Məhkəmə qərarları › İş №2(002)-76/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-76/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-76/2022 18.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «72.000 manat pulun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «72.000 manat pulun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 72.000 manat pul vəsaitinin Cavabdeh tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, qəsəbə sakini Cavabdeh etimadını qazandığından, sonuncuya müxtəlif vaxtlarda hissəhissə olmaqla, cəmi 72.000 manat pul vermişdir. Pulun qaytarılmasını tələb etdikdə isə, cavabdeh müxtəlif bəhanələrlə bundan boyun qaçırmış, pulu ödəməkdən imtina etmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, şahid X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı ilə 1980-1984cü illərdə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışlar. Oxuduqları dövrdə bu günə kimi ailəvi dostluqları davam edir. Onlar həmişə istər mənəvi, istərsə də maddi cəhətdən bir-birilərinə dayaq olmuşlar. 5-6 il öncə Tacir ona zəng edərək demişdir ki, o, xırda alverlə məşğul olur, imkanı varsa ona 800 manat pul göndərsin. Üstündən bir həftə keçməmiş iddiaçıya 2.200 manat yenidən pul lazım olmuşdur. O, dostu Tacirin xahişini yerinə yetirmişdir. Bir müddətdən sonra Tacir ona yenidən zəng edərək demişdir ki, işləri yaxşı olarsa, ona necə lazımdır hörmət edəcəklər, hal-hazırda şəriki Cavabdeh ilə yeni iş yeri açmışlar, tikinti materialları olan mişar daşı və üzlüklərin alverini edirlər, materialların daşınması üçün maddi durumları aşağıdır. Tacir şəriki Rəsulun telefon nömrəsini ona verir, Rəsul onunla əlaqə saxlayacaq, Rəsul nə vaxt ona zəng etsə dediyi vəsaiti sonuncunun adına göndərər. Rəsul ona 2 dəfə zəng etmiş və sonuncunun adına Kapital Bank vasitəsi ilə 200 manat bir dəfə, 300 manat isə bir dəfə göndərmişdir. Ümumi məbləğ 500 manat təşkil etmişdir. Həmin pulun çekləri Tacirdə qalır. Bir müddət keçəndən sonra Tacir və Rəsulun arasında narazılıq baş vermişdir. Guya Rəsul tikinti materiallarının çox hissəsini H.Əliyev fonduna vermiş, H.Əliyev fondu 2016-cı ilin mart ayında Rəsulun verdiyi tikinti materiallarının pulunu ödəyəcəkdir. Faktiki olaraq Cavabdeh heç bir iş görməmiş və şəriki Taciri aldatmışdır. X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Tacirlə uzun müddətdir tanışdır. Durğunluq vaxtlarında onlar bir yerdə Dağıstana alğı-satqı üçün gedib gəlmişlər. Aralarında dostluq, yoldaşlıq və inam olmuşdur. Bu gün də bu münasibətlər mövcuddur. Tacir Rəsul ilə birgə alver etdiklərini demişdir. Rəsulu çox yaxşı tanıyırdı. Bir dəfə Tacir Məhəmmədli kəndində 2,5 ha torpaq sahələrinin olduğunu və orada yaxın adamı varsa onunla əlaqə yaratmasını istəmişdir. Bacanağı orada yaşayır. O, bacanağının nömrəsini Tacirə vermiş və Tacir sonuncu ilə orada görüşüb sahəyə baxış keçirmişlər. Tacir 3-4 il bundan əvvəl ondan 3.000 manat istəmişdir. 4.000 ABŞ dolları vermişdir. Bir az keçəndən sonra 500 manat da istəmiş və demişdir ki, Rəsula yola lazımdır, malı Gəncəyə aparır. Rəsul dediyi yerə gəlib çıxmamışdır. O, şübhələnmiş və Tacirə demişdir ki, Rəsul onu Tacirin yanında gördüyündən, ona görə gəlməyəcək, belə ki, şahid var. Elə də olmuşdur. Rəsul gəlməmiş, zənglərə cavabında da demişdir ki, uzaqdadır, sabah vaxt tapıb gəlib vəsaiti götürər. Elə də olmuşdur. Rəsul ondan pulu alıb, aldadıb. Tacirin ona 4.000 ABŞ dolları və 500 manat borcu var. Bundan əlavə, Tacirin başqalarına da çoxlu borcu var, bu dələduzluq əməli ilə Taciri tora salmışlar. Tacirin hesabları var, həmin hesabları ona göstərmişdir. Tacirin 72.000 manat vəsaiti gedib. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, onlar Rəsulun qardaşları ilə 4 dəfə Sahil qəsəbəsində işlə əlaqədar görüşüb söhbət etmişlər. Qardaşı Səbuhi söz vermişdir ki, yaxın bir ay müddətinə 15.000 manat, bir ilə də qalan (72.000 manatı) tam bağlayacaq. Lakin Tacirin dediyinə görə sonuncular sözünə əməl etməmiş, bir qəpik də olsa pulunu qaytarmamışlar. X3 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, Rəsul və Tacirin qurduğu işbirliyi üçün Tacir müəllimə 2 dəfə olmaqla evlərinin arxasında 1.220 manat pul vermişdir. Rəsul öz maşını ilə birlikdə gəlmiş və pulu şəxsən Tacirin yanında Rəsula vermişdir. Rəsul demişdir ki, pulu tez bir zamanda ödəyəcək, Tacirlə şərikli yükdaşıyan maşın almışlar və alver etdikləri materialları öz maşınları ilə daşıyacaqlar. Lakin Rəsulun dedikləri yalan çıxmışdır və bu günə kimi də verdiyi pulu ala bilməmişdir. Onun da vəsaiti Tacir müəllimin pullarının içindədir. Xahiş edir ki, onların pullarının qaytarılmasına köməklik edilsin. İzahatı özü yazmışdır. Pulunun geri alınmasında israrlıdır. RPİ-nin 38-ci PB-nin təhqiqatında ərizəsi və izahatı mövcuddur və həmin sənədlər Rəsulla əlaqədar işin içində olmalıdır, bu haqda ona bölmədən rəsmi məktub gəlmişdir. Sonrakı proseslərin heç birində müstəntiqlərin heç biri onu çağırmamışdır. İşlə əlaqədar məhkəməyə şahid qismində gəlibgedə bilmir, xahiş edir ki, bu nəzərə alınsın. İş materiallarına əlavə olunmuş: - Bakı şəhəri Qaradağ RPİ İŞ-nin müstəntiqi, polis mayoru İ.Əhmədovun cinayət işinin icraatına xitam verilməsi barədə 21 iyun 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh şahid qismində dindirilmişdir. Cavabdeh ifadəsində bildirmişdir ki, İddiaçı Firudin oğlunu 2012-ci ildən tanımış, hər ikisi eyni qəsəbədə yaşamışlar. Həmin vaxt Qaradağ rayonu ərazisində fəaliyyət göstərən daş karxanalarında icarə əsasında sahə götürüb mişar daşlarının kəsilməsi ilə məşğul olmuşdur. Sonradan icarə müddəti başa çatdığından və mişar daşlarının kəsilməsi əziyyətli iş olduğundan bu fəaliyyətlə məşğul olmamışdır. Mişar daşlarının və blok daşlarının al-veri ilə məşğul olmuşdur. 2012-ci ilin mart ayında Tacir fərdi qaydada ticarətlə məşğul olmuş, RF-nın istehsalı olan mişar daşlarının kəsilməsi üçün nəzərdə tutulmuş mişarların dişlərinin satışını həyata keçirmişdir. Daş karxanası işlətdiyi vaxtlar Tacirin satdığı mişar çarxının dişlərinə ehtiyac yarandığından, tez-tez Tacirə müraciət etmiş, mişar çarxının dişlərini almışdır. 2012-ci ilin mart ayında Tacirdən 200 ədəd mişar çarxının dişlərini almış, bir gün sonra həmin dişlərə görə 200 manat ödəmişdir. Aradan bir müddət keçdikdən sonra yenə mişar çarxının dişləri lazım olmuş, Tacirə müraciət edib pulunu sonra ödəmək şərti ilə ondan daha 800 ədəd mişar çarxının diqlərini almışdır. Həmin pul da ödənilmişdir. 2012-ci ildən 2013-cü ilədək bu işlə məşğul olmuşdur. Demək olar ki, hər həftə Tacirdən mişar çarxının dişlərini alıb üstünə müəyyən məbləğ qoyub karxana işlədən şəxslərə satıb qazanc əldə etmişdir. Tacirlə bu işlə məşğul olduğu vaxt, yəni 2013-cü ildə artıq karxana işlətməmişdir. Mişar daşlarının və blok daşlarının alveri ilə məşğul olmuşdur. Bir gün Tacirə birlikdə mişar və blok daşlarının al-veri ilə məşğul olmağı təklif etmişdir. Belə ki, 2013-cü ildə Respublikanın rayonlarında tikinti işləri aparılmış, mişar daşlarına çox böyük tələbat yaranmışdır. Bu işlə məşğul olmaq üçün Tacirlə birlikdə hərəsinə ilkin olaraq 2.000 manat pul qoyub mişar daşlarını alıb rayonlara göndərmişlər. Bu işlə bir başa özü məşğul olmuş, Tacir isə şərikli pul qoymuşdur. Hər gün sifariş qəbul etmiş və sifariş əsasında mişar daşlarını alıb maşınlarla Zaqatala rayonuna göndərmişdir. İşin həcmi böyüdüyündən əsas sərmayənin üstünə yenə pullar əlavə etmişlər. Bəzən yolda yükü daşıyan maşın xarab olmuş, ya da sifarişçi daşı bəyənməmişdir. Maşın xarab olduqda təmir xərclərini ödəmişdir ki, sifarişdə axsama olmasın. Göndərilən daş müştəri tərəfindən bəyənilmədikdə isə qiymətdə razılaşmalı və məcbur olub daşı razılaşdıqları qiymətdən ucuz qiymətə satmalı olmuşdur. Çünki həmin daşın yenidən geri qaytarılması daha böyük xərc tələb etmişdir. Beləcə, yavaş-yavaş əsas sərmayə məhv olmuş və müflisləşmişdir. 2015-ci ildə Tacir ona hesabat təqdim edib ümumilikdə qoyulmuş, hazırda xatırlamadığı sərmayənin qarşılığı olaraq. 67.000 manat qazanc əldə etməli olduqları müəyyən edilmişdir. Lakin bu qazanc əldə olunmamışdır. Ona görə də, aralarında narazılıq yaranmışdır. Lakin bu gunə kimi qazanc olaraq götürməli olduqlan ümumilikdə 67.000 manat pulun Tacirə duşəcək hissəsini, yəni 33.500 manat hissəsini ona ödəmək üçün çalışmışdır. Hazırda nə daş alveri var, nə də karxanalar işləmir. Belə ki, mişar daşlarına bazarda tələbat bir neçə dəfə düşüb. Həmçinin daş karxanalarının əksəriyyəti işləmir. Bəzi sifarişləri yerinə yetirib müştəriyə daş göndərsə də, hələ pulunu ala bilməmişdir. Müştərilərin bəziləri pulu bu günə kimi qaytarmamışdır. Bir neçə dəfə pulu yığmağa çalışmış, lakin buna nail olmamışdır. Tacir Hüsyenovla aralarındakı qeyd olunan alverin qazancının onun payına düşən hissəsini toplayıb verəcəyini, bunun üçün vaxt tələb olunduğunu əlavə etmişdir. Ümumi məbləği xatırlamadığını, hesabata əsasən Tacirlə ona ümumilikdə 67.000 manat qazanc qalmalı olduğunu, bunun da yarısının Tacirin, yarısının onun payına düşdüyünü bildirmişdir. Həmin qərardan həmçinin müəyyən olunur ki, Bakı şəhəri Qaradağ RPİ 38-ci PBnin baş təhqiqatçısı A.Vəliyevin 16.04.2017-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən (Hüseynov X4 Rəsul İsa oğlu tərəfindən aldadılaraq müxtəlif məbləğlərdə pulunu ələ keçirməsini bildirməsi ilə bağlı) Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, həmin qərardan müəyyən olunur ki, Bakı şəhəri Qaradağ RPİ 38-ci PB-nin təhqiqatçısı N.Şiriyevin 05.05.2017-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən (Hüseynov X4 Rəsul İsa oğlu tərəfindən aldadılaraq 54.000 manat məbləğində pulunu ələ keçirməsini bildirməsi ilə bağlı) Azərbaycan Respublikası CPM-nin 39.1.7-ci maddəsi ilə fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 6(002)- 1/2020 saylı qərarından görünür ki, İddiaçı Bakı şəhəri Qaradağ RPİ İŞ-nin müstəntiqi, polis mayoru İ.Əhmədovun cinayət işinin icraatına xitam verilməsi barədə 21 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməmişdir. Yuxarıda sadalanan qərarların məzmunundan, eləcə də ifadəsi alınmış Cavabdeh iddiaçı ilə aralarında olan münasibətləri xarakterizə edən izahatından görünür ki, tərəflər arasında yaranmış mübahisə mülki xarakterlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında uzun müddət davam edən tanışlıq münasibətləri mövcuddur. Cavabdeh iddiaçıdan daş karxanaları üçün zəruri olan mişar dişlərini almışdır. Sonradan Abdullayev X7 baş vermiş zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması üçün əhəmiyyətli tikinti işləri getdiyi dövrdə mişar daşına olan tələbatı nəzərə alaraq, gəlir əldə etmək məqsədi ilə, iddiaçıdan müxtəlif tarixlərdə hissə-hissə olmaqla 72.000 manat pul vəsaiti almışdır. Sonradan Cavabdeh həmin pul vəsaitini qaytara bilməmişdir. Cavabdeh yuxarıda qeyd olunan ifadəsində gəlir kimi təqdim etdiyi 67.000 manat pulun 33.500 manatını iddiaçıya qaytarmaq üçün çalışdığını bildirsə də, illər ərzində bu və ya digər şəkildə etiraf etdiyi məbləğdən bir manat belə olsun iddiaçıya ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. Başqa şəxsə zərər vurulması. Əsassız varlanma. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, qanunla nəzərdə tutulmasa da, tərəflər arasında olan münasibətlərlə bağlı Mülki Məcəllənin öhdəliklərə dair qaydalarına uyğun şifahi formada müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 2013-cü ildən başlayaraq iddiaçıdan müxtəlif tarixlərdə hissə-hissə olmaq şərti ilə 72.000 manat pul almış, həmin pul vəsaitini mişar daşı alğı-satqısına yönəltmiş, gəlir əldə etməsinə baxmayaraq, iddiaçıdan aldığı pul vəsaitini qaytarmamışdır. İşin yuxarıda qeyd edilən faktiki halı şahid ifadələri ilə təsdiq olunur. Ödəniş qəbzindən (tapşırığından) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 72.000 manat pul vəsaiti və ödənilmiş 31 manat manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 72.000 manat pul vəsaiti və ödənilmiş 31 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar