Məhkəmə qərarları › İş №2(002)-71/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-71/2022

06.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-71/2022 06.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh2 oğlunun iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9083.09 manat məbləğində əsas borc və 1613.83 manat faiz borcu olmaqla, ümumilikdə 10696.92 manat borcun və 30.4 (otuz (.40)) manat məbləğində dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Expressbank ASC iiə borcalan Cavabdeh2 arasında bağlanmış 14 noyabr 2019 il tarixli, 101842-801509/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh - Cavabdeh1 arasında 14 noyabr 2019 il tarixli, 101842-801509/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 14 noyabr 2019 il tarixli, 101842-801509/1 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 09 iyun 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 9083.09 manat məbiəğində əsas borcu və 1613.83 manat faiz borcu olmaqla, ümumilikdə 10696.92 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəmədən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında ekspertiza rəyi ilə razı olduğunu və iddianı qəbul etdiyini bildirmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq, işin hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 14 noyabr 2019 il tarixli, 101842-801509/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 10000 AZN məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 14 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə Əlavədən və Ödəniş qrafikindən görünür ki, Cavabdeh2 14 noyabr 2019-cu il tarixli, 101842-801509/1 kredit müqaviləsi üzrə iddiaçıya 24 ay müddətinə hər ay 528,71 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 09.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki Cavabdeh2 14 noyabr 2019-cu il tarixli, 101842-801509/1 nömrəli kredit müqaviləsinə əsasən 9083.09 manat məbləğində əsas borc və 1613.83 manat faiz borcu olmaqla, ümumilikdə 10696.92 manat borc mövcuddur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 14 noyabr 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC 10000 manatı Cavabdeh2 hesabına köçürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 14 noyabr 2019 il tarixli, 101842-801509/1 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 Cavabdeh2 ilə 14 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə görə İddiaçı ASC qarşısında birgə məsuliyyət daşımağa razıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünürki, İddiaçıASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli 2(002)-2085/2021 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 07.12.2021-ci il tarixli 9/8400 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh2 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair çıxarış məlumatları, 14 noyabr 2019 il tarixli, 101842-801509/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh2 09.06.2021-ci il tarixə əsas borcu üzrə- 8286,62 manat, faiz borcu üzrə- 1090,24 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 Hüseyn oğlunun kredit müqavilələrinin şərtlərini pozaraq kredit müqavilələri üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının Cavabdeh2 Hüseyn oğluna qarşı həmin kredit müqaviləlırinin lazımınca icra edilməməsi ilə əlaqədar tələbi əsaslıdır. Həmçinin məhkəmə iddia tələbinin A.Ceyhunəyə aid hissəsində əsaslı hesab edərək qeyd edir ki, Cavabdeh1 14 noyabr 2019-cu il tarixli, 102804-782236/1 saylı zaminlik müqaviləsinə əsasən iddiaçı qarşısında Cavabdeh2 öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləinə əsasəş öhdəliklərini yerinə yetirmədiyindən, iddiaçının ona qarşı tələbi əsaslıdır. Beləliklə,məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər kredit müqavilələri və zaminlik müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və “ödəniş cədvəli”nə əsasən ödənişlər edilməsini öhdəsinə götürsə də, müqavilələrdən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilələrdə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onların iddiaçıya pul borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 07.12.2021-ci il tarixli 9/8400 saylı ekspert rəyinə müvafiq olaraq iddia tələbi qismən təmin edilməli və Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14 noyabr 2019-cu il tarixli, 101842-801509/1 kredit və zaminlik müqavilələri üzrə əsas borcu üzrə- 8286,62 manat, faiz borcu üzrə- 1090,24 manat olmaqla cəmi 9376,86 manat borc pul tutulmalıdır. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat 40 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14 noyabr 2019-cu il tarixli, 101842-801509/1 kredit və zaminlik müqavilələri üzrə əsas borcu üzrə- 8286,62 manat, faiz borcu üzrə- 1090,24 manat olmaqla cəmi 9376,86 manat borc pul və 30(otuz) manat 40(qırx) qəpik dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 483, 120-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borcu üzrə- 8286(səkkiz min iki yüz səksən altı) manat,62(altmış iki) qəpik, faiz borcu üzrə- 1090(bir min doxsan) manat,24(iyirmi dörd) qəpik olmaqla cəmi 9376(doqquz min üç yüz yetmiş altı) manat,86(səksən altı) qəpik borc pul və 30(otuz) manat 40(qırx) qəpik dövlət rüsumu tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat tərəflərə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar