 manat dəyərində maddi ziyan vurulmuşdur. "xxxx" (Azərbaycan) ASC-yə rəsmi qaydada pretenziya ilə müraciət edərək, ona vurduğu 1.200.000 manat miqdarında ziyanı ödəməsini istəmiş və əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin "xxxx" (Azərbaycan) ASC 14 iyun 2020ci il tarixli, L4822/20 saylı sənədi ilə ona rədd cavabı vermiş və bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" (Azərbaycan) ASC məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, aşağıdakılara əsasən hesab edirlər ki, iddia tələbi əsaslı deyil və tam rədd edilməlidir. Belə ki: 1) İddiaçının iddia ərizəsinə əlavə etdiyi Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamına əsasən X11 Kiçik Ağıl qış otlaqları ərazisində mişar daşı istehsalı məqsədi ilə icarə qaydasında 15 illik müddətə 7,0 ha torpaq sahəsi ayrılmışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə X22 ilə Abşeron rayon İcra Hakimiyyəti arasında imzalanmış xx.xx.2005-ci il tarixli icarə müqaviləsinin 2.1-ci bəndinə icarə müqaviləsinin müddəti 15 il müəyyən edilmişdir. Sərəncam və müqavilə xx.xx.2005-ci il tarixdə 15 il müddətinə qüvvədə olmaqla imzalanmışdır və həmin 15 illik müddət xx.xx.2020-ci il tarixdə başa çatmışdır, bununla da iddiaçının torpaq sahəsi üzərində hər-hansı hüququ mövcud deyil. Sərəncamın və müqavilənin uzadılması barədə iddiaçı tərəfindən hər-hansı sənəd və ya sübut təqdim olunmamışdır. İddiaçı hal-hazırda həmin torpaq sahəsində hansı əsasla fəaliyyət göstərməsi və istehsalatla məşğul olması barədə sənəd və sübut təqdim etmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsində qeyd olunur ki, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. İddiaçıya 2005-ci ildə torpaq sahəsi 15 illik müddətə ayrılmışdır, lakin iddiaçı tərəfindən torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması barədə hər hansı sənəd və ya sübut təqdim olunmur. Torpaq üzərindəki icarə hüququnun və icarə müqaviləsinin müddəti başa çatdığına, icarə hüquqlarının dövlət qeydiyyatına alınmadığına, iddiaçının həmin torpaq sahəsində hansı əsasla fəaliyyət göstərdiyinə dair sənədlər təqdim edilmədiyinə əsasən hesab edirlər ki, iddiaçının həmin torpaq sahəsi üzərində subyektiv hüququ yoxdur, həmin torpaq sahəsinin zədələnməsi, yararsız hala düşməsi və ya ona ziyan vurulması ilə bağlı iddiaçının iddia tələbi əsaslı deyil. 2) İddiaçı 1 saylı Bakı İnzibati Məhkəməsinin qərarı ilə guya onun cavabdehə qarşı iddiasının təmin edildiyini qeyd etməklə, məhkəməni çaşdırmaq istəyir və hazırki iddia tələbini həmin işlə əlaqələndirməyə çalışır. Halbuki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-184/2018 saylı qərarı ilə iddiaçının "xxxx" (Azərbaycan) ASC-yə qarşı yox, Qaradağ rayon İcra Hakimiyyətinə qarşı iddiası qismən təmin edilmişdir. Qaradağ rayon İcra Hakimiyyətinin 23 yanvar 2012-ci il tarixli, 03a saylı sərəncamı ilə «X12 və X1 Quarry» Tam Ortaqlı müəssisəsinin istifadəsinə verilmiş 14,6 hektar torpaq sahəsinin 6,24 ha hissəsi daha əvvəl Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 387 nömrəli sərəncamı ilə X13 ayrılmış 7 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün məhkəmə Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 03a saylı sərəncamını həmin 6,24 ha torpaq sahəsinə aid hissədə ləğv etmişdir, qalan hissədə qüvvədə saxlamışdır. Onlar həmin işdə cavabdeh qismində deyil, 3-cü şəxs qismində iştirak etmişlər, qərar Qaradağ rayon İcra Hakimiyyətinə qarşı çıxarılmışdır və həmin qərarda onların iddiaçıya ayrılmış torpaq sahəsində hər-hansı işlərin aparılması barədə hər-hansı qeyd yoxdur və onlara qarşı hərhansı öhdəlik müəyyən edilməmişdir. «X12 və X1 Quarry» Tam Ortaqlı müəssisəsi və "xxxx" (Azərbaycan) ASC ayrı-ayrı hüquqi şəxslərdir, onlar məhkəmənin həmin qərarından apellyasiya şikayəti vermişlər, həmin iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dayandırılmışdır. 3) İddiaçı ərizəsində iddia edir ki, guya cavabdeh ona məxsus olan sahədə daş karxanasının fəaliyyət göstərdiyi əraziyə qanunsuz və xəbərsiz soxularaq fiziki və mexaniki partlayış keçirmiş, ərazini yararsız hala salmışdır. İddiaçı bu iddiası ilə bağlı sənəd və sübutlar təqdim etmir, cavabdehin həmin sahəyə nə vaxt, hansı tarixlərdə, hansı qaydada müdaxilə etdiyini, hansı tarixlərdə qazıntı və partlayışlar həyata keçirildiyini qeyd etmir, ərazinin yararsız hala düşməsi və bunun məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi ilə bağlı sənəd və sübut təqdim etmir. İddiaçının təqdim etdiyi X17 görülməsi və X23 agentliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı regional idarəsinin məktubunda da, "xxxx" (Azərbaycan) ASC-nin iddiaçıya məxsus ərazidə qazıntı və partlayışlar keçirməsi və bunun nəticəsində iddiaçının torpaq sahəsinə ziyan vurması qeyd olunmur. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 1.200.000 manat məbləğində ziyanın vurulduğunu iddia edir, lakin bu məbləğin və maddi zərərin hansı əsasla və düsturlara görə hesablanmasına dair sənəd və sübutlar təqdim etmir. Ümumiyyətlə iddiaçı ona ayrılmış sahədə 15 illik müddətdə hansı fəaliyyət həyata keçirdiyi, hansı dövriyyədə işlər görüdüyü, nə qədər həcmdə və məbləğdə mişar daşı istehsal etdiyi, bu işlərlə bağlı gəlir və xərcləri göstərən sənəd və sübutlar təqdim etmir. Buna görə də, iddiaçının ona 1.200.000 manat məbləğində ziyan vurulması barədə iddiası əsaslı deyildir. 4) İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun istifadəsində və ixtiyarında olan sahədə daş karxanasında (yer-mədən) fəaliyyəti göstərərək istehsalatla məşğuldur. «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikası Qanununun 2 nömrəli əlavəsinə əsasən dağ-mədən işlərinin aparılması lisenziya tələb olunan fəaliyyət növüdür. Həmin qanunun 3 nömrəli əlavəsinə əsasən yerin təki sahəsində faydalı qazıntıların çıxarılması dağ-mədən ayırması statusunun (dağ-mədən ayırma aktının) verilməsi ilə həyata keçirilir. «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yerin təkindən istifadəyə icazə əsasında bu Qanun və «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. İddiaçı ona ayrılmış sahədə yer-mədən fəaliyyəti ilə, mişar daşı istehsal etmək fəaliyyəti ilə məşğuldursa, bu hüququ ona verən dağ-mədən ayırma icazəsi və dağ işlərinin görülməsi barədə lisenziyaya (xüsusi razılığa da) da malik olmalıdır. Çünki, yerin təkindən mişar daşının çıxarılması və istehsal edilməsi faydalı qazıntı çıxarılması hesab olunur və buna görə də, Azərbaycan Respublikasının müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən dağmədən ayırma aktı verilməlidir. Lakin iddiaçı tərəfindən həmin icazə və lisenziya sənədləri təqdim olunmur, bu da iddiaçının həmin ərizədə yer-mədən fəaliyyəti göstərmək hüququnun olmadığını göstərir. Buna görə də, iddiaçının cavabdehə qarşı iddiası əsaslı deyildir. 5) Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamı X6 adına verilmişdir. xx.xx.2005-ci il tarixli icarə müqaviləsi isə X22 arasında bağlanmışdır və həmin müqavilədə müqavilənin bağlanmasının əsası kimi Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamı göstərilmişdir. Sərəncamda və müqavilədə Gülxar Nuriyevanın ata adı fərqli göstərilmişdir, nəticədə qeyd olunan sənədlər hüquqi cəhətdən düzgün rəsmiləşdirilməmişdir. İcarə müqaviləsində icarəyə götürənin imzası ilə hazırki iddia ərizəsindəki iddiaçının imzası bir-birindən açıq-aydın şəkildə fərqlənir. Nəticədə torpaq sahəsinin kimə ayrıldığı hüquqi nöqteyi-nəzərdən qeyri-müəyyəndir və iddiaçının həmin sənədlərə əsaslanaraq hazırki iddianı irəli sürmək hüququ və cavabdehdən 1.200.000 manat ziyan tələb etmək hüququ yoxdur. Nəticədə, "xxxx" (Azərbaycan) ASC iddiaçının ərazisinə daxil olmamışdır, orada qazıntı və partlayış həyata keçirməmişdir, iddiaçıya hər-hansı ziyan vurmamışdır, iddiaçının iddia tələbi əsaslı sənəd və sübutlarla təsdiq olunmur. Buna görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh "xxxx" (Azərbaycan) ASC iddia ərizəsinə etiraza əlavə təqdim edərək, Mülki Məcəllənin 139.1, 139.3, 178.1, eləcə də 26.1, 26.2, Torpaq Məcəlləsinin 66.2, həmin Məcəllənin 2005-ci ildə qüvvədə olan 66.3, həmin Məcəllənin 67.1, 67.3, 67.4, «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 7, 8, 10, 12, 13, 27-ci maddələrinə; «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikası Qanununun 2 və 3 nömrəli əlavələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə «Dağ-mədən ayırması» statusunun verilməsi qaydalarının 1.1, 1.8-ci bəndlərinə; «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58, 59.1.2-ci maddələrinə istinad edərək, eyni məzmunlu etiraz vermiş və iddianın rədd edilməsini xahiş etmişdir. Belə ki, cavabdeh "xxxx" (Azərbaycan) ASC iddia ərizəsinə etiraza əlavədə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsində qeyd olunur ki, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 2005-ci ildə qüvvədə olan 66.3-cü maddəsinə əsasən torpaqdan (o cümlədən, icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanılan icarə müqaviləsi ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.3-cü məaddəsinə əsasən, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sərəncamın verildiyi vaxt qüvvədə olan Torpaq icarəsi haqqında qanunun 12-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatına alınmamış icarə müqaviləsi etibarsız sayılır. Dövlət və bələdiyyə torpaqlarının icarəçilərinə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr verilir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi Abşeron rayon icra hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamına əsasən X11 Kiçik Ağıl qış otlaqları ərazisində mişar daşı istehsalı məqsədilə icarə qaydasında 15 illik müddətə 7.0 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsinin icarəyə verilməsi barədə X22 ilə Abşeron rayon icra hakimiyyəti arasında 15 il müddətinə icarə müqaviləsi imzalanmışdır. Həmin sərəncamın 2-ci bəndində qeyd olunur ki, fiziki şəxsə, yəni icarəçiyə tapşırılsın ki, torpaq üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsilə təmin etsin. Abşeron rayon icra hakimiyyəti ilə iddiaçı arasında imzalanmış aktda qeyd olunur ki, fiziki şəxsə, yəni icarəçiyə tapşırılsın ki, torpaq üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsilə təmin etsin. Torpaq sahəsinin ayrılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şəbəsinin rəyində qeyd olunur ki, fiziki şəxsə yəni icarəçiyə tapşırılsın ki, torpaq üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsilə təmin etsin. Abşeron rayon icra hakimiyyəti ilə iddiaçı arasında imzalanmış icarə müqaviləsinin 6-cı bəndində qeyd olunur ki, bu müqavilə açıqlana bilməz və icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadətnamə alındıqdan sonra qüvvəyə minir. Həmin müqavilənin yenə 6-cı bəndində qeyd olunur ki, bu müqavilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alınan gündən etibarlı sayılır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən, Abşeron rayon icra hakimiyyətinin sərəncamından və iddiaçı ilə bağlanmış icra müqaviləsinin tələblərindən aydın olur ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi, çünki icarə müddəti 11 aydan çox olmuşdur. Qanunvericilikdə birbaşa qeyd olunur ki, icarə hüququ dövlət qeydiyyatına alındığı andan yaranır, o cümlədən iddiaçı ilə bağlanmış icarə müqaviləsində birbaşa qeyd olunmuşdur ki, icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra qüvvəyə minir. İddiaçı tərəfindən torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması barədə hər-hansı sənəd və ya sübut təqdim olunmur. Torpaq üzərindəki icarə hüququnun dövlət qeydiyyatına alınmadığına və icarə müqaviləsi qüvvəyə minmədiyinə görə iddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüququ yaranmamışdır, hal-hazırda da yoxdur. Buna görə də, həmin torpaq sahəsinin zədələnməsi, yararsız hala düşməsi və ya ona ziyan vurulması ilə bağlı iddiaçının cavabdehə qarşı iddia tələbi əsaslı deyildir. İddiaçı iddia ərizəsində qeyd edir ki, onun istifadəsində və ixtiyarında olan sahədə daş karxanasında (yer-mədən) fəaliyyəti göstərərək istehsalatla məşguldur. Yerin təki haqqında Azərbaycan Respublikası qanununun 7-ci maddəsində qeyd olunur ki, faydalı qazıntıların çıxarılması və dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə edilməsi yerin təkindən istifadənin növlərdiir. Həmin qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yer təkinin istifadəçiləri ola bilərlər. Həmin maddədə qeyd olunur ki, yer təki istifadəçilərinin hüquqları və vəzifələri yerin təkindən istifadəyə bu Qanuna və «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə alındığı andan yaranır. Həmin qanunun 10-cu maddəsində qeyd olunur ki, yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında «Dağmədən ayırması» statusunun müəyyən edilməsi şəklində verilir. Dağ-mədən ayırmasının ilkin hüdudları dağ-mədən ayırması statusu verilərkən müəyyən edilir. Qanunun 12-ci maddəsində yerin təkindən istifadə üçün icazəsnin müddətləri müəyyən edilmişdir. Qanunun 13-cü maddəsinə əsasən yerin təkindən istifadəyə icazə əsasında bu Qanun və «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Qanunun 27-ci maddəsində qeyd olunur ki, Dövlət qeydiyyatı olmadan yerin təkindən istifadə ilə əlaqədar işlərin aparılması qadağandır. «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının qanununun 2 nömrəli əlavəsinə əsasən dağmədən işlərinin aparılması lisenziya tələb olunan fəaliyyət növüdür. Həmin qanunun 3 nömrəli əlavəsinin 20-ci bəndinə əsasən yerin təki sahəsində faydalı qazıntıların çıxarılması dağ-mədən ayırması statusunun (dağ mədən ayırma aktının) verilməsi ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə «Dağ-mədən ayırması» statusunun verilməsi qaydalarının 1.1-ci bəndində qeyd olunur ki, faydalı qazıntıların çıxarılması, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismar edilməsi məqsədi ilə hüquqi və fiziki şəxslərin (bundan sonra yer təki istifadəçilərinin) xüsusi razılığa və ya icazəyə əsasən istifadəsinə verilən yer təkinin hüdudları – «Dağ-mədən ayırması» statusu adlanır (bundan sonra «Dağ-mədən ayırması») və akt şəklində verilir. Həmin qaydaların 1.8-ci bəndində qeyd olunur ki, «Dağ-mədən ayırması» olmadan və yaxud onun hüdudlarından kənarda faydalı qazıntıların çıxarılması və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan qurğuların tikilməsi və ya istismarı Azərbaycan Respublikasının «Yerin təki haqqında» Qanunu ilə qadağan olunur. İddiaçıya torpaq sahəsinin ayrılması yerin təkindən istifadə etmək üçün hüquq vermir, bununla yanaşı iddiaçı yerin təkindən istifadə etmək üçün bu hüququ ona verən dağ mədən ayırma icazəsi və dağ işlərinin görülməsi barədə lisenziyaya (xüsusi razılığa da) da malik olmalıdır. Çünki, yerin təkindən mişar daşının çıxarılması və istehsal edilməsi faydalı qazıntı çıxarılması hesab olunur və buna görə də Azərbaycan Respublikasının müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən dağ-mədən ayırma aktı verilməlidir. Həmin icazə verildikdən sonra iddiaçının ona icazədə verilmiş koordanatlar daxilində yerin təkindən istifadə etmək və faydalı qazıntılar çıxarmaq hüququ yaranır. İddiaçı tərəfindən həmin icazə və lisenziya sənədləri təqdim olunmur, buna görə də iddiaçının həmin ərazidə yer-mədən fəaliyyəti göstərmək hüququnun yaranmamışdır. Buna görə də iddiaçının cavabdehə qarşı torpaq sahəsinə ziyan vurulması ilə iddiası əsaslı deyildir. Abşeron rayon icra hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamı X6 adına verilmişdir. xx.xx.2005-ci il tarixli icarə müqaviləsi isə X22 arasında bağlanmışdır və həmin müqavilədə müqavilənin bağlanmasının əsası kimi Abşeron rayon icra hakmiyyətinin xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamı göstərilmişdir. İcarə müqaviləsində Gülxar Nuriyevanın ata adı Mehdi qızı, sərəncamda isə Məmməd qızı olaraq göstərilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası qanunun 58-ci maddəsində aşağıdakılar qeyd olunur: 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin qanunun 59.1.2-ci maddəsində qeyd olunur ki, inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı inzibati aktda əks olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.1-ci maddəsində qeyd olunur ki, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin məcəllənin 26.2ci maddəsinə əsasən fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Abşeron rayon icra hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamında Gülxar Nuriyevanın ata adı düzgün göstərilməmişdir, onun ünvanı göstərilməmişdir, həmin şəxsi eyniləşdirən məlumatlar sərəncama daxil edilməmişdir. Nəticədə qeyd olunan sənədlər hüquqi cəhətdən düzgün rəsmiləşdirilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, iddiaçının topraq sahəsi üzərində qanunvericiliklə müəyyən olunmuş qaydada istifadə hüququ yaranmamışdır, iddiaçının cavabdehə qarşı iddia tələbi əsaslı deyildir və tam rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənləri nəzərə alaraq Mülki Prosessual Məcəllənin 154-cü və 216-cı maddələrinə əsasən iddiaçının iddia tələbinin tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh "xxxx" (Azərbaycan) ASC-nin nümayəndəsi X28 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia ərizəsinə etirazın və həmin etiraza əlavənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmənin qərardadı ilə iş üzrə təyin təyin olunmuş ekspertizada ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: Abşeron rayon icra hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamı ilə iddiaçı X14 ayrılmış Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən 7.0 ha torpaq sahəsində xx.xx.2005-ci ildən xx.xx.2020-ci ilədək olan dövrdə istismar məqsədi ilə həmin torpaq sahəsində partlayışlar keçirilmişdirmi və keçirilmişdirsə iddiaçı X14 vurulmuş ziyanın məbləği neçə manat təşkil edir? Məhkəməyə eyni suala dair 2 ekspert rəyi təqdim olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ballistik və trasaloji ekspertizalar şöbəsinin ekspertləri X15 və X24 məhkəməyə təqdim etdikləri xx.xx.2022-ci il tarixli ekspert rəyində rəy vermişlər ki, partlayışların xx.xx.2005-ci ildən xx.xx.2020-ci ilədək olan dövrdə keçirilməsini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin iqtisadi ekspertizalar şöbəsinin aparıcı eksperti X19 ekspertiza qarşısında qoyulan suallar barəsində xx.xx.2022-ci il tarixli ekspert rəyi təqdim etmişdir. Aşağıdakılara əsasən həmin ekspert rəyi əsassızdır: a) Ekspert rəyində iddiaçı ayrılmış ərazidə deyil, həmin əraziyə həmsərhəd olan ərazidə keçirilən partlayışların nəticəsində iddiaçıya dəyən zərər hesablanmışdır, halbuki məhkəmə tərəfindən eskpert qarşısında qoyulan sual həmsərhəd ərazidə deyil, iddiaçıya ayrıldığı iddia olunan 7 ha torpaq sahəsində başverən partlayış nəticəsində vurulmuş ziyanın məbləğini hesablamaq idi. b) Məhkəmənin qoyduğu suala əsasən əgər partlayış qeyd edilən dövrdə iddiaçıya ayrılmış sahədə keçirilmişdirsə, o halda ziyanın məbləği hesablana bilərdi. Ballistik və trasaloji ekspertizalar şöbəsinin ekspertlərinin xx.xx.2022-ci il tarixli rəyində partlayışların xx.xx.2005-ci ildən xx.xx.2020-ci ilədək olan dövrdə keçirilməsinin müəyyən edilməsinin mümkün olmadığı qeyd olunursa hər-hansı ziyanın hesablanmasından da söhbət gedə bilməz. Partlayışların xx.xx.2005-ci ildən xx.xx.2020-ci ilədək olan dövrdə baş verib-verməməsi ilə bağlı suala münasibət bildirmədən, xx.xx.2022-ci il tarixli ekspert rəyini nəzərə almadan iddiaçıya 4 900 000 manat ziyan hesablanması tamamilə əsassızdır. c) Ekspert izah etmir ki, iddiaçıya ayrılmış torpaq sahəsində çatların məhz həmsərhəd ərazidə aparılan partlayışlar nəticəsində yarandığı qənaətinə hansı əsasla gəlmişdir. d) Ekspert aşkar edilmiş 3 metr dərinliyin 1 metr üst qatının torpaq qarışıq əhəndaşı olduğunu nəzərə almış, digər 2 metr qatın isə əhəngdaşı qatı olduğu qənəatinə gəlmiş və ziyanı bütün 7 hektar boyunca həmin 2 metr qat üzrə hesablamışdır. Lakin ekspert rəyində izah etməmişdir ki, o, hansı əsaslarla bu qənaətə gəlmişdir ki, 1 metr üst qat torpaq qarışıq əhəngdaşından, 2 metr isə tam əhəngdaşı qatından ibarətdir. Mütəxəssislərin iştirakı ilə tərtib olunan 18 yanvar 2022-ci il tarixli baxış aktında da 1 metr üst qat torpağın qarışıq əhəgdaşından, 2 metr qat torpağın isə tam əhəngdaşı qatından ibarət olduğuna və ya həmin ərazidən nümunələr götürüldüyünə və ya bununla bağlı geoloji araşdırma aparıldığına dair qeyd yoxdur. Həmçinin qeyd olunan çatlar 7 hektar sahənin bütün səthi boyu yayılmadığı halda hesablama zamanı bütün sahənin nəzərə alınması da əsassızdır. e) Ekspert «Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər»in təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 nömrəli qərarına əsaslanaraq iddiaçıya dəymiş ziyanı 4.900.000 manat məbləğində müəyyən etmişdir. Həmin qərar aşağıdakılara görə hazırkı münasibətə tətbiq oluna bilməz: (1) Qərarın adından göründüyü kimi, həmin qərar faydalı qazıntı yataqlarının qanunsuz işlənilməsi nəticəsində vurulmuş ziyana görə tətbiq edilə bilər. Ekspert isə həmsərhəd ərazidə aparıldığını iddia etdiyi partlayışların qanunsuz olması ilə bağlı hər-hansı əsas göstərmir ki, NK-nin qeyd olunan qərarı tətbiq olunsun. Ekspert iddiaçıya ayrılmış 7 ha torpaq sahəsinə ziyanın məhz həmsərhəd ərazidə aparılmış partlayış nəticəsində yarandığını əsaslandırmır. (2) İddiaçıda həmin torpaq sahəsinin faydalı qazıntı yatağı kimi işlənilməsi hüququ verən dağ-mədən ayırma aktı yoxdur, həmin sahədə kommersiya fəaliyyəti göstərib əhəngdaşı çıxarmır, həmçinin iddiaçı ilə icra hakimiyyəti arasında bağlanmış icarə müqaviləsi qanuni qüvvəyə minməyib. Belə olan halda ziyanın hesablanmasından və NK qeyd olunan qərarının tətbiq edilməsindən söhbət gedə bilməz. (3) NK-nın həmin qərarı 29 mart 2020-ci il tarixdə qəbul olunub və qəbul olunduğu tarixdən sonrakı münasibətlərə tətbiq oluna bilər. Bu halda sual yaranır ki, ekspert hansı əsaslarla bu qənaətə gəlmişdir ki, ziyan məhz həmin qərarın qəbul edildiyi tarixdən sonra vurulub və buna görə də o, ziyanı məhz hər bir 1 m3 əhəndaşına görə 35 m həcmində hesablamışdır? ç) Ekspert öz rəyində xx.xx.2022-ci il tarixli, 09 nömrəli mütəxəssis rəyinə əsasən tədqiqatın aparıldığını qeyd edir və ziyanı hesablayarkən həmin rəyə istinad edir. Aşağıdakılara əsasən ekspertin həmin rəyə istinad etməsi qanunsuzdur: (1) Həmin mütəxəssis rəyindən görünür ki, iddiaçının nümayəndəsinin özü X16 MMC-yə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, X16 MMC xx.xx.2022-ci il tarixində keçirilən baxış aktına istinad edərək xx.xx.2022-ci il tarixli, 09 nömrəli mütəxəssis rəyini hazırlayaraq iddiaçının nümayəndəsinə təqdim etmişdir. X16 MMC müstəqil hüquqi şəxsdir, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi ilə bir bağlılığı yoxdur, məhkəmə onu işə rəy verməsi üçün cəlb etməmişdir. Məhkəmə ekspertiza suallarını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin, yəni dövlət ekspertlərinin qarşısında qoymuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ballistik və trasaloji ekspertizalar şöbəsinin ekspertləri xx.xx.2022-ci il tarixli ekspert rəyində partlayışların xx.xx.2005-ci ildən xx.xx.2020-ci ilədək olan dövrdə keçirilməsini müəyyən etməyin mümkün olmadığı barədə rəy vermişlər. Belə olan halda ekspert X7 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin təqdim etdikləri xx.xx.2022-ci il tarixli ekspert rəyinə istinad etmədən iddiaçının nümayəndəsinin sifarişi ilə X16 MMC tərəfindən hazırlanan mütəxəssis rəyinə istinad etməsi onun verdiyi rəydə obyektiv, müstəqil olmadığını və məhkəməyə yalan rəy verdiyini göstərir. (2) X16 MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli, 09 nömrəli mütəxəssis rəyi xx.xx.2022-ci il tarixinədək məhkəmə işinə əlavə edilməyib, həmin rəy yalnız həmin tarixdə mütəxəssis rəyini vermiş Şükür Hüseynov tərəfindən məhkəməyə gətirilib. Cavabdeh bu tarixdən əvvəl həmin mütəxəssis rəyi ilə tanış edilməyib. Buna görə də həmin rəy sübut kimi qəbul edilə bilməz. (3) Həmin mütəxəssis rəyi iddiaçının nümayəndəsinin müraciəti əsasında hazırlanmışdır. Buna görə də, həmin rəy sübut kimi qəbul edilə bilməz. (4) Həmin mütəxəssis rəyindən görünür ki, iddiaçının nümayəndəsinin X16 MMC-yə xx.xx.2022-ci il tarixdə müraciət etməsi və X16 MMC-in də elə həmin tarixdə əraziyə digər şəxslərin iştirakı ilə baxış keçirməsi inandırıcı deyil və xx.xx.2002-ci il tarixli mütəxəssis rəyinin düzgün qaydada tərtib olunmadığını göstərir. (5) xx.xx.2022-ci il tarixli, 09 nömrəli mütəxəssis rəyinin mahiyyəti aşağıdakılara görə tam əsassız və yalandır: Beləliklə, ekspert rəylərinin heç biri partlayışların xx.xx.2005-ci ildən (həmin tarixdə torpağın iddiaçıya verilməsi barədə sərəncam verilmişdir) xx.xx.2020-ci ilədək olan dövrdə keçirilməsini müəyyən edə bilməmişlər. Ekpert rəylərinin birində partlayışların həmin ərazidə, digərində isə həmsərhəd ərazidə baş verdiyi qeyd olunur. xx.xx.2022-ci il tarixli ekspert rəyi isə ümumiyyətlə məhkəmə tərəfindən qoyulan sualla bağlı deyil, tam olaraq qərəzli, əsaslı sübutlara istinad etməyərək, iddiaçının nümayəndəsinin sifarişi ilə hazırlanmış mütəxəssis rəyinə istinad edərək şəxsi qənaətə əsasən verilmişdir və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində qeyd olunur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 101.7-ci maddəsində qeyd olunur ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsində qeyd olunur ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Nəzərə alınmalıdır ki, torpaq sahəsi Abşeron rayon icra hakimiyyəti tərəfindən iddiaçıya ayrılarkən onun hansı vəziyyətdə təhvil verilməsinə dair sübut yoxdur. Buna görə də iddiaçının iddiası əsaslı hesab oluna bilməz. Qeyd edilənləri nəzərə alaraq, iddiaçının iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarmağınızı xahiş etdi. Cavabdehlər «Şahqaya Quarry» Tam Ortaqlı müəssisəsinə, X5 və X10 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh «Şahqaya Quarry» Tam Ortaqlı müəssisəsinin nümayəndəsi, cavabdehlər N.Nağıyev və C.Maksimov məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh «Şahqaya Quarry» Tam Ortaqlı müəssisəsinin nümayəndəsinin, cavabdehlər N.Nağıyevin və C.Maksimovun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdeh "xxxx" (Azərbaycan) ASC-nin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, şahid X15 ifadəsində bildirdi ki, balistik və trasoloji ekspertizalar şöbəsinin ekspertidir. Apardıqları tədqiqat nəticəsində Abşeron rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2005-ci il tarixli, 387 saylı sərəncamı ilə iddiaçı X14 ayrılmış Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən 7 hektar torpaq sahəsində partlayışlar keçirilmişdir. X3 ifadəsində bildirdi ki, balistik və trasoloji ekspertizalar şöbəsinin ekspertidir. Hadisə yerinə baxış digər ekspert X15 tərəfindən aparılmışdır. Oradan gətirilən nümunələrə əsasən o, kimyəvi ekspertiza apararkən həmin ərazidə partlayışın aparılmasını müəyyən etmişdir. Məhkəmənin qərardadda göstərdiyi 2005-2020-ci illərdə partlayışın tarixini müəyyən etmək mümkün olmamışdır. Çünki bunu dəqiq müəyyən etmək mümkün deyil. X2 ifadəsində bildirdi ki, iqtisad ekspertizaları şöbəsinin aparıcı ekspertidir. Qeyd olunan mülki iş icraatıma daxil olmuşdur. Mütəxəssis rəyinə əsaslanaraq əmtəəşünas kimi rəy vermişdir. «X16» MMC-in direktoru Şükür Hüseynovun mütəxəssis rəyinə əsaslanıb rəy vermişdir. X4 ifadəsində bildirdi ki, iş üzrə iddiaçı X14 məxsus, "xxxx" ASC ilə həmsərhəd olan 7 hektar torpaq sahəsində GPS vasitəsi ilə apardıqları tədqiqat nəticəsində partlayışın törədilməsi müəyyən olunmuşdur. Aktla da müəyyən etmişlər ki, iddiaçıya 4.900.000 manat ziyan dəymişdir. X33 2005-2020-ci illərdə partlayışın olmasını müəyyən edə bilməməsi doğrudur. İxtisasları olduğundan onlar bunu müəyyən edə bilərlər. Məbləği isə iddiaçının yerin altında olan faydalı qazıntısına dəymiş ziyan əsasında müəyyən etmişlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş müxtəlif instansiyaların məktublarından, sorğuya cavablarından heç birində cavabdehlərin iddiaçıya icarəyə verilməsi qeyd olunan torpaq sahəsində partlayışlar həyata keçirdiyini təsdiq etmir, ərazidə partlayışlar həyata keçirildiyi göstərilir, lakin partlayışların məhz cavabdehlər tərəfindən həyata keçirilməsi təsbit olunmur. Digər tərəfdən, həmin partlayışların məhz hansı dövrdə həyata keçirildiyi bəlli deyil, zaman kəsiyi baxımından partlayışların torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə sərəncam verilməsindən əvvələ, yaxud sonraya təsadüf etdiyini müəyyən etmək üçün elmi metodika yoxdur. Göründüyü kimi: - Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamına əsasən X11 Kiçik Ağıl qış otlaqları ərazisində mişar daşı istehsalı məqsədi ilə icarə qaydasında 15 illik müddətə 7,0 ha torpaq sahəsi ayrılmışdır; lakin həmin icarə müqaviləsinə əsasən torpaq sahəsi üzərində hüquqlar (icarə hüquqları) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır; iddiaçı tərəfindən icarəyə götürülməsi qeyd olunan torpaq sahəsi təyinatı üzrə istifadə edilməmişdir, iddiaçı bununla bağlı sübutları (fəaliyyət göstərərək, gəlir əldə etməsi və vergilərin ödənilməsi, mişar daşı istehsalı üçün avadanlıqların, maşın-mexanizmlərin alınması, cəlb edilmiş işçi qüvvəsi ilə bağlanmış əmək müqavilələri və s.); həmçinin, istifadəsində və ixtiyarında olduğunu qeyd etdiyi sahədə daş karxanasında (yer-mədən) fəaliyyəti göstərərək istehsalatla məşğul olmasına müvafiq razılıqlar almasına dair sübutları məhkəməyə təqdim etməmişdir; - iddiaçının iddia ərizəsində istinad etdiyi 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-184/2018 saylı qərarı hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etmir, həmin iş üzrə mübahisə başqa səpkili olmaqla, hazırda baxılan mübahisə ilə əlaqəsi yoxdur, həmin qərar sərəncamlarla ayrılmış torpaq sahələrinin üst-üstə düşməsi ilə əlaqədar yaranmış mübahisə ilə bağlıdır; - cavabdehin ərazidə qanunsuz və xəbərsiz daxil olaraq fiziki və mexaniki partlayış keçirməsi, ərazini yararsız hala salmasına dair sübutlar təqdim edilməmişdir; iddiaçı tərəf cavabdehin həmin sahəyə nə vaxt, hansı tarixlərdə, hansı qaydada müdaxilə etdiyini, hansı tarixlərdə qazıntı və partlayışlar həyata keçirildiyini aydınlaşdırmır, ərazinin yararsız hala düşməsi və bunun məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi ilə bağlı sübutlar iş materiallarına əlavə olunmamışdır. Məhkəmə təqdim edilmiş ekspert rəylərinə tənqidi yanaşır. İş materiallarına əlavə olunmuş «X16» MMC-nin 11 fevral 2021-ci il tarixli, 9 saylı rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, «X16» MMC-nin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «Milli Geoloji Kəşfiyyat Xidməti»nin əməkdaşları tərəfindən mübahisəli əraziyə baxış zamanı əldə olunmuş məlumatlara, eləcə də, Azərbaycan Respublikası FHN «X17 Görülməsi və X23 Agentliyi»nin 23 iyul 2020-ci il tarixli, 37/N-00516 saylı məktubunda, eləcə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunanlara əsasən Abşeron RİHB-nin 29 dekabr 2005-ci il tarixli, 387 saylı sərəncamı ilə iddiaçı X14 ayrılmış, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən 7,0 ha torpaq sahəsində 29 dekabr 2005-ci il tarixdən 29 dekabr 2020-ci ilədək olan dövrdə istismar məqsədi ilə həmin torpaq sahəsində partlayışların aparıldığı müəyyən edilmişdir. Bununla yanaşı mübahisəli iddiaçıya məxsus 7,0 ha torpaq sahəsinə baxış keçirilən zaman aşağıdakılar müəyyən edilmişdir: - "xxxx" (Azərbaycan) ASC-yə məxsus sement zavodunun torpaq sahəsinə həmsərhəd ərazidə yerləşən Gülxar Nuriyevaya məxsus olan 7,0 ha torpaq sahəsinin naturada mövcud koordinatları GPS avadanlığı vasitəsi ilə yerləşmə mövqeyi müəyyən edildi; - "xxxx" (Azərbaycan) ASC-yə məxsus iddia edilən partlayış aparılmış torpaq sahəsinin (dağıntılı ərazinin) dərinliyi həmsərhəd ərazidə yerləşən Gülxar Nuriyevaya məxsus torpaq sahəsinin vəsiyyəsi ilə müqayisədə təxminən 10-15 m təşkil etdiyi; - "xxxx" (Azərbaycan) ASC-yə məxsus sement zavodunun xammal götürdüyü sahə ilə həmsərhəddə yerləşən X14 məxsus 7,0 ha sahəyə baxış zamanı ərazidə əhəngdaşı xammalının tikinti daşı kimi istifadəsinin səmərəsiz olduğu; - fiziki şəxs tərəfindən üstaçma və ilkin istismar işlərinin aparıldığı, lakin istismar zamanı mişar daşlarının ölçülərinin normaya uyğun alınmadığı; - əgəngdaşı istismarı üçün kəsim aparılmış sahədə təxminən orta hesabla 3,0 m dərinlikdə əhəngdaşı süxurunun uzanması, yatımı və dərinliyinə doğru çoxlu sayda müxtəlif istiqamətli və ölçüdə çatların mövcudluğu; - istismar üçün zəruri olan süxurların azçatlılığı olmaması səbəbindən sahədə istismar işlərinin aparılması iqtisadi cəhətdən səmərəsiz olduğu müəyyən edildi. Belə ki, süxurlarda çatlılığın həddən artıq olması mişar daşı hazırlanmasına mane olur. İş üzrə cavabdeh "xxxx" (Azərbaycan) ASC-nin əməkdaşları baxışda iştirak etməsinə baxmayaraq, baxış aktına imza etməkdən imtina etmişlər. Məhkəmə tərəfindən təyin edilmiş xx.xx.2022-ci il tarixli baxış zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, «X16» MMC-nin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «Milli Geoloji Kəşfiyyat Xidməti»nin əməkdaşları tərəfindən tərtib edilmiş baxış aktında ərazidə həmsərhəd ərazidə aparılmış partlayış zamanı mübahisələndirilən 7,0 ha torpaq sahəsində əhəngdaşının gözlə görünən hissəsində çatların dərinliyinin 3,0 m. olduğu müəyyən edilmişdir. Ekspertlər və mütəxəssislər tərəfindən çatlar aşkar edilmiş dərinliyin 1,0 m üst qatını torpaq qarışıq əhəngdaşı olduğunu nəzərə alaraq, dəymiş ziyan ərazi üzrə 2,0 m dərinlikdə hesablanmışdır. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmiş 7,0 ha torpaq sahəsinə dəymiş ziyan aşağıdakı kimi müəyyən edilmişdir: V əhəngdaşının həcmi = S ha x H dərinlik = 7,0 ha (70.000 m3) x 2,0 m = 140.000 m 3. İddiaçıya dəymiş ziyanın hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər»ə istinad edilmiş, hər 1,0 m3 əhəngdaşına görə müəyyən edilmiş ziyan 35 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya dəymiş ziyanın məbləği 4.900.000 (140000 m3 x 35 manat) manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2022-ci il tarixli, 3/2092 saylı rəyində qeyd olunmuşdur ki, dağıntıların formalarına, əhatə sahəsinin miqyasına, yaranma intensivliyinə, kimyəvi tədqiqatların nəticələrinə əsasən, Abşeron rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2005-ci il tarixli, 387 saylı sərəncamı ilə iddiaçı X14 ayrılmış Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən 7 hektar torpaq sahəsində partlayışlar keçirilmişdir. Hadisə yerindən götürülmüş nümunələrdən aşkar edilmiş hissəciklərin tərkib elementləri nitrobirləşmələrdən (NO3; NO2) ibarətdir. Həmin kənar hissəciklərin tərkibində olan kimyəvi maddələr və ion qrupları isə, kimya sənayesində istifadə edilən partlayıcıların və onların hissələrinin komponentlərini təşkil edir. Müvafiq elmi metodika olmadığından partlayışların 29 dekabr 2005-ci ildən 29 dekabr 2020-ci ilədək olan dövrdə keçirilməsini müəyyən etmək mümkün deyil. Aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2022-ci il tarixli, 9/9357 saylı rəyində qeyd olunmuşdur ki, hər 1.0 m3 əhəngdaşına görə müəyyən edilmiş ziyanın 35,0 manat təşkil etməsi nəzərə alınmaqla, iddiaçıya dəymiş ziyanın məbləği 4.900.000 (140000 m3 x 35 manat) manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə vurğulayır ki, ekspert barəsində xüsusi qərardad çıxarılmasına əsas yoxdur. Ekspert rəyi verilməsi xüsusi biliklə bağlı olub, həmin bilik çərçivəsində verilmişdir, rəy verilərkən ekspertin hərəkətində, yaxud hərəkətsizliyində hər hansı qəsd müəyyən olunmur. Digər tərəfdən, iddiaçı tərəf, əgər 2005-2020-ci illər ərzində ərazidə partlayışlar törədilmişdirsə, nə üçün uzun illər ərzində aidiyyatı orqanlara və məhkəməyə müraciət etməməsini məhkəmədə izah edə bilməmişdir. Halbuki, iddiaçı doğrudan da ərazidə mişar daşı istehsalı ilə məşğul olmuşdursa və partlayış həyata keçirilmişdirsə, elə ilk partlayış həyata keçirilərkən bunu bilməyə məcbur idi, bununla bağlı müvafiq qurumlara və nəhayət məhkəməyə vaxtında müraciət etməli idi. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçı uzun müddət ərzində baş verməsini bildirdiyi partlayışlara heç bir reaksiya göstərməmiş, səssiz qalmış, hər hansı orqana 2005-ci ildən sonra uzun illər ərzində müraciət etməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X9 cavabdehlər "xxxx" (Azərbaycan) ASCyə, «Şahqaya Quarry» Tam Ortaqlı müəssisəsinə, X5 və X10 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza xərci olan 100 manat və 64 manat olmaqla, cəmi 164 manat iddiaçı X8 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X9 cavabdehlər "xxxx" (Azərbaycan) ASC-yə, «Şahqaya Quarry» Tam Ortaqlı müəssisəsinə, X5 və X10 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 2.670 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza xərci olan 100 manat və 64 manat olmaqla, cəmi 164 manat iddiaçı X8 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar