Məhkəmə qərarları › İş №2(002)-786/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-786/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-786/2024 16.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ İş № 2(002)-786/2024 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 16 aprel 2024-cü il Bakı şəhəri Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat məbləğində borcun, həmin məbləğin illik bank uçot faizini, mənəvi ziyana və vaxt itkisinə görə 200 manat məbləğində pul vəsaitinin, həmçinin 32 manat məbləğində dövlət rüsumu üçün ödənilmiş pul məbləğinin cəmi 1232 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə o, Cavabdeh arasında borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən tərəfindən cavabdehə 1000 (min) manat məbləğində borc pul verilmişdir (surəti əlavə olunur).Müqavilənin 2.2.1-ci bəndində əsasən, cavabdeh xx.xx.2022-ci il tarixə kimi borc məbləğini ona qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin o, ondan borcu tələb edəndə,müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınır. Uzun müddət keçməsinə baxmayaraq bu günə kimi cavabdehdən öhdəliyini icra etməsini dəfələrlə tələb etsə də, cavabdeh öhdəliyini icra etmir və borcu ona qaytarmır. Göründüyü kimi cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə aldığı borc məbləğini qaytarmaqdan imtina edir və bununlada müqavilənin şərtlərini pozur . İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək , Cavabdeh 1000 manat məbləğində borcun, həmin məbləğin illik bank uçot faizini, mənəvi ziyana və vaxt itkisinə görə 200 manat məbləğində pul vəsaitinin, hüquqi yardımla bağlı ödənilmiş 300 manat məbləğində pulun, həmçinin 32 manat məbləğində dövlət rüsumu üçün ödənilmiş pul məbləğinin cəmi 1532 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq qeyd edir ki, iddiaçı cavabdehə 1000 manat məbləğində borc verilmiş və həmin məbləği xx.xx.2022-ci il tarixədək geri qaytaracağını öhdəsinə götürməsinə baxmayaraq hələ də borcunu qaytarmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdən gec olmayaraq qaytarmaq şərti ilə 1000 manat məbləğində pulu borc vermişdir. iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ********** nömrəli qəbzdən görünür ki, İddiaçı 35 manat dövlət rüsumu ödənilmişdir. iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı (AZE №********) tərəfindən 4 saylı vəkil bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsinin məzmunun aşağıdakılar ehtiva edir: onların mümkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tələb ərizəçi tərəfindən sübuta yetirilmədiyindən, tələbdə qeyd edilən hüquqi əhəmiyyətli faktının mövcud olması sübuta yetirilmədiyindən ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından və işin materillarından göründüyü kimi, iddiaçı cavabdehə 1000 manat məbləğində pul borc vermiş, cavabdeh isə razılaşdırılmış müddət ərzində borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin öhdəliyi tam və vaxtında icra etməmişdir. .Hazırda iddiaçı tərəf 1000 manat əsas borcu və onun gecikdirilməsi üçün 200 manat mənəvi ziyan, həmçinin hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat və 32 manat dövlət rüsumunu cavabdehdən tələb etmiş, cavabdeh isə məhkəmə iclaslarının vaxtı və yeri barəsində məlumatlı olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbinə münasibətini bildirməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1000 manat məbləğində əsas borc pul, hüquqi xidmət üçün ödənilmiş 300 manat olmaqla cəmi 1300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin borcun gecikdirilməsinə görə 200 manat məbləğində mənəvi ziyan tələbinə dair hissədə qeyd edir ki, iddiaçı tərəf həmin tələb ilə bağlı məhkəmə iclaslarında heç bir sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. İddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 35 manat dövlət rüsumu ödəmiş və hal-hazırda 32 məbləği cavabdehdən tələb etdiyindən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Cavabdeh iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 32 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. . Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 manat məbləğində borc pul, hüquqi xidmət üçün ödənilmiş 300 manat və ödənilmiş 32 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Nəticə hissəi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000(bir min) manat məbləğində borc pul, hüquqi xidmət üçün ödənilmiş 300(üç yüz) manat və ödənilmiş 32(otuz iki) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar