Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-797/2025 29.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə X3 arasında bağlanmış CC/68794/93/10 nömrəli, xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" ASC İddiaçı illik 15.4 % dərəcəsi ilə, 36 ay müddətində, 6000 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan İddiaçı isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kreditin məqsədi qalıq kredit borcunun ödənilməsi olmuşdur.
2. "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli 13903348 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır: Müqavilənin və onun tərkib hissəsi olan Əlavəyə görə "xxxx" MMC İddiaçı 515.52 manat dəyərində İmei kod **********43004 Xiaomi Redmi 10A markalı telefona ilkin ödəniş 0 manat olmaqla, 12 ay müddətinə hər ay 42.96 manat hissəhissə ödəniş etmək şərtilə satmışdır.
3. "xxxx" MMC xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişlərin məzmunundan görünür ki, İddiaçı 13903348 nömrəli Müqavilədə qeyd olunan İmei kod **********43004 Xiaomi Redmi 10A markalı telefon təhvil almışdır.
4. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş, 21 sentyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlində göstərilir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehin 262.13 manat məbləğində ödənilməmiş əsas borc, 26.87 manat cərimə olmaqla, cəmi 289 manat borcu yaranmışdır.
5. Abşeron rayonu, Xırdalan şəhəri Abşeron RPİ-in İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X1 tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X2 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanmasıın rədd edilməsi qərara alınmışdır.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)- 2506/2024 saylı qətnaməsinə əsasən, Cavabdeh 2430 manat və 45 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)- 5564/2024 saylı qətnaməsinə əsasən, cavabdeh İsmayılova (Səlimova) Arzu Akif qızından xx.xx.2023-cü il tarixli, 13903348 saylı müqavilə üzrə 262.12 manat əsas, 26.87 manat cərimə olmaqla, ümumilikdə 289 manat borc pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-in xeyrinə tutulması qət edilmişdir.
8. "xxxx" MMC tərəfindən ünvanlanmış 125/25 nömrəli xx.xx.2025-ci il tarixli məktuba əsasən, xx.xx.2023-cü il tarixdə cəmiyyət ilə İddiaçı arasında bağlanmış 13903348 nömrəli müqavilə üzrə bu günə olan qalıq borc 269 AZN təşkil edir. Ödənişlərin ümumi gecikmə müddəti 178 gün olduğu üçün 1383.46 AZN dəbbə məbləği hesablanmışdır. Ödənişlər onlayn qaydada həyata keçirildiyi üçün ödənişləri edən şəxsi müəyyən etmək mümkün olmamışdır. İddia tələbi
9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona dəymiş 1500 manat məbləğində maddi zərərin pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə araşdırması gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbindən tutulmasını xahiş etdiyi 1500 manat pulun 1000 manat hissəsi bankdan götürülən 6000 manat kreditin faizi, 500 manat hissəsi isə Kontak Home tərəfindən bağladığı mobil telefon alqı-satqıya görə ödənilməmiş kredit məbləği olduğunu bildirmişdir.
11. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o İddiaçı sizə Bakı Şəhəri ünvan 1 ünvanında yaşayır 8 il əvvəl ayrılmışdır Firmada işləyəndə marketdə işləyən Cavabdeh adlı şəxslə tanışlığı olub və 2 il ailə münasibətində yaşamış daha sonra isə ona bildirdi ki Borc pul lazımdır o anasının adına Bank of Bakudan 6 (altı min manat) kredit götürərək 2.500 manatını Cavabdeh pul verdi daha sonra o Pulunu istəyəndə ona bildirdi ki. Fövqəladə Hallar Nazirliyində tanışı var sənidə özünüdə ora işə düzəldir o bildirdi ki o iş istəmir sonra müxtəlif bəhanələr etdi ki anası rəhmətə gedib sonra anası rəhmətə gedib sonra dedi o X6 Nazirliyində tanışına vermiş bir sözlə o pulunu 2.500 manatını geri ala bilmədi oğluna telefon almışdı oğlu istəmədiyi üçün İMEİ kodu: **********43004 İMEİ kodlu telefonuu bildirdi ki ona ver krediti hər ay özü ödəyər o da verdi lakin telefonunun kreditinidə ödəmir o dəfələrlə bildirdi ki ona Fövqəladə Hallar Nazirliyində iş lazım deyil pulunu ver ona bildirdi ki pulu Fövqaladə Hallar Nazirliyində işləyən tanışına vermişdir. Cavabdeh almış olduğu pulu 2023-cü il tarixə kimi qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır o bununla bağlı Bakı Şəhəri Qaradağ rayon məhkəməsinə müraciət etdi və Qaradağ rayon məhkəməsinin Qərarına əsasən Cavabdeh 2475 (iki min dörd yüz manat) pulun alınaraq ona qaytarılması haqqında Qərar Qəbul etmişdir lakin ondan aldığı İMEİ kodu: **********43004 İMEİ kodlu Xiomi Redmi A10 Markalı Mobil telefonun kreditini ödəməmişdir Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür və ona dəymiş Maddi ziyanın 1500 ( min beş yüz manat) olaraq qiymətləndirirəm 1000 ( min manat) Bank of Bakudan götürdüyü kreditin faizi 500 (beş yüz manat) isə Cavabdeh verdiyi telefonun kreditini Cavabdeh ona dəymiş 1500 ( min beş yüz manat) məbləğində Maddi ziyanın alınaraq ona ödənilməsinə dair Qətnamə çıxarmağı xahiş edir.
12. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh ilə iki il ailə münasibətlərində olmuşdur. Bankdan kredit götürüb ona 2500 manat borc verdi. Özünün də borcları olduğuna görə anasının adına bankdan 6000 manat kredit götürmüşdü. Özü ondan borc istədi, o da ona borc verdi. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin həmin məsələ ilə bağlı qətnaməsi olub, həmin qətnamə ilə iddia təmin edilib. Cavabdeh həmin qətnamə ilə hər ay ona pul ödəyir. Tələb etdiyi 1500 manatın 1000 manat hissəsi bankdan götürdüyü kreditin faiz hissəsi, 500 manat hissəsi isə telefonun puludur. Cavabdehin telefonu xarab olduğuna görə ona 2023-cü ildə həmin telefonu vermişdir. Həyatında olan şəxs olduğu üçün və telefonu olmadığı üçün həmin telefonu yazığı gəlib cavabdehə vermişdir. Telefonu cavabdeh üçün almamış, öz oğlu üçün almışdır. Əlavə telefonu var idi, cavabdehə də yazığı gəldiyi üçün telefonu verdi ki istifadə etsin. Lakin cavabdeh telefonu istifadə etsə də, kreditlərini ödəməmişdir. Cavabdeh ilə bağlı 2023-cü ildə Polis İdarəsinə şikayət etmişdir. O, Polis İdarəsində izahat verib. Müstəntiq vasitəsi ilə cavabdeh 2024-cü ilin iyul ayında telefonu qaytarıbdır. Cavabdeh telefondan bir il istifadə edib, lakin telefonun ödənişlərini etməyib. Əşyanın aylıq ödənişi 46 manat idi, ödənişlər vaxtında ödənilmədiyinə görə ABC Telekom onun məhkəməyə vermiş, 260 manat borc məhkəmə yolu ilə ondan tutulmuşdur. Cavabdeh borcdan ödəniş etməyib, telefonu 1 il istifadə edib.
14. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmir. O iddiaçıdan borc istəmişdi, o da ona borc verdi. O, iddiaçıdan ona görə kredit götürməsini istəməmişdir. Həmin borc məbləğinin tutulmasına dair Qaradağ Rayon Məhkəməsinin qüvvəyə minmiş qətnaməsi vardır, ondan pul tutulur. Həmin kreditin faizinin mənə aidiyyəti yoxdur. Telefona gəldikdə isə öz telefonu xarab olduğu üçün iddiaçının isə keçmiş yoldaşı ona əlavə telefon aldığından, iddiaçıdan telefonu ona verməsini xahiş etmiş o da ona vermişdir. Daha sonra aralarında münasibət pozulanda polis bölməsində telefonu qaytarmışdır. Əgər telefonu qaytarıbdırsa onun krediti niyə ondan tutulmalıdır? Telefonu götürəndə o cavabdehdən telefonu ona məcburi verməsini istəməmiş, nə də ki, daimi almamışdır. Telefonu olmadığı üçün, müvəqqəti əsaslarla telefonu istifadəyə almışdır. Telefon ondan olduğu müddətdə də kreditlərini ödəmişdir, yardım məqsədi ilə. Başqa problemləri ortaya çıxdığı üçün 2024-cü ilin təxminən avqust ayında telefonu polis bölməsində Arzuya qaytarmışdır. İddiaçıya telefonu tez qaytarmış, çox istifadə etməmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Maddə 736.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddı 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. b) Əsaslandırma
17. İddia əsassızdır.
18. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi pul məbləği iki hissədən ibarətdir: 1- "xxxx" ASC (kreditor) ilə X3 (borclu) arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1000 manat faiz borcu və 2-"xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 500 manat qalıq borc.
19. Cavabdeh hər iki müqavilə üzrə tərəf deyildir. Bundan əlavə, xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının özü də müqavilə tərəfi deyildir, həmin müqavilə üzrə borclu iddiaçının anasıdır.
20. İddiaçı bildirir ki, xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 6000 manat kredit məbləğini anasının adına götürüb ordan cavabdehə borc vermişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-2506/2024 saylı qətnaməsinə əsasən həmin kreditdən verilən borc məbləğinin (2430 manat) Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı bildirir ki, hazırkı iddiada tələb edilən məbləğin 1000 manat hissəsi məhz həmin kredit müqaviləsi üzrə yaranmış faiz borcudur.
21. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə tərəf olmadığı, eləcə də İddiaçı və Cavabdeh arasında borcun üstlənməsinə dair hər hansı razılaşmanın olması məhkəmə araşdırması nəticəsində müəyyən edilmədiyi üçün, bundan əlavə, iddiaçının özü müqavilə tərəfi olmadığı üçün qeyd edilən kredit müqaviləsi üzrə yaranmış faiz borcunu müqavilə tərəfi olmayan üçüncü şəxs tərəfindən icra edilməsini tələb etmək barədə subyektiv hüquqa malik olmadığından həmin hissədə iddia təmin edilə bilməz.
22. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
23. İddia tələbinin mobil telefon nisyə alqı-satqısı müqaviləsi üzrə 500 manat pulun cavabdehdən tutulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edirdi ki, cavabdeh həmin müqavilə üzrə də tərəf deyildir, müqavilə iddiaçı və "xxxx" MMC arasında bağlanmışdır.
24. Həmin hissədə tərəflər arasında yaranmış hüquq münasibətlərinə qiymət verilməsi üçün məhkəmə araşdırması zamanı tərəflərə suallar verilməklə işin faktiki hallarını müəyyən edilmişdir.
25. Belə ki, iddiaçı oğlu üçün aldığı telefonu cavabdehə, sonuncunun həmin ərəfədə telefonu xarab olduğundan və aralarında olan münasibətlər xətrinə istifadəsi üçün verdiyini, cavabdeh də həmçinin, telefonu xarab olduğundan iddiaçıda isə artıq telefon olduğundan həmin əşyanı müvəqqəti istifadə məqsədilə iddiaçından aldığını və əşyanın onda olduğu dövr ərzində iddiaçıya kömək kimi "xxxx" MMC-yə olan ödənişləri icra etdiyini bildirmişdir.
26. Məhkəmə işin göstərilən hallarına hüquq normalarını tətbiq edərək belə hesab edir ki, telefonla bağlı tərəflər arasında əvəzsiz istifadə razılaşması olmuş, iddiaçı sözgedən əşyanı cavabdehə əvəzsiz istifadə əsasında vermiş, cavabdehin telefonun aylıq ödənişləri ilə bağlı öhdəliyi yaranmamışdır. Cavabdehin əşyanın alqı-satqısı üzrə müqavilə üzrə öhdəlikləri icra edəcəyinə dair üzərinə öhdəlik götürməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
27. Bundan əlavə, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin məmzununda Cavabdeh 2430 manat borcunun və iddiaçıya məxsus telefonun onda olmasını etiraf etmiş, telefonun kreditini ödəmədiyini bildirmiş, telefonu qaytaracağına və borcu ödəyəcəyinə söz vermişdir.
28. Cavabdeh tərəfindən mobil telefonun iddiaçıya qaytarılması işin mübahisəsiz halıdır, belə ki, iddiaçı özü əşyanın 2024-cü ilin iyul ayında ona qaytarıldığını etiraf etmişdir.
29. Göründüyü kimi, tərəflərin məhkəmə iclasında verdikləri izahatlar və cavabdeh tərəfindən yazılmış qəbzin məzmunundan tərəflər arasında əvəzsiz istifadə müqaviləsinin bağlanması aydın olur. Odur ki, göstərilənlər və həmin müqavilənin predmeti olan əşyanın iddiaçıya geri qaytarılması nəzərə alınaraq, həmin əşyanın nisyə alqı-satqısı üzrə öhdəliklərin müqavilə tərəfi olmayan üçüncü şəxs tərəfindən icra edilməsinin tələb edilməsi əsassızdır. Nəticə
30. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia təmin edilməməlidir.
31. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı 1500 manat pulun ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova