Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-735/2022 16.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti ilə Cavabdeh1 arasında 18.12.2019-cu il tarixli, 00/126/22 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq 18.12.2019-cu il tarixli, 00/126/22 saylı kedit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 7993 manat məbləğində kredit verilmişdir. Bundan başqa, Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh3 və Cavabdeh2 ilə 18.12.2019-cu il tarixli 00/126/22 saylı zaminlik müqaviləsi imzalanmışdır. 18.12.2019-cu il tarixli, 00/126/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT-a 7210.26 manat əsas, 79.43 manat hesablanmış faiz borcu, 967.94 manat dəbbə pulu olmaqla, cəmi 8257.63 manat borcu vardır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırki müqavilə bağlanmışdır. Təəssüf ki, cavabdeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1, X3 və Cavabdeh2 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə 18.12.2019-cu il tarixli, 00/126/22 saylı kredit müqaviləsinə əsasən 7210.26 manat əsas borc, 79.43 manat hesablanmış faiz borcu, 967.94 manat dəbbə pulu olmaqla, cəmi 8257.63 manat kredit borcu və 72.68 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin üzürlü səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və digər cavabdehlər Cavabdeh1 və X2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti ilə Cavabdeh1 arasında 18 dekabr 2019-cu il tarixli, 00/126/22 saylı kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 7210.26 manat əsas, 79.43 manat faiz, 967.94 manat dəbbə pulu olmaqla, cəmi borcu 8.257.63 manat təşkil edir. İş materiallarında olan 18.12.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, Cavabdeh1 isə kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosesual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qənamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə 18.12.2019-cu il tarixli, 00/126/22 saylı kredit müqaviləsinə əsasən 7210.26 manat əsas borc, 79.43 manat hesablanmış faiz borcu, 90 manat dəbbə pulu olmaqla, cəmi 7379.69 manat kredit borcu və 72.68 manat ödənilmiş dövlət rüsumu ödənilsin. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı cərimə pulunun tutulmasına dair tələb irəli sürərkən, cərimə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 90 manat məbləğində cərimə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borc və faizin tutulması ilə yanaşı, 90 manat məbləğində cərimə pulunun tutulması İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinə dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı BOKT ASCnin xeyrinə 18.12.2019-cu il tarixli, 00/126/22 saylı kredit müqaviləsinə əsasən 7210.26 manat əsas, 79.43 manat hesablanmış faiz borcu, 90 manat dəbbə pulu olmaqla, cəmi 7379.69 manat kredit borcu və 72.68 manat ödənilmiş dövlət rüsumu tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-735/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-735/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver