Məhkəmə qərarları › İş №2(002)-72/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-72/2024

30.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-72/2024 30.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı “zəbt edilmiş zirzəmidən çıxarılma və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh arasında 09 iyul 2015-ci il tarixli “21/24” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh arasında sosial kirayə müqaviləsi bağlanmış və Bakı şəhəri Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 21 saylı binanın 24 nömrəli 2 otaqlı yaşayış sahəsi Cavabdeh və ailə üzvlərinin istifadəsinə və sahibliyinə verilmişdir.

2. Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi Qaradağ rayon Müşfiqabad qəsəbəsi Məcburi Köçkün şəhərciyi Mənzil Kommunal İstismar Sahəsinin rəisi X4, mühəndis X12, sahə nəzarətçiləri X7, X5, fəhlələr X2, X11 tərəfindən tərtib olunmuş xx.xx.2023cü il tarixli aktın məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixdə Qaradağ rayon Müşfiqabad qəsəbəsi məcburi köçkün şəhərciyində əraziyə baxış keçirən zaman 21-saylı binanın əsas divarının daşlarının sökülüb dəmir qapı qoyulmasının şahidi olmuşlar. Həmin sökülmüş əraziyə yaxınlaşaraq kim tərəfindən qanunsuz söküntü işləri və tikinti aparılmasını araşdıran zaman məlum oldu ki, 21 saylı binanın 24 saylı mənzilində müvəqqəti məskunlaşmış Füzuli rayon sakini Cavabdeh edibdir. Cavabdeh ilə profilaktiki söhbətlər apararaq izah etdilər ki, qanunsuz apardığı söküntü işləri bina üçün təhlükəlidir və tez bir zamanda həmin yer tikilərək əvvəlki vəziyətinə qaytarılmalıdır. Cavabdeh aparılan söhbətlərə məhəl qoymayaraq onları küçə söyüşləri ilə təhqir etdi və yaba, lapatka götürərək işçilərə hücüm edərək ölümlə təhdid etdi. Tərəfindən ərazi üzrə polis sahə müvəkkilin əsayişi qorumaq üçün dəvət etdilər və polis nəzarəti ilə qeyri qanuni sökülmüş divar tikilərək əvvəlki vəziyətinə qaytarılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə gecə saatlarında yenidən binanın qarşı tərəfindəki beton örtükləri dağıdaraq 2 metr en və dərinliyə qazıntı işləri aparıb torpaqı çıxardaraq həmin tikilmiş divarı sökərək qeyri qanuni qapı açmışdır və zirzəminin beton örtüklərini dağıdaraq dirəklər qoyub alçipan materialı ilə bağlamış, binanın tavan və yan beton divarlarınada zədələr vurmuşdur. Beləliklə Cavabdeh təxmini 1870 manat Dövlət binasına ziyan vurmuşdur.

3. Qaradağ Rayon Mənzil X10 tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi, Mənzil İstismar Departamentinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayonu 10-cu Polis Bölməsinə yazılmış məktublardan görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 21 saylı binanın 24 nömrəli mənzilində müvəqqəti məskunlaşmış Füzuli rayon sakini Cavabdeh tərəfindən qanunsuz sökülmüş divarın və onun bərpa edilməsi, yenidən vətandaşın oranı sökməsi onları təhqir etməsi və dəymiş zərərlə bağlı məlumatlar verilmişdir. İddia tələbi

4. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 21 saylı binanın zirzəmi hissəsində zəbt etdiyi 30 m2 sahəsindən çıxarılmaqla, Cavabdeh tərəfindən 21 saylı binaya vurduğu ziyan nəticəsində ümumilikdə dəyən zərərə görə 1870 manat məbləğində pulun Cavabdeh tutularaq Komitənin Mənzil İstismar Departamentinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ" təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Füzuli rayonundan məcburi köçkün olan Cavabdeh Departamentin balansında olan məcburi köçkünlərin yaşadığı Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən 21 nömrəli binanın esas divarının daşlarını söküp binanın zirzəmisinə keçmək üçün qanunsuz qapı qoyub, zirzəminin kominikasiya keçən xətlərin, elektrik xəttlərinin, rabitə xəttlərinin ətrafını alçipanla materialı ilə tikərək 30 m² ərazini qeyri-qanuni zəbt edərək binaya ziyan vurmuşdur. Bu barədə 10-cu polis bölməsinə və FHN-nin qaynar xəttinə müraciət edilib sözügedən ərazidə təmir işəri aparlıb Cavabdeh izahat ainsada nəticəsi olmamışdır. Belə ki, Cavabdeh 22 iyul 2023-cü il tarixində qeyri iş günün olmasında istifadə edərək təkrar sözügedən 21 nömrəli binanın zirzəmi hissəsinə qeyri-qanuni qapı açaraq binaya 1870 manat məbləğində ziyan vurmuşdur. (Bu barədə akt və şəkillər əlavə olunur). Zərərlə bağlı müddəalar Mülki Məcəllənin ümumi hissəsinin digər normalarında da nəzərdə tutulmuşdur. Departamentin Müşfiqabad rayonu üzrə MKİS-nin rəisi tərəfindən Cavabdeh etdiyi hərəkətin qanunsuz olduğu bildirilərək 21 saylı binanın zəbt etdiyi 30 m² ərazinin boşaldılması tələb edilmişdir. Lakin cavabdeh şəxs bu günə kimi zəbt edilmiş ərazini tərk etməmişdir. Azərbaycan Respublikasında özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması və vurulan zərərin ödənilməsi ilə tənzimlənir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsi qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən adiyyəti üzrə geri qaytarılmalıdır. Hüququ və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borclular. Beləliklə Komitənin Mənzil istismar Departamentinin balansında olan 21 nömrəli binaya dəymiş ziyan Cavabdeh oğlu tərəfindən ödənilməklə sözügedən şəxs zəbt etdiyi 21 saylı binanın zirzəmisindən cıxarılmalıdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

6. İddia tələbinə yazılı etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

7. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək cavabdehin iddiaçının balansında olan binanın bir mənzilinin kirayəçisi olduğunu, lakin heç bir hüquqi əsas olmadan həmin binanın zirzəmisinin 30 m2 hissəsini zəbt edərək orada müəyyən tikinti işləri görməklə iddiaçıya ziyan vurduğunu bildirmişdir. Nümayəndə qeyd etmişdir ki, bununla bağlı Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, sökdüyü divarı yenidən hörmələrinə baxmayaraq cavabdeh yenidən divarı sökmüş, cavabdehə binanın zirzəmisindən istifadə etmək hüququnun və ya belə bir icazə verilməmişdir. Belə ki, hər hansı şəxsin zirzəmidən istifadə etmək istəməsi halında bununla bağlı onlarla müqavilə imzalamalıdır, cavabdehin rəsmi icazəsinin və ya zirzəmidən şəxsi məqsədlər üçün istifadə etməyə əsas verən sənədləri yoxdur. İş üzrə keçirilmiş ekspert rəyi ilə razı olduğunu bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclaslarında izahat verərək iddia tələbini qəbul etmədiyini, onun 35 kv.m sahədə yox, 75 kv.m sahədə yaşadığını, 21 saylı binanın zirzəmisində onun və 2 qonşusunun əşyalarının olduğunu, orada ancaq qapı açdığını, ididaçı qurumun keçmiş rəhbərinin məcburi köçkünlərin yaşaması üçün verilən binalarda birinci mərtəbədə yaşayan məcburi köçkünlərin binanın zirzəmisindən istifadə edə biləcəklərini iclasda bildirdiyini, başqa heç bir tikinti işi aparmadığını, iddiaçının əməkdaşlarının qanunsuz işlərlə məşğul olduğunu, zibil pulunu vermədiyinə görə ona qarşı hərəkətlər etdiklərini, bu barədə iddiaçı qurumun rəhbərinə də məlumat verdiyini, zirzəmiyə heç bir zərər vermədiyini, binanın zirzəmisində qapını təxminən 10 gün-1 aydır açdığını, qonşuların məlumatının olduğunu, zirzəminin digər hissələrinin satıldığını və işlək vəziyyətdə olduğunu, sədr Rövşən müəllimin bundan məlumatlı olduğunu, qonşusunun zirzəmidə mağaza açdığını, oktyabr ayının 1-də Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin sədrinin qəbulunda olduğunu, sədrin zirzəminin bərpa olunması barədə əmr verdiyini, ekspert rəyi ilə razı olmadığını, binaya heç bir ziyan vurmadığını, həyat yoldaşı və qızının xəstə olduğunu, qızının dərzilik edərək məşğuliyyət tapması üçün həmin zirzəmidən istifadə etdiyini, məhkəməyə təqdim etdiyi videodan göründüyü kimi binanın zirzəmisinin önündə əvvəl torpaq olduğunu, həmin torpağı götürdüyünü, zirzəmiyə qapı açdığını, bundan sonra iddiaçının əməkdaşlarının həmin tərəfi hördüklərini, onun çıxışını bağladıqlarını bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir.

9. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

10. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

11. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

18. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

19. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

20. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

22. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

23. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

24. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın:

26. 3.2-ci maddəsinə görə, məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur.

27. 3.4-cü bəndinə əsasən, məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər.

28. 3.5-ci bəndinə əsasən, məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. b) Əsaslandırma

29. İddia qismən təmin edilməlidir.

30. Belə ki, iddiaçı mülkiyyətində olan əmlaka cavabdeh tərəfindən törədilmiş maneə və qəsdə son qoyulmasını tələb edir. İddia tələbi neqatordur və tələbin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir.

32. Neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər səlahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə pozulmuş hüquqları bərpa etməkdən ibarətdir.

33. Neqator iddianın predmeti onun elementlərindən biridir. İddiaçının məhkəmədən baxılması və həll olunması xahiş etdiyi maddi-hüquqi tələb bu iddianın predmetini təşkil edir. Həmin tələb isə sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılmasından ibarətdir.

34. Neqator iddiasının əsası dedikdə, iddiaçı tərfindən məhkəməyə verilən tələbin əsaslandığı hallar başa düşülür. Bu hallar özündə iki əsas cəhəti əhatə edir: iddiaçının əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətini şərtləndirən hallar; üçüncü şəxsin bu səlahiyyətlərin həyata keçirilməsinə mane olan hərəkətlərini təsdiq edən hallar. İddiaçı bu iki halı əsaslandırmağa borcludur. Lakin iddaçı cavabdehin etdiyi hərəkətin hüquqazidd olubolmadığını sübut etməyə və əsaslandırmağa borclu deyil. Bu halın müəyyən edilməsi iddianın əsasına daxil deyil. Ehtimal olunur ki, cavabdeh öz hərəkətini hüquqauyğun olmasını sübut edənə kimi, onun hərəkəti hüquqazidd sayılır.

35. Hazırkı işin faktiki hallarına görə, Bakı şəhəri Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 21 saylı bina Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinin balansında olmaqla, həmin binanın 24 saylı mənzili xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Cavabdeh istifadəsinə verilmişdir.

36. Cavabdeh onun müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə aidiyyəti olmayan sahədə - qeyd edilən binanın zirzəmisində, əsas divarının daşlarını sökərək oraya qapı qoymuş, binanın zirzəmisinin 30 m2 hissəsinə keçərək zirzəminin kommunikasiya xətlərinin ətrafını alçipan materialı ilə tikməklə həmin hissəni istifadə edir.

37. Zirzəmidə qeyd edilən hissəsinə daxil olmaqla, orada göstərilən tikinti işlərinin aparılması və oradan istifadə edilməsi cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı etiraf edilmişdir. Belə ki, cavabdeh binanın zirzəmisinin 30 m2 hissəsinə daxil olmaqla qeyd edilən tikinti işlərini aparmasının, əsas divarı sökərək qapı qoymasının doğru olduğunu, özünün buna hüququnun olduğunu bildirmiş və hərəkətlərini MKİDK MİD-nin rəhbərliyi tərəfindən ona belə bir şifahi icazə verilməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.

38. Məhkəmə cavabdehin etirafının onun sərbəst iradə ifadəsi olmasını nəzərə alaraq iddiaçının mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 21 saylı binanın zirzəmisinin 30 m2 hissəsində tikinti işlərinin cavabdeh tərəfindən aparılması və cavabdehin oradan istifadə etməsi hissəsində sübutetmə prosesini başa çatmış hesab etmişdir.

39. Cavabdehin göstərilən hərəkətlərinin qanunsuz olmasına münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə sübutetmə yükü cavabdehə aid olmasına baxmayaraq cavabdeh öz hərəkətlərinin hüquqauyğun olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim etməmiş, yalnız olan belə bir şifahi icazənin verilməsi və başqa qonşuların da zirzəmidən istifadə etməsi ilə bağlı şifahi izahatlar vermişdir.

40. Belə olan halda, məhkəmə cavabdehin iddiaçıya məxsus əmlaka qəsdini ehtiva edən hərəkətlərinin hüquqazidd olması qənaətinə gəlir və cavabdehin Bakı şəhəri Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 21 saylı binanın zirzəmisinin 30 m2 hissəsindən çıxarılması hissəsində iddianı əsaslı hesab edir.

42. Məhkəmə iddia tələbinin cavabdehin hüquqazidd hərəkətləri nəticəsində vurulmuş zərərin ödənilməsi hissəsini qismən əsaslı hesab edərək qeyd edir ki, cavabdeh hərəkətlərinin hüquqazidd olmasına görə, əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir.

43. Vurulmuş zərərin məbləğinə gəldikdə isə, iddiaçı cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş zirzəmidə görülən işlər nəticəsində 1870 manat məbləğində maddi ziyan vurulduğunu bildirmiş, cavabdeh tərəf isə qeyd edilən hissədə iddia tələbinə etiraz etmişdir.

44. Məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/8047 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiqatın 1-ci və 2-ci suallar üzrə nəzəri Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 21 saylı binanın zirzəmisinin 30 kv.m hissəsində aparılmış söküntü, tikinti və təmi işləri nəticəsində binaya vurulmuş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən 419.30 manat məbləğində müəyyən olunur.

46. Məhkəmə ekspertiza rəyini işin halları və iş materiallarında olan fotoşəkillərlə birlikdə qiymətləndirib hesab edir ki, həmin rəy mötəbər sübut kimi qəbul edilməli və cavabdehdən vurulmuş zərərin əvəzi olaraq 419.30 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

48. İş materiallarından görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məsrəfin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 30 manat hissəsi isə cavabdehdən, 20 manat hissəsi iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə

49. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 21 saylı binanın zirzəmi hissəsində zəbt etdiyi 30 kv.m sahəsindən çıxarılmalı, Cavabdeh tərəfindən Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 21 saylı binaya vurduğu ziyan nəticəsində ümumilikdə dəyən zərərə görə 419.30 manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

50. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 21 saylı binanın zirzəmi hissəsində zəbt etdiyi 30 m2 sahədən çıxarılsın. Cavabdeh tərəfindən Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 21 saylı binaya vurduğu ziyan nəticəsində ümumilikdə dəyən zərərə görə 419.30 manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan, 50 manat məbləğində işə baxılması ilə əlaqədar məsrəfin 20 manat hissəsi iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentindən, 30 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X1, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar