Məhkəmə qərarları › İş №2(002)-781/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-781/2024

06.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-781/2024 06.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X8 oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(002)-69/2022 saylı hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2,1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 5000 (beş min) manat cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Cavabdeh2 həbsdə olduğu 04 ay 08 gün nəzərə alınaraq üzərində qəti olaraq 4000 (dörd min) manat cərimə cəzası saxlanılması; Cavabdeh2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməsi və dərhal məhkəmə zalından azad edilməsi; hökmün icrasının Cavabdeh2 yaşayış veri üzrə icra qurumuna həvalə edilməsi; Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi; Cavabdeh1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dyişdirilmədən saxlanılması; Cavabdeh1 üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması; hökmün icrası Cavabdeh1 yaşayış yeri üzrə icra qurumuna həvalə edilməsi; azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Cavabdeh1 oğiunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmişdir. İddia tələbi

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19,350 manat pulun, 5000 manat mənəvi ziyanın və 164 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qardaşxan oğlundan alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yopu ilə ələ keçirmək məqsədi ilə qardaşı X2 və atası Cavabdeh1 ilə birlikdə İddiaçı həbs edilmiş oğlu X1 həbsdən azad etdirmək adı ilə yalandan vəd verib aldatmaqla iki dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 2021-ci ilin iyun ayının ilk on günlüyündə Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 223 saylı orta məktəbin yanında zərərçəkmiş şəxs İddiaçı xahişi ilə qohumu X3 10000 manat pul almış, sonuncu dəfə yenə də 2021-ci ilin iyun ayının ilk on günlüyündə zərərçəkmiş şəxs İddiaçı xahişi ilə qohumu X5 10000 manat pul alaraq yaxın günlərdə R. Məmmədlinin həbsdən buraxdıracağını deyərək vədinə əməl etməyərək zərərçəkmiş şəxs İddiaçı ümumilkidə 20000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bakı şəhəri qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)- 69/2022 nömrəli hökmü ilə, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 5000 (beş min) manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4cü maddəsinə əsasən Cavabdeh2 həbsdə olduğu 04 ay 08 gün nəzərə alınaraq üzərində qəti olaraq 4000 (dörd min) manat cərimə cəzası saxlanılmış, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxslərə məhkəmə tərəfindən yüngül cəza verilməsinə əsas o, olmuşdur ki, İddiaçı məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Belə ki, ona dəymiş ziyandan 650 manat ödənilmiş və qalan məbləğin ayda 650 manat ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslərlə razılığa gəlmişdilər. Lakin, cavabdehlər bu günə qədər verdiyi sözə əməl etməmiş, nəticədə İddiaçı və ailəsi çox əlverişsiz vəziyyətə düşmüşlər. Onlar bu illər ərzində mənəvi iztirablar və sarsintılar keçirmişlər. Onlar hər dəfə də, pulu qaytaracaqlarına dair yalan vədlər verirlər. Artıq onların yalan vədlərindən bezdiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir.

4. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

5. İddiaçı məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək, cavabdehlərin ona 15,800 manat borcu qaldığını bildirmiş, tələbdə əsas borc məbləğini 19350 manat göstərilməsinin səbəbini ərizəni yazmağa kömək edənlərin səhv yazması olduğunu bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tələbin 15,800 manat hissədə təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.

6. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etdiyini və borcun onun adına olduğunu, oğlunun bu məsləyə aidiyyatı olmadığını və 15,800 manat pul borclu olduğunu bildirmiş, iddianı qalan hissədə qəbul etməmişdir.

7. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən qəbul etdiyini, cəmi 20,000 manat pulu 10,000 manat və 10,000 manat olmaqla iki dəfəyə Rəsmiyədən alaraq atasına apardığını, iddiaçıya 15,800 manat borclarının qaldığını bildirmi, iddianı qalan hissədə qəbul etməmiş, mənəvi zərər vurmadıqlarını, sadəcə maddi imkanlarının aşağı olması ilə əlaqədar borclarını ödəyə bilmədiklərini bildirmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi

8. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

9. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

9. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

10. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

11. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

12. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

13. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

14. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

15. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

16. 82.4-cü maddsəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

17. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

18. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

21. İddia qismən əsaslıdır.

22. Belə ki, cavabdehlərin iddiaçıdan 20.000 manat pul alması işin mübahisəsiz halıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(002)- 69/2022 saylı hökmü ilə müəyyən edilir ki, Cavabdeh2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qardaşı X2 və atası Cavabdeh1 Qardaşali oğlu ilə birlikdə İddiaçı həbs edilmiş oğlu X1 həbsdən azad etdirmək adı ilə yalandan vəd verib aldatmaqla iki dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 2021-ci ilin iyun ayının ilk on günlüyündə Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 223 saylı orta məktəbin yanında zərərçəkmiş şəxs İddiaçı xahişi ilə qohumu X4 10000 manat pul almış, sonuncu dəfə yenə də 2021-ci ilin iyun ayının ilk on günlüyündə zərərçəkmiş şəxs İddiaçı xahişi ilə qohumu X5 10000 manat pul alaraq yaxın günlərdə R. Məmmədlinin həbsdən buraxdıracağını deyərək vədinə əməl etməyərək zərərçəkmiş şəxs İddiaçı ümumilkidə 20000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

23. Məhkəmə araşdırması zamanı cavabdehlər yazılı ərizə yazaraq 20.000 manat pul vəsaitindən 15,800 manat borclarının qaldığını bildirmiş və iddiaçı məhkəmə iclasında cavabdehlərin 15,800 manat borcunun qaldığını qəbul etmişdir. Bu halda məhkəmə hesab edir ki, iddia tələbi 19350 manat pulun tutulması hissəsində 15,800 manat həddində qismən təmin edilməlidir.

24. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsini əsassız hesab edərək aşağıdakıları qeyd edir.

25. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

26. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər.

27. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

28. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər.

29. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

30. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır.

31. Eyni zamanda işin hallarından aydın olur ki, cavabdehlər iddiaçıdan 20,000 manat məbləğində pul vəsaitini götürməklərini inkar etməmiş, həmin məbləğdən müxtəlif vaxtlarda cəmi 4200 manat ödəniş etmişdirlər. Məhkəmə işin bu halını iddiaçının əmlak hüquqlarının uzun müddət, bərpasına ümid olmayan dərəcədə pozulmaqla onu mənəvi iztirablara düçar etməsi halının hazırkı işdə baş verməməsi kimi qiymətləndirərək hesab edir ki, iddia tələbi mənəvi zərərə görə 5000 manat pul vəsaitinin tutulması hissəsində təmin olunmamalıdır. Məhkəmə xərcləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 164 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 137.4 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Nəticə

34. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15,800 manat məbləğində əsas borc pul vəsaiti və 137.4 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçınun xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

35. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15,800 manat və dövlət rüsumunun əvəzi olaraq 137.4 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar