Məhkəmə qərarları › İş №2(002)-717/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-717/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-717/2024 30.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı MMC-in Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli TR-110244 saylı xidmət müqaviləsinə əsasən, İcraçı Sifarişçi üçün bu müqavilədə göstərilən xidmətləri həyata keçirir və Sifarişçi razılaşdırılmış xidmət haqqını müqavilə şərtlərində nəzərdə tutulan qaydada ödəyir. İcraçı yalnız 1 saylı Əlavədə qeyd edilən Ali Təhsil müəssisələrinə qəbul cavabının alınması ilə bağlı müvafiq xidmətləri həyata keçirəcəkdir.

2. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli TR-110244 saylı xidmət müqaviləsinə 1 saylı Əlavəyə əsasən, İcraçı Sifarişçiyə Atatürk X1 və Tanıtım ixtisasına müraciət etməyi və bu Müqavilədə göstərilən xidmətləri göstərməyi öhdəsinə götürür.

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1 saylı Müqaviləyə Əlavənin 2.1-ci bəndinə əsasən, müqavilə üzrə xidmət dəyəri 490 manat təşkil edir. 2.1.1-ci bəndinə əsasən Sifarişçi müqavilə məbləğinin 200 AZN hissəsini müqavilə imzalandığı gün ödəməyi öhdəsinə götürür və 2.1.2-ci bəndinə əsasən Sifarişçi müqavilə məbləğinin 290 AZN hissəsini universitetdən qəbul cavabı gəldiyi gündən 3 gün ərzində ödəməyi öhdəsinə götürür.

4. İddiaçı MMC-nin X2 tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunda göstərilmişdir: “Xidmət müqaviləsinə əsasən müqavilənin 1 saylı Əlavəsində qeyd edilən 290 manat pul vəsaitini ödəməmisiz. Həmin ödənişi 7 gün müddətində yəni 19 noyabr 2023-cü il tarixə qədər yazılı mövqeyinizi bildirməyinizi Sizdən xahiş edirəm. Qeyd etdiyiniz tələbləri yerinə yetirmədiyiniz təqdirdə Sizə Mülki Məcəlləsinə və Qanunvericilik üzrə nəzərdə tutulmuş qaydada bütün hüquqlarımızdan istifadə edəcəyimiz barədə Sizə məlumat verirəm”.

5. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli TR-110244 №-li xidmət müqaviləsinə əsasən 200 manat ödəniş etmişdir.

6. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə yazaraq, İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli TR-110242 №-li müqavilənin diplomun tanınmadığı bildiyi üçün xitam verilməsini xahiş etmişdir. İddia tələbi

7. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 290 manat pul məbləğinin və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdehlə 2023-cü ildə 11 may tarixində xidməti müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin 290 manat borcu qalmışdır. Hazırda vətəndaşın qəbulu göndərilmiş lakin cavabdeh həmin məbləği müqaviləyə əsasən ödəməkdən yayınır. Hazırkı iş üzrə mediasiyadan bildirdilər ki, mediasiyaya müraiət etmədən məhkəməyə müraciət edə bilər. Aralarında bağlanmış TR110244-saylı 11 may tarixli müqaviləyə əsasən 1 saylı Əlavəsində qeyd edilən 290 manat qəbul cavabi gələndən sonra ödəməyi öhdəsinə götürüb lakin ödəniş etməmişdir. Bu səbəbdən dəfələrlə qarşı tərəfə ödənişi etməyi tələb edilib və pretenziya mətubu da həmçinin göndərilib. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

9. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445, 448-ci maddələrinə istinad etmişdir.

10. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, cavabdeh oxumaq istədiyi universiteti özü seçmişdir, onların bir neçə xarici universitetə müraciət etmək imkanı olmuşdur, xarici universitetin diplomunun tanınması müqavilədə qeyd edilməmişdir, universitetin növü konkret olaraq müqavilədə göstərilmiş, cavabdehə hansı universitetdə təhsil alacağı məlum olmuşdur. Cavabdeh həmin universitetin diplomunun tanınıb-tanınmaması barədə özü məlumat əldə etməli idi. Cavabdehin universitetə qəbul olunması ilə bağlı “Whatpsapp” ilə məlumat verilmişdir. İddiaçının nümayəndəsi qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etmişdir.

12. Cavabdeh məhkəmə iclaslarında izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və qeyd etdi ki, əvvəl oxuduğu Beynəlxalq Universitet bağlandığına görə ali təhsil diplomu olmayıb. Türkiyədə distant təhsil almaq üçün cavabdeh ilə müqavilə bağlayıb. Şirkət ona Türkiyədə yerləşən universitetlərdən birində təhsil almaq barədə vəd vermişdi. Həmin universitetin diplomunun burada tanındığını bildiriblər. Həmin universitetin illik təhsil haqqı 490 manatdır. Həmin məbləğdən 200 manat ödəmişdi, bununla bağlı ödəniş qəbzi var. Ancaq daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi həmin universitetin diplomunun burada tanınmadığını bildirdi. Bunu bildikdən sonra cavabdeh ilə bağladığı müqaviləni ləğv etdi. Şirkətin ona pulu qaytaracağını bildirməsinə baxmayaraq hələ də pulu qaytarmayıb. Pulun qaytarılması üçün bank kartının şəklini şirkətin işçisinə göndərib. Bundan bir neçə gün sonra şirkətin hüquqşünası ona zəng edərək qalan məbləği ödəməli olduğunu bildirmişdir. Əslində cavabdehdən ödədiyi pulu özü geri istəməlidir. Cavabdeh ilə bağladığı müqaviləni hüquqi savadsızlığına görə oxumamışdır, universitetə də qəbul olunmayıb. Cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

13. Tərəflərə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxış iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

15. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

16. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

17. 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

18. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

21. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

22. 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

24. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

25. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

26. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

28. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

29. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

30. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

32. İddia əsaslıdır.

33. Belə ki, tərəflər arasındakı münasibətlər mahiyyət etibarilə xidmət göstərilməsi barədə xx.xx.2023-cü il tarixli müqavilədən irəli gəlir və hazırkı iddia tələbi müqavilədən irəli gələn tələbdir.

34. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Xidmət müqaviləsinin 3.1.1-ci maddəsinə görə, icraçı yalnız Əlavə 1-də qeyd edilən Ali Təhsil müəssisəsinə qəbul cavabının alınması ilə bağlı müvafiq xidmətləri həyata keçirəcəkdir; 3.2.1-ci maddəsinə əsasən, aifarişçi 4-cü madddədə və 1 saylı Əlavədə göstərilən ödənişi lazımi şəkildə və gecikmədən icraçıya təqdim etməlidir; 3.2.2-ci bəndinə əsasən, əgər sifarişçi müqavilədə göstərdiyi qaydada xidmətlərin göstərilməsi ilə əlaqədar İcraçıya tələb olunan məbləği vaxtında ödəmirsə, hər gecikdiyi gün üçün müqavilənin ümumi dəyərinin 1%-i miqdarında cərimə ödəməlidir; 6.1-ci bəndinə əsasən, bu müqavilə İcraçı və sifarişçi tərəfindən imzalandığı gündən qüvvəyə minir və İcraçı tərəfindən xidmətlərin yerinə yetirilməsindən sonra başa çatır/xitam verilir; 6.3-cü bəndinə əsasən, Sifarişçi İcraçıya 10 gün müddətində yazılı xəbərdarlıq təqdim edərək müqaviləyə tamamilə və qismən xitam vermək hüququn malikdir və bu halda a) həmin günədək ödənilmiş müqavilə məbləği geri qaytarılmır b) müqavilənin 1 saylı Əlavəsinin 2.1.2ci bəndinə uyğun olaraq ödənilməli məbləği Sifarişçi tərəfindən müvafiq qaydada ödənilir; 6.4cü bəndinə əsasən, müqavilə Sifarişçi tərəfindən vaxtından əvvəl xitam verilməsi halında Müqaviləyə uyğun olaraq Xidmətlərin yerinə yetirilməsinə görə İcraçıya xitam verilməs tarixindən öncə ödəniş etməlidir.

35. Tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı Əlavənin: 1.1-ci bəndinə sasən, İcraçı Sifarişçiyə aşağıdakı universitetlərə/ixtisaslaara müraciət etməyi və bu Müqavilədə göstərilən xidmətləri göstərməyi öhdəsinə götürür; İ. Atatürk Üniversitesi İİ. (Halkla İlişkiler ve Tanıtım); 1.2. Müraciət olunan müvafiq universitetdən qəbul cavabının alınması; Sifarişçiyə xaricdə təhsil haqqında ilkin məlumatların, məsləhətlərin verilməsi; sifarişçinin sənədləşmə işlərinin aparılması; Müvafiq təhsil müəssisəsinin araşdırılması və Sifarişçiyə uyğun təhsil müəssisələrinin seçilməsi; əsaslandırma məktublarının yazılması (tələb olunarsa); tələbə üçün seçilmiş müvafiq universitetlərə tələb olunan qeydiyyat sənədlərinin yollanması; 1.3. Sifarişçi üçün müraciət olunan universitetlərdən birindən cavab gəldiyi halda 1.1-ci maddədə nəzərdə tutulan viza sənədlərinin hazırlanması.

36. Həmin Əlavənin 2.1-ci bəndinə əsasən, müqavilə üzrə xidmət haqqı 490 manat təşkil edir, 2.1.1 Sifarişçi müqavilə məbləğinin 200 AZN hissəsini müqavilə imzalandığı gün ödəməəyi öhdəsinə götürür. 2.1.2. Sifarişçi müqavilə məbləğinin 290 AZN hissəsini universitetdən qəbul cavabı gəldiyi gündən 3 (üç) gün ərzində ödəməyi öhdəsinə götürür.

37. Göründüyü kimi, tərəflərin qarşılıqlı razılıq əsasında bağladıqları müqavilənin şərtlərində məhz Atatürk Üniversitesinə (Halkla İlişkiler ve Tanıtım) qəbul cavabının alınması ilə bağlı xidmətin görülməsi icraçının vəzifəsi olmuş

38. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Belə ki, sifarişçi müqavilə məbləğinin 290 AZN hissəsini universitetdən qəbul cavabının gəldiyi gündən 3 gün ərzində ödəməyi öhdəsinə götürməsinə baxmayaraq qəbul cavabl gəldikdən sonra həmin öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur.

39. Cavabdeh tərəf öhdəliyi tam icra etməməsini qəbul cavabı gəldikdən sonra Atatürk Üniversitesi adlı təhsil müəssisəsinin diplomlarının Azərbaycan Respublikasında tanınmamasını öyrənməsi və bununla da, müqavilənin icrasına dair marağının itməsi ilə əsaslandırmışdır.

40. Məhkəmə cavabdehin bu mövqeyi ilə əlaqədar bildirir ki, qeyd edilən təhsil müəssisəsinin adı konkret olaraq tərəflər arasında bağlanmış müqavilədə əks etdirilmiş, müqavilənin predmeti məhz həmin universitetə qəbul cavabının alınması ilə bağlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış əqdin etibarsız hesab edilməsinə əsas ola biləcək, Mülki Məcəllənin 339-cu maddəsində göstərilən hallar hazırkı işdə müəyyən edilməmişdir.

41. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

42. Göstərilənlər “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında da öz əksini belə tapmışdır ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.

43. Məhkəmə qeyd edilən halları əsas götürərək cavabdehin iddiaçı qarşısında nisyə aldığı əşyalara görə 10770 manat məbləğində pul öhdəliyinin yaranması halı aşkar olduğundan, iddia tələbi təmin edilməlidir.

44. Məhkəmə qeyd edilən halları və cavabdeh tərəfindən iddia tələbinə etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin müqavilə üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə üzrə ödənilməmiş 290 manat pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri

45. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbi təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə

46. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərəkhesab edir ki, iddia təmin edilməli, Cavabdeh 290 manat pul vəsaiti və ödənilmiş 30 dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

47. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 290 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-in xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar