Məhkəmə qərarları › İş №2(002)-757/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-757/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-757/2021 14.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Cəfərov Rəhman Zakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 6500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 6530 (altı min beş yüz otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun məktəb yoldaşı olmaqla rəfiqəsidir və yaxın münasibəti olmuşdur. Sona ona bildirdi ki, “o, yüksək faizlə pul götürmüş verə bilmir”. Onlar da yaxın dost olmaqla o digər yaxın rəfiqəsi olan Təzəgüllə məsləhətləşdir ki, Sonaya kömək etsinlər. Bu məqsədlə onlar razılaşdılar ki, onun evini banka qoymaqla kredit götürüb Sonaya versin və o da borclarını versin, banka olan borcunu isə az-az ödəsin. Onlar məqsədlərini Sonaya bildirdilər. Sona da “xxxx” BOKT ASC ilə krefit götürmək barədə razılaşmışdır. Bu məqsdələ “xxxx” BOKT ASC ilə onun arasında xx xxxx 2018-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən bank ona illik 30 faiz olmaqla 15 ay müddətinə 11000 manat kredit vermiş, həmin pula zəmanət kimi onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 205, mənzil 8 ipoteka ilə yüklü edilmişdir. O bankdan götürdüyü 11000 manat pulu Sonaya verdi və o həmin pulla borclarını ödəmişdir. Həmin müqavilə üzrə hər ay 900 manat ödəməli olan pul Sona tərəfindən 5 ay müddətinə vaxtlı-vaxtında ödəmişdir. Sonra Sona ona bildirdi ki, hər ay 900 manat ödəməyə imkanı yoxdur, heç olmasa kreditin vaxtı uzanmaqla pulun məbləği bir az azala a bilsin ki, o ödəniş edə bilsin. O razılaşaraq Sona ilə birlikdə banka getdi, xx xxxxxxxx 2018-ci il tarixdə bankla yeni müqavilə bağlayaraq kredit müddəti yenidən 36 ay müddətinə cədvəl üzrə 397 manat ödəmək şərti ilə kreditin müddəti uzadıldı. Həmin vaxt onun banka həmin gün üçün 7800 AZN borcu qalmışdır. Sona həmin müqavilə üzrə 10 ay müddətinə hər ay müəyyən geçikmələr olmaqla 400 manat ödəniş etmişdir. Sona 2019-cu ilin oktyabr ayına kimi ödəniş etdikdən sonra bildirdi ki, onun daha imkanı yoxdur və ödəniş etməyəcəkdir. Bundan sonra o banka iki ay ərzində 900 manat pul ödədim. Evi girovda olduğuna görə məcbur olub xx xxxxxx 2019-cu il tarixdə “Bank BTB” ilə kredit müqaviləsi bağlayaraq illik 13 faiz olmaqla 12 ay müddətinə 4470 manat kredit götürmüşdür, əlavə olaraq öz əmək haqqı hesabı ilə 5500 manat düzəldərək “xxxx” BOKT ASC-yə ödəyərək öz evini ipotekadan çıxarmışdır. Bundan sonra isə “Bank BTB”- yə olan olan borcunu ödəmişdir. Lakin rəfiqəsi onun pulunu ödəmədi və bu günə kimi ona 6500 manat borcu vardır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Sonaya dəfələrlə məhkəməyə qədər bu mübahisənin öz aralarında həll edə biləcəklərinə dair müraciət etsə də, hər birində Sonanın bundan imtina etdiyini, Sonanın 5 ay mütəmadi olaraq 900 manat borcunu ödədiyini, hətta bu 45xx xxxxxxxx 1100 manatını Sonanın yerinə özü ödədiyini, daha sonra ödəmədə çətinlik çəkməsindən dolayı Sonanın razılığı ilə kredit müqaviləsi üzrə aylıq ödənilməli olan borcunun 900 manatdan 700 manatadək endirildiyini, Sonanın isə bundan sonra aylıq 400 manat olmaqla 14 ay borcunu ödədiyini, bu pulun çox hissəsinin isə faiz borcundan çıxıldığını, Sonanın 14 ay 400 manat ödədiyini, 5 ay müddətində hər ay 900 manat ödədiyini, həmin 5 ayın iki ayının 500 manat və 600 manat özünün ödədiyini, 300 manat bir dəfə, 100 manat da bir dəfə ödədiyini qəbul etdiyini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini qismən qəbul edərək, öz izahatında iddiaçının ona görə banldan 11000 manat pul vəsaitini 36 ay müddətinə illik 30 faiz olmaqla kredit götrüdyünü, həmin pulu fazii ilə birlikdə 15034 manat qaytarılmasına dair iddiaçı ilə razılaşaraq, öhdəlik götürdüyünü, həmin pul vəsaitini aldığını, həmin pul vəsaitindən 14 ay hər ay 400 manat, 3 ay 900 manat, 1 ay 400 (900 manatın 500 manatını iddiaçının ödədiyini) manat, 1 ay 300 manat (900 manat pulun 600 manatını iddiaçının ödədiyini), 1 ay 300 manat, 1 ay 100 manat olmaqla ümumilikdə 9400 manat pul ödədiyini, qaytarmalı olduğu 15034 manat pul vəsaitinin qalan hissəsi olan 5634 manat pul vəsaitini indiyədək qaytarmadığını, həmin məbləğdə pul vəsaitini iddiaçıya qaytarmağa razı olduğunu, bu barədə yazılı ərizə verərək, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxırlmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” BOKT ASC-nin xx.xx.2020-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, “xxxx” BOKT ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən verilən 11000 manat məbləğində kredit üzrə borc tam ödənilmiş, qeyd edilən kredit üzrə xx.xx.2020-ci il tarixinə sistem üzrə heç bir borc öhdəliyi qalmamışdır. İş materiallarından olan xx.xx.2014-xx.xx.2020-ci il dövrü üzrə hesabdan çıxarışın məzmunundan aydın olur ki, **********0944-000957 hesab üzrə xx.xx.2018-ci il tarixdə 11000 manat kredit verilmiş, həmin hesab üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 15034 manat məbləğində pul vəsaiti ödənilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə “xxxx” BOKT ASC arasında kredit və ipoteka müqaviləsi bağlanılmış və həmin müqavilə üzrə iddiaçı 11000 manat məbləğində pul vəsaitini kredit götürmüş, hazırda həmin müqavilə üzrə heç bir borc öhdəliyi qalmamışdır. İddiaçı bankdan həmin pul vəsaitini cavabdehə görə götürdüyünü, bu barədə aralarında razılaşma olduğunu, həmin pul vəsaitini cavabdehə veridyini, cavabdeh həmin pul vəsaitini aylıq ödəniş şəklində ödəməyi öhdəsinə götürdüyünü, lakin müəyyən müddət ödədikdən sonra ödəmədiyini, onun evi ipoteka predmeti olduğundan, evinə görə həmin pulu məcbur qalıb birdəfəlik özünün ödədiyini, həmin pulun ona məxsus olduğunu, cavabdeh isə həmin pulu ona qaytarmaqdan imtina etdiyini əsas gətirərək, belə bir iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Cavabdeh məhkəmə iclasında işin qeyd edilən hallarını qəbul edərək, öz izhataında iddiaçının ona görə bankdan 11000 manat pul vəsaitini 36 ay müddətinə illik 30 faiz olmaqla kredit götrüdyünü, həmin pulu fazii ilə birlikdə 15034 manat qaytarılmasına dair iddiaçı ilə razılaşaraq, öhdəlik götürdüyünü, həmin pul vəsaitini aldığını, həmin pul vəsaitindən 14 ay hər ay 400 manat, 3 ay 900 manat, 1 ay 400 (900 manatın 500 manatını iddiaçının ödədiyini) manat, 1 ay 300 manat (900 manat pulun 600 manatını iddiaçının ödədiyini), 1 ay 300 manat, 1 ay 100 manat olmaqla ümumilikdə 9400 manat pul ödədiyini, qaytarmalı olduğu 15034 manat pul vəsaitinin qalan hissəsi olan 5634 manat pul vəsaitini indiyədək qaytarmadığını, həmin məbləğdə pul vəsaitini iddiaçıya qaytarmağa razı olduğunu, qəbul etdiyini bildirmişdir və bu barədə yazılı ərizə təqdim etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq kredit müqaviləsi üzrə banka 15034 manat məbləğində pul vəsaiti ödənilmiş, hazırda həmin müqavilə borc öhdəliyi mövcud deyildir. Həmçinin, ödənilmiş 15034 manat məbləğində pul vəsaitinin 9400 manat məbləğində olan hissəsi cavabdeh tərəfindən ödənilmiş, 5634 manat məbləğində olan hissəsi iddiaçı tərəfindən ödənilmişdir. Qeyd edilən hallar aşkar olmaqla, iş üzrə mövcdu olan sübutlar (tərəflərin izahatı,hesabdan çıxarış)əsasında müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehin hərəkətləri nəticəsində onun məhrum olduğu pul vəsaitini geri tələb edir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh həmin pul vəsaitini əldə etmiş, lakin qaytarmamışdır. Bunun nəticəsində isə həmin pul vəsaitinin mülkiyyətçisii qismində iddiaçı ondan məhrum olmuşdur. Həmçinin, cavabdehin həmin pul vəsaitinin əldə edilməsinin əsasında tərəflər arasında bağlanılmış hər hansı müqavilə çıxış etməmişdir. Deməli, hazırki halda, tərəflər arasında pul öhdəliyinin yaranması əsasında hər hansı müqavilə çıxış etməmişdir. Bu halda, məhkəmə tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin mövcud olmadığını, 5634 manat məbləğdə pul vəsaitinin mülkiyyətçisi qismində iddiaçının çıxış etdiyini, cavabdehin hərəkətləri nəticəsində iddiaçının həmin məbləğdə pul vəsaitindən məhrum olduğunu əsas götürərək, hesab edir ki, iddiaçı onun məhrum olduğu müvafiq məbləğdə pul vəsaitini məhz əsassız varlanma qaydalarına uyğun olaraq tələb etmək hüququna malik olmuşdur. Eyni zamanda iddiaçı cavabdehin hərəkətləri nəticəsində 6500 manat məbləğində pul vəsaitindən məhrum olduğunu bildirsə də, həmin halara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. bununla da, cavabdehin hərəkətləri nəticəsində iddiaçının məhz 6500 manat məbləğində pul vəsaitindən məhrum olması halını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə qeyd edilən halların əsas götürərək, hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının 5634 manat məbləğində pul vəsaitindən məhrum olduğu aşkar olduğundan, iddia tələbi həmin hissədə təmin edilməli, pulun tutulması ilə bağlı qalan hissədə isə təmin edilməməlidir. Həmçinin, iş materialalrından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilə iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Bu halda, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan normalarını rəhbər tutaraq, habelə iddia tələbinin təmin edilmiş hissəsini əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də əsaslı olmaqla, təmin eidlməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Həmçinin, Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, cavabdehin iddia tələbinin qismən etiraf olunmasına dair yazılı ərizəsini əsas götürərək, belə qənaətə gəlir ki, İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi qismən təmin olunmalı, 5634 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5634 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınun xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar