Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-756/2024 03.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 54824 manat pulun tutularaq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(002)-257/2020 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 247-ci və 308.2-ci maddələri ilə məhkum edilmiş, onun təbiətə vurduğu ziyanın 30153,2 manat olduğu müəyyən edilmişdir. Həmin hökmdən apellyasiya protesti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-427/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(002)-257/2020 nömrəli hökmü ləğv edilərək Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.1, 247-ci və 308.2-ci maddələri ilə məhkum edilmiş, onun təbiətə vurduğu ziyanın 54824 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə ziyan məbləği ilə bağlı hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan cinayət işi üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti zərərçəkmiş şəxs qismində tanınmışdır. Beləliklə, qanuni qüvvədə olan məhkəmə aktları ilə cavabdeh tərəfindən vurulmuş ziyanın 54824 manat olduğu müəyyən edilmiş, cinayət işinə baxılarkən mülki iddia verilməmiş, həmin ziyan məbləğindən cavabdeh tərəfindən indiyə kimi hər hansı məbləğ ödənilməmişdir. Zərərçəkmiş şəxs kimi iddiaçı hesab edir ki, cinayət işi üzrə məhkəmə aktı ilə təsdiq edilmiş 54824 manat ziyan məbləği Cavabdeh tutularaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinə ödənilməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, qeyd olunan məbləği həddən artıq şişirdilmiş hesab edir. Cinayət işinə məhkəmələr tərəfindən baxılarkən həmin məbləğə etiraz etmiş, ekspertiza rəylərinin düzgün olmadığını bildirmiş, lakin onun etirazı nəzərə alınmamışdır. Məhkəmə hökmü ilə təyin edilmiş cəzanı çəkmişdir. Hazırda maddi və ailə vəziyyəti ağırdır, tələb edilən məbləği ödəməyə imkanı yoxdur. Qeyd olunanara əsasən, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq olunan, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.1, 247 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-257/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 192.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilməsi, Cavabdeh Azərbaycan Respublikası CM-nin 247-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla Cavabdeh Nənifə oğlunun qəti olaraq 2 (iki) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 70.1ci maddəsinə əsasən, Cavabdeh təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi hökm edilmişdir. Həmin hökmə əsasən, Cavabdeh xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş, qanunsuz sahibkarlıqla, yəni lisenziyalaşdırılma şərtlərinin pozulması ilə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətə xeyli miqdarda ziyan vurmuş, digər obyektlərdə aparılan istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi müəyyən edilmiş qaydaları pozması ağır nəticələrə səbəb olmuşdur. Hökmə əsasən, məhkəmə-mühəndis texniki ekspertizasının xx.xx.2020-ci il tarixli rəyi ilə təqsirləndirilən şəxsin fəaliyyəti nəticəsində təbiətə dəymiş ziyanın məbləği 54824 manat müəyyən edilmiş və istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə həmin məbləğ üzrə ittiham verilmişdir. Lakin təkrar məhkəmə-mühəndis texniki ekspertizasının xx.xx.2020-ci il tarixli rəyi ilə təqsirləndirilən şəxsin fəaliyyəti nəticəsində təbiətə dəymiş ziyanın məbləği 30153,2 manat müəyyən edilmiş və həmin məbləğ AR CM-nin 192.1-ci maddəsi üzrə məsuliyyət yaratmadığından qeyd olunan maddə ilə cinayət təqibi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 427/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, apellyasiya protestinin qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmünün ləğv edilməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1, 247 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsi, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cəzanın təyin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla Cavabdeh qəti olaraq 2 (iki) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, Cavabdeh təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin 19 mart 2021-ci il tarixdən hesablanması, Cavabdeh davranışı üzərində nəzarətin həyata keçirilməsinin Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinin Cavabdeh tutularaq dövlət nəfinə ödənilməsi hökm edilmişdir. Həmin hökmə əsasən, Cavabdeh ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama görə, o, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş, qanunsuz sahibkarlıqla, yəni lisenziyalaşdırılma şərtlərinin pozulması ilə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətə xeyli miqdarda ziyan vurmuş, digər obyektlərdə aparılan istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi müəyyən edilmiş qaydaları pozması ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Cavabdeh, 12 yanvar 2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 16 mart 2012-ci il tarixdən rəhbərlik edərək MMC-nin 16 mart 2012-ci il tarixdə əlavə edilmiş dəyişikliklərlə təsdiq olunmuş Nizamnaməsinə əsasən Cəmiyyətin adından qərar qəbul etmək, onu təmsil etmək, etibarnaməsiz fəaliyyət göstərmək, işçiləri vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara) riayət edilməsi tələblərinə əməl etməyib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixdə 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi” Qaydalarına əsasən yerin təkinin istifadəyə verilən sahələrində faydalı qazıntılar çıxarmaq hüququ verən xüsusi razılığa və ya icazəyə müvafiq olaraq “Dağ mədən ayırması” aktı almaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməli olduğu halda, bunu qəsdən etməyərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbərlik etdiyi Cəmiyyət üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən “dağ-mədən, dağ və buruq qazmalarının aparılmasına” dair verilmiş 28 noyabr 2013-cü il tarixli 073706 nömrəli lisenziyaya əsasən istismar işlərini həyata keçirərkən lisenziyalaşdırma şərtlərini pozub “dağ mədən ayırması” aktı almadan “Gülbaxt tikinti müəssisələri” kombinatından 04 aprel 1999-cu il tarixli müqavilə əsasında icarəyə götürülmüş “Gülbaxt” əhəngdaşı yatağında yerləşən 1 ha torpaq sahəsində qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 27 dekabr 2017-ci il tarixdən 6 avqust 2018-ci il tarixədək olan müddətdə 7120 m3 əhəngdaşı istehsal edib mişardaşı məhsulu kimi sataraq dövlətə və təbiətə xeyli miqdarda 54824 (əlli dörd min səkkiz yüz iyirmi dörd) manat məbləğində ziyan vurmuş, eləcə də istismar üçün ayrılmış sahədə yerin təkindən faktiki istifadə edərək təbiəti mühafizə üzrə cavabdeh şəxs kimi ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərini yerinə yetirməli olduğu halda “Yerin təki haqqında” 13 fevral 1998-ci il tarixli 439-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 9, 10, 21 və 46-cı maddələrində nəzərdə tutulmuş yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi, yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, eləcə də “Ətraf mühitin mühafizəsi haqqında” 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən, müəssisənin, qurğular və başqa obyektlərin istismarı, ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş, bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsini həyata keçirməli, həmin Qanunun 6-cı maddəsinə əsasən ətraf mühitin qorunmasına borclu olduğu halda qanunvericiliyin həmin tələblərini yerinə yetirməmiş, həmin əməli nəticəsində istehsal zamanı yaranan tullantıların yığılması, qorunması və toplanması təmin olunmadığından həddən artıq tozlanmaya səbəb olmaqla atmosferin çirklənməsinə, mineral xammal bazasının məhvinə və ətraf mühit üçün təhlükə yaranmasına, yəni bərpası mümkün olmayan ağır nəticələrə səbəb olmuş, eləcə də həmin əməli ilə insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarına və dövlətin ekoloji tarazlığın saxlanılması istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Apellyasiya protestində təqsirləndirilən şəxs tərəfindən ziyanın ödənilmədiyi xüsusi olaraq qeyd olunmuşdur. Məhkəmə baxışında məhkəmə-mühəndis texniki ekspertizasının xx.xx.2020-ci il tarixli rəyi, təkrar məhkəmə-mühəndis texniki ekspertizasının xx.xx.2020-ci il tarixli rəyi digər sübutlarla birgə ətraflı tədqiq edilmiş və təqsirləndirilən şəxsin fəaliyyəti nəticəsində təbiətə dəymiş ziyanın məbləğinin 54824 manat olduğu müəyyən edilmiş, bu səbəbdən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmünün ləğv edilməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1, 247 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsi hökm edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(102)-1251/21 saylı qərarının surətindən görünür ki, kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhəməsinin Cinayət Kollegiyasının 19 mart 2021-ci il tarixli hökmünün dəyişdirilməsi, hökmün Cavabdeh Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə təqsirli bilinməsi və ona cəza təyin edilməsi hissəsində ləğv edilməsi, Cavabdeh ittihamından Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsinin xaric edilməsi, hökmdən Cavabdeh Azərbaycan CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən qəti cəzanın təyin edilməsinə dair müddəanın xaric edilməsi, Cavabdeh üzərində hökmlə ona Azərbaycan Respublikası CMnin 247-ci maddəsi ilə 1 il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərara əsasən, təqsirləndirilən şəxsin fəaliyyəti nəticəsində təbiətə dəymiş ziyanın məbləğinin 54824 manat olduğu təsdiq edilmiş, məhkum Cavabdeh Azərbaycan Respublikası CM-in 192.1 və 247-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə riayət etməklə toplanılmış, tədqiq edilmiş və qiymətləndirilmiş sübutlarla tam təsdiq olunmuş, onun əməli həmin maddələrlə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq olunan, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.1, 247 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, həmin cinayət işi üzrə qüvvədə olan məhkəmə aktları ilə cavabdehin fəaliyyəti nəticəsində təbiətə dəymiş ziyanın məbləğinin 54824 manat olduğu müəyyən edilmişdir. Qeyd olunan məhkəmə aktlarından həmçinin aydın olur ki, ziyan məbləğinin dəqiq hesablanması üçün dəfələrlə ekspertizalar keçirilərək ekspert rəyləri alınmış, həmin rəylər digər sübutlarla birgə ətraflı tədqiq olunaraq ziyan məbləğinin 54824 manat olduğu öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının zərərçəkmiş şəxs qismində qüvvədə olan məhkəmə aktları ilə təqsirli bilinmiş cavabdehə qarşı cinayət əməli nəticəsində dəymiş ziyanı tələb etməsi barədə hazırki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə, mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 54824 (əlli dörd min səkkiz yüz iyirmi dörd) manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-756/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-756/2024
03.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver