Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-761/2021 01.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı MMC-nin qanuni təmsilçisi X1, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən 7239 manat, vəkilə hüquqi xidmət üçün ödənilmiş 800 manat, əldən çıxmış fayda üçün 2000 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 10069 (on min altmış doqquz) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı MMC-nin qanuni təmsilçisi X2 izahat verərək bildirdi ki, Cavabdeh1 2020-ci ilin sentyabr ayında İddiaçı MMC-yə müraciət edərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 üçün aviabiletlər almışdır. Bunun qarşılığında ödəməli olduğu məbləği isə ödəməmişdir. Tərəflərindən dəfələrlə bu barədə müraciət olunsa da heç bir nəticə əldə etməmişlər. Nəticədə tərəflər arasında xx xxxxxx 2020-ci il tarixdə qarşılıqlı üzləşmə aktı imzalanmışdır. Həmin aktla cavabdeh İddiaçı MMC-yə 7239 manat borcu olduğunu qəbul edərək xx xxxxxx 2021-ci il tarixinədək bütün məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh tərəfindən hər hansı ödəniş olmamış, iddiaçı təşkilat məcbur olaraq iddia ərizəsi ilə mülki qaydada məhkəməyə müraciət etmişdir. Eyni zamanda bildirir ki, cavabdehin öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçı təşkilat hüquqi xidmətə görə 800 manat məbləğində pul ödəmiş, həmçinin 2000 manat əldən çıxmış fayda qismində zərərə məruz qalmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddiaçı təşkilatın qanuni təmsilçisinin izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, o, iddia tələbini qismən qəbul edir. Belə ki, həqiqətən iddiaçı təşkilatdan 2020-ci ilin sentyabr ayında qeyd olunan şəxslər üçün aviabiletlər almış, lakin ödəməli olduğu məbləği ödəyə bilməmişdir. Aralarında xx xxxxxx 2020-ci il tarixdə qarşılıqlı üzləşmə aktı imzalanmış, həmin aktla İddiaçı MMC-yə 7239 manat borcu olduğunu qəbul edərək xx xxxxxx 2021-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüş, lakin maddi problemləri ilə əlaqədar ödəyə bilməmişdir. Hazırda həmin məbləğ həddində iddia tələbini qəbul edir, lakin maddi vəziyyəti ağır olduğuna görə həmin məbləği hissə-hissə ödəyə bilər. Eyni zamanda qeyd edir ki, iddia tələbinin əldən çıxmış fayda üçün 2000 manat və vəkilə hüquqi xidmət üçün 800 manat hissəsinə qəti etiraz edir. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC və Cavabdeh1 arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 01/2020 saylı qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, Cavabdeh1 İddiaçı MMC-yə 7239 manat məbləğində borcu vardır, Cavabdeh1 həmin borcu x xxxxxx 2021-ci il tarixinədək hissəhissə ödəməyə öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC “Mərəndskiy və Partnyorları” Vəkil Bürosuna hüquqi xidmət üçün 800 manat pul ödəmişdir. İş materiallarında olan İddiaçı MMC-nin aviabiletlər barədə çıxarışından görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 üçün aviabiletlərə görə 7239,2 manat məbləğində qalıq borc yaranmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlara, o cümlədən qarşılıqlı üzləşmə aktına, aviabiletlər barədə çıxarışa və tərəflərin izahatlarına əsasən müəyyən edildi ki, tərəflər arasında razılığa əsasən cavabdeh iddiaçıdan 7239 manat məbləğində aviabiletlər almış, xx.xx.2020-ci il tarixli üzləşmə aktına əsasən həmin məbləğin xx.xx.2021-ci il tarixədək ödənilməsini öz öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən həmin öhdəlik yerinə yetirilməmişdir. Belə olan halda, cavabdehin etirafına və mülki iş üzrə sübutlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 7239 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində tam əsaslıdır. Buna baxmayaraq, iddiaçı tərəf əldən çıxmış fayda qismində 2000 manat məbləğində maddi zərərə məruz qalması barədə hər hansı mötəbər sübut təqdim etməmişdir, ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə mülki işin hallarını, iddia tələbinin və göstərilən hüquqi xidmətin həcmini nəzərə alaraq, hüquqi yardımla bağlı xərcin 400 manat həddində təmin edilməsini ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən - ödənilmiş tələblərin məbləğinə münasib olaraq təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən 7239 (yeddi min iki yüz otuz doqquz) manat, hüquqi yardıma görə 400 (dörd yüz) manat olmaqla, cəmi 7639 (yeddi min altı yüz otuz doqquz) manat məbləğində pul vəsaiti və 23 (iyirmi üç) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-761/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-761/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver