Məhkəmə qərarları › İş №2(002)-799/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-799/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-799/2025 16.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş kredit müqaviləsinin dəyişdirilərək müqavilə üzrə qalıq borca görə aylıq ödənişlərin yarısının cavabdehin hesabına ödənilməsi” iddia tələbi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş “kredit müqaviləsinin dəyişdirilərək müqavilə üzrə qalıq borca görə aylıq ödənişlərin yarısının cavabdehin hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" QSC-nin Xırdalan Filialı arasında bağlanmış 07 mart 2024-cü il tarixli, "017A**********" saylı kredit müqaviləsinin dəyişdirilərək xx.xx.2024-cü il tarixdən sonrakı aylar üzrə ödəniləcək qalıq kredit ödənişlərinin yarısının ondan, yarısının isə digər Cavabdeh tutularaq banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "xxxx" QSC-nin Xırdalan Filialı arasında 07 mart 2024-cü il tarixli, "017A**********" saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ona illik 20% olmaqla, 48 ay müddətinə, ayda 490 manat ödəmək şərtilə, 16000 manat məbləğində istehlak krediti verilmişdir. Müqavilə bağlanarkən digər Cavabdeh ilə rəsmi nikahda olmuşdur. Hal-hazırda nikahın pozulması tələbi ilə aidiyyatı üzrə Qaradağ rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş və ərizə icraata götürülmüşdür. Qeyd edir ki, kredit məhz cavabdehin müalicəsi üçün alınmış və bu məqsədlə də xərclənmişdir. Bu halı təsdiq edən "X4" MMC-dən alınmış ödəniş çekləri də ərizə əlavə olunur. Lakin krediti götürəndən təxminən üç ay sonra cavabdehlə ailə münasibətləri kəskin şəkildə pisləşmiş və faktiki olaraq ayrılmışdılar. xx.xx.2024-cü il tarixdən nikahın pozulması tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etməsi üçün cavabdehə müvafiq bildiriş göndərilmişdir. Yuxarıda da qeyd etdiyi kimi hal-hazırda nikahın pozulması Qaradağ rayon məhkəməsinin icraatındadır.Göstərilənlərə əsasən hesab edir ki, götürülmüş kredit məhz cavabdehin müalicəsinə xərcləndiyindən və hazırda da nikahı pozulmaq ərəfəsində olduğundan, eləcədə xx.xx.2024-cü il tarixdən birgə təsərrüfat aparmadığından iddia tələbi təmin edilməli, onunla cavabdeh "xxxx" QSC-nin Xırdalan Filialı arasında bağlanmış 07 mart 2024-cü il tarixli, "017A**********" saylı kredit müqaviləsinin dəyişdirilməli, xx.xx.2024-cü il tarixdən sonrakı aylar üzrə ödəniləcək qalıq kredit ödənişlərinin yarısının ondan, yarısının isə digər Cavabdeh tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz ərizəsi elektron kabinetlə məhkəməyə ünvanlanaraq bildirilmişdir ki, İddiaçı müqavilənin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək "xxxx" QSCnin Xırdalan Filialı ilə arasında bağlanmış 07 mart 2024-cü il tarixli, “017A**********” saylı kredit müqaviləsinin dəyişdirilərək xx.xx.2024-cü il tarixdən sonrakı aylar üzrə ödəniləcək qalıq kredit ödənişlərinin yarısının ondan tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesində "xxxx" QSC-nin Xırdalan Filialı iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Bildirir ki, iddiaçı ilə 06 Yanvar 2021-ci tarixində 4 Saylı Bakı "ASAN xidmət" mərkəzi, qeydiyyat şöbəsində nikaha daxil olmuş və birgə nikahdan 08 noyabr 2023-cü il tarixində övladı Məhərrəmli Turan dünyaya gəlmiş, aralarında bağlanan nikah xx.xx.2024-cü il tarixində pozulmuşdur. İddiaya əsasən iddiaçı onunla nikahda olduğu müddət ərzində 07 mart 2024-cü il tarixində "xxxx" QSC ilə kredit müqaviləsi bağladığını və bankdan götürdüyü məbləği onun müalicəsi məqsədilə xərclədiyini bildirmişdir. Lakin qeyd edilənlər tamamilə əsassız olmaqla həqiqəti əks etdirmir. Belə ki, kredit müqaviləsində kreditin təyinatı olaraq iddiaçının yeni övladının dünyaya gəlməsi göstərilsə də, iddiaçı iddia ərizəsində həmin məbləği onun müalicəsi məqsədilə aldığını qeyd edib. Lakin kreditin götürüldüyündən daha sonra məlumatı olmuş və həmin məbləğin necə xərclənməsi barədə heç bir məlumatı yoxdur. Çünki müalicə məqsədilə 2022-ci ilin noyabr ayında “X4”ə müraciət etmiş və həmin ərəfədə işləmədiyi və keçmiş həyat yoldaşından maddi dəstək görmədiyi üçün anasının maddi dəstəyi ilə və öz qazancı ilə qısa müddətdə müalicə almışdır. Bununla bağlı təsdiqedici sənədlər etiraza əlavə olunur. Yuxarıda da qeyd etdiyi kimi, övladı isə 2023-cü ilin noyabr ayında dünyaya gəlmişdir, qeyd edilən hadisələrin hər ikisi iddiaçının kredit götürdüyü tarixdən xeyli əvvəl baş vermişdir. Yəni iddiaçı heç də qeyd etdiyi kimi kredit məbləğini nə onun müalicəsi üçün götürmüş, nə də övladına xərcləmişdir. İddiaçı faktiki ailə münasibətlərinin kəskin pisləşdiyi dövrdə nikah pozulduqdan sonra üç yaşına qədər uşağın saxlanması üçün tələb edəcəyi alimenti tələb etməməyi ilə bağlı onu hədələmiş, əks təqdirdə özünün şəxsi məqsədləri üçün götürdüyü sözügedən kredit məbləğinin aralarında bölünməsinə dair məhkəməyə müraciət edəcəyini bildirmişdir. Mediasiya və məhkəmə proseslərində bununla bağlı qarşılıqlı razılıq əldə etsə də iddiaçı sözünü tutmayaraq məhkəməyə müraciət etmişdir. Kredit məbləğinin götürülməsindən və hansı məqsədlə xərclənməsindən, mənim və övladı üçün xərclənmədiyindən, hazırda işləmədiyi və azyaşlı övladım olduğundan həmin məbləği ödəməyi qeyri-mümkündür. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq xahiş etmişdir ki, İddiaçı müqavilənin dəyişdirilməsi tələbinə dair Qaradağ Rayon Məhkəməsinə verdiyi iddianı təmin edilməsin. İddiaçı nümayəndəsi və vəkili Vəkil Binəli oğlu üzrlü səbəblərdən (həm yaranmış hava şəraiti ilə, həm də Bakı Apellyasiya məhkəməsində cinayət işi üzrə əvvəlcədən təyin olunmuş məhkəmə iclası ilə əlaqədar) hazırkı məhkəmə baxış iclasında iştirakı mümkün olmayacaqdır. Odurki, bu halın üzrlü sayılaraq məhkəmə baxış iclasının başqa tarixə təxirə salınması barədə qərardad çıxarmağını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və yekunlaşdırılmasını xahiş etmiş və əlavə etmişdir ki, iddiaçı tərəf hər dəfə müəyyən üzrsüz səbəblərdən məhkəmə iclaslarına gəlməyərək, işi uzatmışdılar. O bu hava şəraitində evdə körpəsini qoyaraq gələ bilirsə, iddiaçı tərəf də gəlməli idi. Artıq neçənci məhkəmə prosesidir ki, tərəf gəlmir və mülki iş təxirə salınır. Xahiş etdi ki, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılsın. Həmçinin qeyd etdi ki, iddia tələbi əsassızdır, belə ki müqavilədən də görünür ki, kredit onların uşaqları artıq 4-5 aylığında olan götürülmüşdür. Onun heç o müqavilədən xəbəri olmamışdır. İddiaçı ilə nikahları pozulmuş və uşaqları onun himayəsindədir. Eyni zamanada onu da əlavə etdi ki, ödəniş qəbzlərinin əslilərinin onlarda olmasından bəllidir ki, müalicə xərcləri də onun valideynianası tərəfindən ödənilmişdir. Müqavilə üzrə kredit məbləği kifayət qədər yüksəkdir və bu 2024-cü ilin mart ayında alınmışdır, hansı ki həmin aydan bir neçə ay sonra onlar arasında münasibətlər pozulduğundan o nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə müqavilə alınmış məbləğin birgə ailə təsərrüfatına istifadə olunmasından söhbət belə gedə bilməz. Məhkəmə iddiaçı tərəfin və vəkilinin üzürlü səbəbdən gələ bilməmələrinə dair sübut təüdim etməmələrini nəzərə alaraq işə mahiyyəti üzrə baxılmasını mümkün saydı. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3180/2024 saylı 25 noyabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzi Qeydiyyat şöbəsində 13 nömrəli akt qeydi ilə bağlanmış nikah qeydinin pozulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3180/2024 saylı 25 noyabr 2024-cü il tarixli qətnamədən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişi ilə tərəflər razılığa gəlmişdilər ki: 1. (nikahın pozulması tələbi) Tərəflər: 1-ci tərəf İddiaçı və 2-ci tərəf Cavabdeh ilə qeyd olunan məzmunda razılığa gəldilər. Razılığa əsasən tərəflər 06 Yanvar 2021-ci tarixində 4 Saylı Bakı "ASAN xidmət" mərkəzi, qeydiyyat şöbəsində bağladıqları, 13 nömrəsi ilə qeydə alınmış nikahın məhkəmədə bir-birlərinə 3 ay barışıq möhləti verilmədən 1-ci tərəf İddiaçı Sənan oğlunun iddia qaldırması ilə pozsunlar. Barışıq sazişinin 1-ci bəndi xüsusi icraat qaydasında təsdiq edilmir, tərəflərdən birinin iddia qaldırması ilə icra edilir. 2. (uşağın ananın himayəsində saxlanılması tələbi) Tərəflər-1-ci tərəf Məhərrəmli Məruf Sənan oğlu və 2-ci tərəf Cavabdeh ilə uşağın ananın himayəsində saxlanılması tələbi üzrə xx.xx.2023-cı il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi 2-ci tərəf Cavabdeh himayəsində saxlanılması barədə razılığa gəldilər. 3. (uşağın saxlanılması üçün aliment tələbi) Tərəflər 1-ci tərəf İddiaçı Sənan oğlu və 2-ci tərəf Cavabdeh ilə qeyd olunan məzmunda razılığa gəldilər.Razılığa əsasən 1-ci tərəf İddiaçı birgə nikahdan anadan olan övladı xx.xx.2023-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixindən başlayaraq, uşaq yetkinlik yaşına çatana kimi hər ay, 250 (iki yüz əlli) manat sabit pul məbləğdə alimenti 2-ci tərəf Cavabdeh ödəyir. 4. (uşaqla ünsiyyət tələbi) Tərəflər 1-ci tərəf İddiaçı və 2- ci tərəf Cavabdeh ilə uşaqla ünsiyyət tələbi üzrə qeyd olunan məzmunda razılığa gəldilər: Razılığa əsasən birgə nikahdan anadan olan xx.xx.2023-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi, atası İddiaçı ilə ünsiyyətdə olaraq, görüşməsinə hər həftənin şənbə və bazar günləri Abşeron rayonu, Xırdalan şəhəri ərazisində saat 14:00-dan 17:00dək ünsiyyətdə olmasına 2-ci tərəf Cavabdeh şərait yaradır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İV seriyalı 948861 saylı doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X1 anası-Cavabdeh, atası- İddiaçıdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. İş materiallarından görünür ki, "xxxx" QSC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli, 01A246797923 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" QSC tərəfindən İddiaçı 16000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 017G**********01 saylı Zaminlik müqaviləsindən görünür ki, Məhhərəmli Ülkər Sənan qızı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı tərəfindən kreditor "xxxx" QSC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" QSCnin istehlak krediti komitə qərarından görünür ki, kreditin təyinatı müştərinin yeni övladı dünyaya gəlib onunla bağlı olması qeyd edilmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qəbzlərindən görünür ki, “X4” Klinikasına yekun xidmət məbləği 342 manat olan müalicə xərci xx.xx.2022-ci il tarixdə, yekun xidmət məbləği 220 manat olan müalicə xərci xx.xx.2022-ci il tarixdə, yekun xidmət məbləği 85 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 15 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 15 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 15 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 97 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 20 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 35 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 454 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 69 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 95 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 98 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 690,75 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 60 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 182 manat olan müalicə xərci xx.xx.2023cü il tarixdə, yekun xidmət məbləği 162 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 135 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş doğum arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə isə X2 anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" QSC-nin İddiaçı ünvanlanmış məktubundan görünür ki, sizin xx.xx.2024 tarixli müraciətinizə cavab olaraq bildiririk ki, sizinlə "xxxx" QSC arasında bağlanmış 07 mart 2024 tarixli 017A********** nömrəli müqavilə üzrə sizə 16.000 AZN məbləğində kredit verilmişdir. Məktubda qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ərarvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.Həmin Məcəllənin 36.3-cü bəndinə əsasən mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.Yuxarıda qeyd olunanlara əsasən hazırki tələblə əlaqədar aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyiniz xahiş edirik." İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmənin "xxxx" QSC tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-799/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının icrası ilə bağlı olaraq məhkəməyə göndərilmiş maliyyə arayışından görünür ki, İddiaçı 07 mart 2024 tarixli 017A********** nömrəli müqavilə üzrə borcu əsas kredit borcu üzrə 13424,45 manat, faiz borcu üzrə isə 74,58 manat borcu qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinnin məhkəməyə sorğuya cavab olaraq ünvanlandığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri üzrə qeydiyyata alınmış, həmçinin özgəninkiləşdirilmiş əmlaka dair əsas olan sənədlərin surətlərinin təqdim edilməsi bağlı sorğuya baxılmış və bununla bağlı olaraq bildirilir ki, İddiaçı adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin məhkəməyə sorğuya cavab olaraq göndərilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə tərəflər arasında nikah bağlanmış, xx.xx.2023-cü il tarixdə isə birgə nikahdan övladları olmuşdur. Tərəflər arasında olan nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3180/2024 saylı 25 noyabr 2024-cü il tarixli qətnaməsi pozulmuş və uşaq anasının yanında himayəsində saxlanılmışdır. Hazırda iddiaçı tərəf birgə nikahda dövründə bağlanmış olduğu-xx.xx.2024cü il tarixli müqavilə üzrə qalan kredit borcunun yarısının cavabdehdən tutulmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, həmin kredit cavabdehin müalicəsi və yeni doğulmuş uşağı üçün sərf olunmuş və hətta bu müqavilədə də müqavilənin təyinatı olaraq da göstərilmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməmisini xahiş etmiş və etirazını isə onunla əsaslandırmışdır ki, qeyd olunan müqavilə xx.xx.2024-cü il tarixdə bağlanmış, hansı ki, həmin vaxt onların artıq uşaqları olmuşdur, yəni nə onun, nə də uşağın müalicəsi üçün 16000 manat məbləğində pula ehtiyyac yaranmışdır. Hətta həmin müqavilənin bağlanmasından daha sonralar xəbərdar olmuşdur, yəni kredit o və onun uşağı üçün sərf edilməmişdir. Məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, 01A246797923 saylı kredit müqaviləsinə əsasən "xxxx" QSC tərəfindən İddiaçı 16000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təyinatı olaraq-müştərinin yeni övladı dünyaya gəlib onunla bağlı olması qeyd edilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2023-cü il tarixdə uşaqları dünyaya gəlmişdir. Həmçinin iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cavabdehin müalicəsi üçün bütün ödəniş tarixləri bağlanmış kredit müqaviləsindən əvvələ, yəni 2022 və 2023-cü illərə aiddir. Eyni zamanda məhkəmə tərəfindən verilmiş sorğular əsasında müəyyən olmuşdur ki, iddiaçının adına və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi və yaxud daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə nikahın pozulması üçün məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3180/2024 saylı 25 noyabr 2024-cü il tarixli qətnaməsi aralarında bağlanmış nikah pozulmuşdur. Beləliklə, məhkəmə qeyd edir hazırki iddia tələbi əsasız olduğundan təmin edilməməli, belə ki, kredit müqaviləsi cavabdehin müalicəsindən və hətta uşağın doğumundan (5 ay sonra) sonra bağlanmışdır. Və həmçinin məhkəmə ağlabatan məbləğ prizmasından yanaşaraq qeyd edir ki, kredit müqaviləsinin məbləği 16000 manat olduğu halda iddiaçı tərəf sübut edə bilməmişdir ki, həmin məbləğ cavabdehin və yaxud uşağın müalicəsi üçün xərclənmişdir. Eyni zamanda həm də məhkəmə əlavə edir ki, sorğular əsasında müəyyən olundu ki, iddiaçının adında hər hansı bir daşınar və daşınmaz əmlak mövcud olmadığından müəyyən olunur ki, iddiaçı müvafiq məbləği birgə təsərrüfata xərcləməmişdir. Bütün qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilə üzrə kredit birgə təsərüfata sərf olunmadığından, həmçinin cavabdehin müqavilə üzrə zaminlik kimi bir öhdəliyi olmadığı halda hazırda onun iddiaçı ilə birgə borclu qismində tanınmasına əsas yoxdur və iddia tələbi əsassız olması səbəbindən təmin edilməmlidir. Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 34.1). Oxşar məzmunlu normalar Mülki Məcəllənin 225-ci maddəsində də təsbit edilmişdir. Mülki Məcəllənin 225.4-cü maddəsinə müvafiq olaraq ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Sadalanan maddi hüquq normalarının mənasına görə ər-arvaddan birinin mülkiyyətində olan əmlakın onlar arasında birgə əmlak kimi bölünməsi üçün həmin əmlak nikah müddətində, ər-arvadın birgə vəsaiti (səyləri) hesabına əldə edilmiş olmalı, nikaha daxil olanadək tərəflərdən birinə məxsus olmamalı, həmçinin birgə nikah dövründə əvəzsiz qaydada əldə olunmamalıdır. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il № 1/2024 saylı qərarından görünür ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. Həmçinin nəzərə alınmalıdır ki, ümumi öhdəlikdə payların müəyyən olunması zamanı borclunun əvəz edilməsi həyata keçirilmir. Belə ki, Mülki Məcəllənin 522ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq, öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Digər tərəfdən kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafeləri uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər. 6.38.Bu baxımdan oxşar mübahisələr üzrə ər-arvadın üçüncü şəxslər qarşısında ümumi öhdəliklərinin müəyyən edilməsi heç bir halda kreditorun (kreditorların) razılığı olmadan kredit müqavilələrinin şərtlərinin, o cümlədən kredit müqaviləsi üzrə borcluların və ya onların öhdəliklərinin dəyişməsi kimi başa düşülməməli və mübahisələr bu qaydada həll edilməməlidir. Həmin Qərarının 6.39-cu maddəsinə əsasən ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. Həmin Qərarının 6.40-cı bəndinə əsasən ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2- ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Bundndan başqa məhkəmə həmçinin qeyd edir ki, iddiaçının əsaslandırdığı kimi və Bankın cavab məktubunda qeyd edilmiş “kreditin verilmə məqsədi uşağın dünyaya gəlməsidir” fikrinə münasibətdə məhkəmə qeyd edir ki, həmin kredit müqaviləsindən görünür ki, kredit istehlak məqsədi ilə verilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 746-746-6-cı maddələri istehlak kreditindən bəhs edir. Həmin maddələrin təhlilindən görünür ki, yeni uşağın dünyaya gəlməsi səbəbindən istehlak kreditinin verilməsi nəzərdə tutulmur. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, götürülmüş kredit üzrə iddiaçı tərəfin təqdim etdiyi müalicə xərclərinə sərf olunması barədə sübutlara qiymət verərək müəyyən edilir ki, həmin müalicə xərcləri kredit müqaviləsindən əvvəl olunmuş və ödəyici qismində iddiaçı çıxış etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsaslanaraq, işin hallarını, tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməli, İddiaçı Access Bank” QSC-ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismin qeyd etməklə Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş “kredit müqaviləsinin dəyişdirilərək müqavilə üzrə qalıq borca görə aylıq ödənişlərin yarısının cavabdehin hesabına ödənilməsi”-nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmə məhkəmə xərclərinə əsasən qeyd edir ki, hazırki iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. İddiaçı Access Bank” QSC-ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismin qeyd etməklə Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş kredit müqaviləsinin dəyişdirilərək müqavilə üzrə qalıq borca görə aylıq ödənişlərin yarısının cavabdehin hesabına ödənilməsi”-nə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar